525.Az

Elşad Eyvazlı: "Bu, UNEC-dəki mütərəqqi islahatların nəticəsidir"


 

Elşad Eyvazlı: "Bu, UNEC-dəki mütərəqqi islahatların nəticəsidir"<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı növbəti "Açıq qapı" günü keçirilib.

"Açıq qapı" günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri - Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı və "525-ci qəzet"in  əməkdaşı Sevinc Qarayeva, həmçinin, universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

"Açıq qapı" gününün imtahan sessiyası ilə bağlı keçirilməsinə baxmayaraq, bu məsələyə aid müraciətlər az olub. "Açıq qapı"da rektora ünvanlanan müraciətlər, əsasən qaib limitinin ötməsi və bu səbəbdən imtahana buraxılmama ilə bağlı olub. Tələbə və onların valideynləri buna görə üzrlü səbəblər gətiriblər. Rektor, professor Ədalət Muradov bütün müraciətlərin ətraflı araşdırılacağını və qaydalar çərçivəsində köməklik göstəriləcəyini bildirib. Bunun üçün UNEC-in müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıq verilib.

Bu "Açıq qapı" günündə də imtahan prosesi ilə bağlı, demək olar ki, şikayətlər qeydə alınmayıb. Bu hal İctimai Nəzarət Şurası üzvlərinin də diqqətindən yayınmayıb. Şuranın üzvü, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı deyib ki, imtahanlara dair ciddi şikayətlərin olmaması UNEC-in, onun rəhbərliyinin son illər həyata keçirdiyi mütərəqqi islahatların, şəffaflaşma siyasətinin nəticəsidir. "Bu, həm də onu göstərir ki, yaranmış hər hansı problem dərhal yerində həll olunur, aradan qaldırılır", - deyə  Elşad Eyvazlı vurğulayıb. O deyib ki, ötən illərlə müqayisədə bu il semestr imtahanları zamanı yaranan problemlərlə bağlı müraciət edənlərin sayı xeyli azalıb. Buna səbəb isə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi işlərin görülməsidir: "Ötən illərdə olduğu kimi, bu il də sessiya imtahanlarının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirilir. UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir".

Qeyd edək ki, UNEC rektorunun "Açıq qapı" günləri hər həftənin şənbə günü olmaqla qış imtahan sessiyasının sonuna kimi davam edir.

S.QARAYEVA

 





29.01.2020    çap et  çap et