525.Az

Çoxqütblü dünya artıq reallıqdır


 

ÖLKƏLƏR BİRQÜTBLÜLÜYÜ TƏMİN ETMƏYƏ ÇALIŞMAMALI, HAMI ÜÇÜN SƏRFƏLİ OLAN ƏMƏKDAŞLIQ ELEMENTLƏRİ TAPMALIDIRLAR

Çoxqütblü dünya artıq reallıqdır<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın "Rossiya-24" televiziya kanalına müsahibə verib.

"Rossiya-1" və "Rossiya-24" kanallarında yayımlanan müsahibədə dövlət başçısı bir sıra mühüm məsələlərə toxunub.

Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətində hansı dinamikanın gözlənilməsi barədə danışan Prezident deyib ki, proqnoz vermək çətindir: "Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, "OPEC+" formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də "OPEC+" çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib".

Dövlət başçısı vurğulayıb ki, "OPEC+" sazişinin müddətini uzatmaq məsələsi ən yaxın vaxtlarda müzakirə ediləcək: "Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyllər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var".  Prezident hesab edir ki, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var: "Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyllər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir".

Mövzu ilə bağlı fikirlərini bildirən politoloq İlqar Vəlizadə deyib ki, çoxqütblü əslində, dünyada olan müxtəlif güclərin bir-biri ilə münasibətlərinin tənzimlənməsinə imkanlar yaradır. Bu da hər hansı bir super gücün diktəsi və yaxud da diktə etmək ehtimalını minimuma endirir: "Bir sözlə, müxtəlif güclər (qlobal, regional və s.) var. Onların bir-biri ilə olan münasibətləri dünya siyasətində balanslı siyasət aparmağa imkan yaradır. Bununla belə digər daha kiçik oyunçular müxtəlif güclərlə münasibətlərini quraraq öz yaxın və gələcək perspektivlərini müəyyən edirlər. Azərbaycan məhz belə ölkələrdən biridir". Politoloq əlavə edib ki, Azərbaycan ABŞ, Rusiya, Çin, Avropa İttifaqı ilə, eyni zamanda, regional oyunçular olan Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistanla balanslaşdırılmış siyasət aparır: "Onlar regional güclər sayılırlar. Biz bu ölkələrlə də məhsuldar siyasət aparırıq. Bu gün Azərbaycan müstəqil siyasət aparır. Dünya siyasi sistemində balanslaşdırılmış siyasət imkan yaradır ki, biz öz məqsədlərimizə nail ola bilək, eyni zamanda, digər ölkələrlə də münasibətlərimizi quraq. Yəni onlarla hansısa maraqlar çərçivəsində münaqişə yaşamayaq".

Politoloq Qabil Hüseynli isə Azərbaycanın Davos forumunda hər zaman maraqla qarşılandığını deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar builki forumda Azərbaycanı daha da maraqlı tərəfə çevirib.  O vurğulayıb ki, dövlət başçısına xarici ölkələrin mediaları tərəfindən maraq da xüsusi qeyd edilməlidir: "Prezident Rusiya kanalına qısa müsahibəsində çox vacib məqamlara diqqət çəkib, həm dünyada çoxqütblülük, həm də  birqütblülüklə maraqlı fikirlər səsələndirib. Prezident qeyd edib ki, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var, narahatedici məsələlər var, regionda gərginlik artır. Lakin biz müsbət dinamika da görünür, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Düzdür, bu gün hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Bu, tariix boyu müşahidə olunub, lakin bugünkü dünya nizamının konstruksiyası, o cümlədən, beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. Prezidentin dediyi kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar".

Politoloq  Davos Forumuna toxunaraq deyib ki, bu, dünyada iqtisadi proseslərin tənzimləməyə çalışan, müxtəlif ölkələrə investisiya cəlb edilməsi üçün danışıqlar məkanı kimi böyük iqtisadi platformadır. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev 2007-ci ildən etibarən Davos Forumlarına hər il qatılır: "Bu müddət ərzində həm çıxışları ilə, həm də müxtəlif aparıcı siyasi danışıqlarla ölkəmizin iqtisadiyyatı haqqında ətraflı məlumat verir, eləcə də ölkəyə investisiya cəlb etmək üçün müxtəlif kommersiya qurumları ilə, dövlətlərlə danışıqlar aparır. Bu il dövlət başçısının Davos səfəri daha əlamətdar olub. Belə ki, Davos Forumu Azərbaycan iqtisadiyyatı ilə bağlı İlham Əliyev cənablarının böyük bir məqaləsini hazırlayıb. Davos Forumunun saytında Prezidentimizin ölkəmizin son illərdə inkişafı ilə bağlı böyük bir məqalə dərc edilib. Həmin məqalədə ölkəmizin keçdiyi iqtisadi inkişaf yolu ətraflı işıqlandırılır. Məsələn, ölkə başçısı qeyd edir ki, 2007-ci ildən bu yana Azərbaycanda məcburi məhsul istehsalı iki dəfədən çox, qeyri-neft sektorunun məhsulları isə iki yarım dəfədən çox artıb. Bundan başqa, Azərbaycan iqtisadiyyatı bölgənin super iqtisadiyyatı kimi 50 inkişaf etmiş iqtisadiyyatın içərisinə daxil olmuş və orada 46-cı yeri tutmaqda davam edir. Azərbaycan bu müddət ərzində mühüm enerji və dəmiryolu qovşağına çevrilib. Həmin məqalədə İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolunu iki qitəni birləşdirən və çox böyük səmərəli bir yol kimi təqdim edir və qeyd edir ki, bu yolun çəkilməsi sayəsində Avropa ilə Asiya arasındakı yükdaşımalarının müddəti iki dəfə aşağı salınır və qiymətlərində də ciddi surətdə aşağıya düşmə meylləri müşahidə edilir. Ölkə Prezidenti göstərir ki, Davos Forumunda biz təkcə nailiyyətlərimizi bölüşmürük, həm də ölkəyə yeni investisiyalar cəlb etmək üçün danışıqlar aparırıq. Bundan başqa, dövlət başçısı açıq surətdə bəyan etdi ki, ölkəmizə qarşı təcavüz etmiş və torpaqlarımızın 20 faizini işğal etmiş təcavüzkar Ermənistan bölgədə həyata keçirdiyimiz bütün iqtisadi layihələrdən kənarda qalıb. Bir sözlə, Davos Forumu çox böyük tribuna, platforma Azərbaycan tərəfindən illərdir ki, çox effektli, səmərəli surətdə istifadə edilir və bu istifadə nəticəsində Azərbaycanın inkişaf nailiyyətləri, eləcə də yeni inkişaf modellərinin öyrənilməsinə can atılır".

PƏRVANƏ

 





29.01.2020    çap et  çap et