525.Az

Emosiyaların mesajı - Vüsalə Selcan yazır


 

Emosiyaların mesajı - <b style="color:red">Vüsalə Selcan yazır </b>

Şüurun canlılardan yalnız insana aid olduğu söylənilir. Mövzu elmdə öz təsdiqini tapsa da, real müşahidələr bunu təkzib edir.

Heyvanların da bizim bildiyimiz şüuru var. Şüur dediyimiz bəlkə də, emosiyaların bizdə formalaşdırdığı vərdişlər toplusudur. Həm heyvanlar, həm də insanlar onlara zərər verəcək şeyləri öncə emosiyaların təsiri altında edir. Bu emosiyalar canlılarda şüuru formalaşdırıb. Mən bir dilçi kimi bunun dil-nitq məsələsində də keçərli olduğunu düşünürəm. Emosiyaların bizdə yaratdığı təəssürat təfəkkürü inkişaf etdirməklə yanaşı, dildə ilk sözcükləri yaradıb. Əlimizi oda vuranda dediyimiz "ayy" kəlməsindən tutmuş bu gün işlətdiyimiz sözlərədək...

Emosiyalar şüuru formalaşdırsa da, şüura tabedir həm də. Biz emosiyalarımıza, onlar da şüura yenikdir. Yəni bizi bilavasitə emosiyalarımız idarə edir. Şüur ona ya " stop" deyər, ya da yol verər.

Qədim romalılara görə, insanın sağlam ruhu fiziki bədənin sağlığından asılıdır. Orta əsr Şərq alimləri isə romalıların əksinə olaraq deyirdilər: "Sağlam bədəndə sağlam ruh!" İddia edirdilər ki, ruhumuz bizi idarə edir. Və bunun üçün insan emosiyalarına daim nəzarət etməlidir. Buna elmdə autotreninq deyilir. Hər bir emosiya orqanizmdə spesifik  dəyişiklik yaradır. Misal olaraq, kin ödü hərəkətə gətirərək üzə sarı rəng verir ki, bunun da mülayim təbiətli insanlara zərər, soyuqqanlı insanlara isə əksinə, xeyir gətirdiyini iddia edirdilər. Hətta Nəsrəddin Tusi kinin ölümlə nəticələnə bilən ağır xəstəliklərə yol açdığını söyləyirdi. Onun bu barədə maraqlı bir fikri də var: "Kinin müalicəsi onun səbəbini aradan qaldırmaqdan ibarətdir, çünki səbəb gücləndikcə, nəticə də güclənər". Bundan başqa, güclü qəm-kədər ürək-damar sisteminə mənfi təsir göstərir, sevinc hissi bədəni sağlam saxlayar və insana xoş əhval-ruhiyyə bəxş edir. Bunu normalda hamımız müşahidə edə bilərik. Hətta kardioloqlar da əsəb və stressin verdiyi kədərin qan damarlarının fəaliyyətini aşağı saldığı üçün həmin zamanlarda yürüş etməyi, fiziki iş görməyi məsləhət bilirlər. Bu da ürək infarktının qarşısını alır. Bu sıradan utancaqlıq barəsində də yazmaq istərdim. Həddən artıq utanan adamlarda güclü tərləmə baş verir, utancaqlıq rəngə sarılıq gətirir. Hətta özümdən bildiyim bir təcrübəm də var: Səsə təsir edir. Müəyyən qədər səsin batmasına səbəb olur. Bu misalları uzatmaq da olar.

Ümumiyyətlə, istər mənfi, istərsə də müsbət emosiyalar bizi bəzən bizdən asılı olmayaraq da idarə edir. İnsan psixoloji gərginlik yaşadığı zamanlarda mənfi emosiyalar öz enerjisini ondan yan keçirmir. Hər kəs onu xoşbəxt edə biləcək səbəb(lər)i tapmalıdır. Mənə görə, insan onda kin, kədər, stress yaradan mənfi emosiyaları hər hansı bir sevdiyi işlə məşğul olarsa, cilovlaya bilər. Mənfi emosiyaları bəzən bizdə kənar adamlardan gələn enerji yaradır. Həyatda hər şeyin enerjidən ibarət olduğuna inanan bir adam kimi düşünürəm ki, emosiyalarımızı da enerjilər qidalanadırır. Enerji mövsuzunda sonra danışacağam.

Orta əsrlərdə yaşayan alimlərin bir çoxu gülüşü mənfi emosiyaların insanda yaratdığı xəstəliklərə qarşı bir dərman olaraq önərirdilər. Hətta gülüşü göz dəyməni, cadunu qovmaqda ən münasib mübarizə üsulu kimi təlqin ediblər. Müasir tibbdə də həkimlər gülüşlə bir çox xəstəliklərin öhdəsindən gəlmək mümkün olduğunu təsdiq edir. Dünya tibb sahəsində gülüş idmana bərabər tutulur. Bəzi ölkələrdə "Gülüş terapiyası" deyilən müallicə metodu da var. Həkimlərin iddiasına görə, gülüş zamanı ən az 17, ən çox 43 əzələ hərəkətə gəlir. Gülüş qan dövranının yaxşılaşmasına, infarkt riskinin azlamasına, çəkinin itməsinə, təzyiqin, qan şəkərinin normallaşmasına, onkoloji xəstəliklərinin müalicəsinə kömək edir. Orta əsrlərdə yaşamış alim Əbu Osman-əl Cahiz gülüşün müalicəvi xüsusiyyətlərindən bəhs edərkən deyirdi: "Gülüş piyin yığılmasına və qanın çoxalmasına səbəb olur. Əgər güldürmək və gülmək eybəcər sayılsaydı, gözəl bir əşya, imarət görəndə deməzdik ki, o, sanki, gülür!"

Niyə həmişə deyirlər qadınlar onları güldürən kişilərlə daha çox vaxt keçirmək istəyirlər?!  Güldürmək hər adamın bacara bildiyi sənət deyil. Bu tip insanlar bir növ həkim rolunu oynayırlar. Kaş həyatınızda belə həkimlər ola.

Biz, əslində, özümüz də bilmədən öz taleyimizi yazır, yaşımızı müəyyənləşdirir, sağlamlığımızı idarə edirik. Hislərimizi nə qədər doğru-düzgün idarə edə bilsək, sağlamlığımızı da bir o qədər məhbəsdən azad etmiş olarıq. Sağlam təfəkkür, sağlam düşüncə  sağlam ruh deməkdir.

Möcüzəni göylərdə axtarmağa ehtiyac yoxdur, möcüzə elə özümüzük. Yaradılışın bir çox sirləri elə insanda gizlidir. Sadəcə, onu kəşf etmək lazımdır.

 





30.01.2020    çap et  çap et