525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

  Milli dinlər bir qrup, yaxud cəmiyyətə xas olan dinlərdir. Bəzən milli bir dinin hakim olduğu çevrədən ümumbəşəri bir dinin çıxdığı (Hinduizmin hakim olduğu Hindistandan Buddizmin çıxdığı kimi), bəzən də ümumbəşəri bir struktura sahib dinin milliləşdirildiyi görülür (yəhudi dini kimi).

Milli dinlərdən bəziləri ilə tanış olaq:Konfusiçilik: Hal-hazırda Çində Yəhudilik, Xristianlıq və İslamdan başqa rəsmi səciyyəyə malik üç din vardır. Bunlar Konfusiçilik, Taoizm və Buddizmdir. İlk iki din milli, üçüncüsü isə ümumbəşəri xarakterlidir. Konfusi (Kunq Fu-Tzu) miladdan öncə 551 - 479-cu illər arasında yaşamışdır. Üç yaşında atasını itirmiş, on beş yaşından etibarən özünü elmə sərf etmişdir. Elmdə şagirdlər yetişdirməklə bərabər siyasətlə də məşğul olmuşdur. Əlli yaşında ikən ona dövlət məclisində vəzifə də verildiyi söylənilir. Konfusi əxlaq təlimçisi kimi görünsə də dövrünün dini ayin və mərasimlərinə önəm vermiş, hər şeyi idarə edən ilahi bir inayətə böyük bağlılıq nümayiş etdirmişdir. Çin ənənəsində göy əhəmiyyətli yer tutur.

Konfusi göyün rəbbi anlamında Tyen deyilən bir Uca Varlıqla əlaqəsi olduğunu iddia edirdi. Tyen insanlar və bütün varlıqların qədərini təyin edən qüdrətdir. Konfusi bəşəri münasibətlərdə daxili təmizliyi, səmimiyyəti və doğruluğu önə çəkirdi. Doğru olan bir şeyi görmək və bunu etməmək cəsarətsizlikdir. İnsanlar doğruluq üçün dünyaya gəlmişlər. Özünü elmə həsr edənlər üstün və böyük insanlardır. Böyük və üstün insanlar davranışlarında düşüncəli və diqqətli olurlar, üz ifadələrində səmimiyyətə, sözlərində nəzakətə üstünlük verirlər, valideynlərinə qarşı gözəl davranırlar. İnsanın rahat bir həyat sürə bilməsi üçün orta yolu tutması, ifratçılıqdan çəkinməsi, yaxşılığa yaxşılıq, pisliyə isə ədalətlə cavab verməsinin zəruriliyi qeyd olunur. İsrafçılıq pislənir, qənaətcillik təqdir olunur. Konfüçyüs ədalət və mənfəəti bu cür dəyərləndirir: "Yüksək insan ədaləti, alçaqlar isə mənfəəti anlar". Hökmdarın riayət etməsinin gərəkdiyi başlıca əsaslar xalqın güvənini və sevgisini qazanmaqdır. Əgər insanlar qorxu və dəhşətlə itaətə məcbur edilərsə idarə edənlə idarə olunan arasındakı rabitə qırılar, əxlaq sarsılar və fəsad meydana gələr.

Evin kişisi ailəsi həyatda ikən onu tərk edib uzaq diyarlara getməməli, ailə fərdlərini düzgün və nəzakətlə tərbiyə etməlidir. "Özünə uyğun olmayan kəslərlə dostluq etməmək" Konfusinin başlıca tövsiyələrindəndir. Dostluq faydalı və zərərli olmaqla ikiyə ayrılır: "Dürüst, səmimi və anlayışlı  bir dost faydalıdır, ikiüzlü, hiyləgər və çox danışan bir dost isə zərərlidir". Konfusiliyin əxlaq sistemi cəmiyyət və millət üçündür. Məqsədi milləti siyasi bir tərbiyə ilə səadətə qovuşdurmaqdır. Konfusinin əxlaq anlayışı dövlət idarəçiliyində də keçərlidir. Məmləkəti idarə etmək xalqı doğru yola yönəltmək deməkdir. Məmləkətinə xidmət etməkdən boyun qaçıran kimsəyə ağıllı deyilməz. Bir ölkəni idarə etmək üçün zəruri olan ilk şey dili doğru-dürüst bilməkdir. Çünki düşüncəni ifadə edən yeganə vasitə dildir. "Düşüncələr yaxşı ifadə edilməzsə, edilməsi gərəkən şeylər yaxşı edilməz. Gərəkli şeylər edilməzsə əxlaq və mədəniyyət pozular. Əxlaq və mədəniyyət pozularsa ədalət yolunu azar. Ədalət yolunu azarsa gücsüzlüyə və sərxoşluğa düçar olar, nə edəcəyini, işin hara varacağını bilməz. Buna görə də söylənilən sözü doğru söyləmək lazımdır. Bundan ötrü heç bir şey dil qədər mühüm deyildir". Konfüçyüsə görə hökuməti idarə etmək üçün iqtidarda olan şəxsin beş üstün şeyə dəyər verməsi və dörd pis şeydən çəkinməsi gərəkdir. Beş üstün şey: ifrat dərəcədə xərc sərf etmədən faydalı olmaq, xalqına peşmanlıq gətirməyən vəzifələr vermək, acgözlük etmədən istədiyi şeyi almaq, qürurlu olmadan etibar qazanmaq, qorxunc olmadan uca olmaqdır. Dörd pis şey isə: xalqı öyrətmədən ölümə sürükləmək, buna "zülm" deyilir. Xəbərdar etmədən ani olaraq iş yükləmək, buna "təzyiq" deyilir. Tələsik olmayan əmrlər çıxarıb bunların dərhal yerinə yetirilməsini tələb etmək, buna "qəddarlıq" deyilir. İnsanlara bir şey verərkən, yaxud mükafatlandırarkən xəsis davranmaq, buna "yersiz davranış" deyilir. Konfusinin məzarı bir ziyarətgaha çevrilmişdir. Onun adına çox sayda ibadətgahlar qurulmuşdur. Şagirdləri onun və öncəki Çin hakimlərinin söylədiklərini iki kolleksiyada toplamışdırlar (beş klassik, dörd kitab). Dörd kitab XI əsrdə Sunq xanədanı zamanı toplanılmışdır. Bu kolleksiya idarəçilik təliminin təməlini təşkil edirdi. İdarəçilər məmur götürmək üçün verilən imtahanlarda bu kitablardan istifadə edirdilər. Konfusiçilik 1912-ci ilə qədər Çində rəsmi dövlət dini olmuşdur.

Taoizm. Bu din "Tao" qavramı üzərində qurulmuşdur. Özünəməxsus ayinləri və bu ayinlərin qədim bir ənənəsi vardır. Bahar bayramında tonqal qalanır, taoist rahiblər yarıçılpaq halda odun üstünə düyü və duz ataraq ayaqyalın qaçıb odun üzərindən tullanırlar. Çin filosofu və taoizmin qurucusu Lao-tzunun Konfusi ilə eyni əsrdə yaşadığı söylənir. Əsl adı Li Tandır. Lao-tzu ona verilmiş ləqəbdir və "qoca alim" mənasına gəlir. Onun təliminin əsası mistik bir panteizmdir. Təlimdə zahidlik başlıca yer tutur. Tao dünyanı idarə edən səbəbdir. O, gözlə görünməz, eşidilməz və qavranılmazdır, əzəli və əbədidir, öz-özünə mövcuddur, heç bir təsvirə sığmaz. Hər şeyin təməli Odur. Təbiət və kainatın var olması Onun sayəsindədir. O, hər şeyin arxasında və altındadır. Hər şeyi yaradan və bəsləyən də Odur. Buna görə də Tao bəzən "Ana" da adlandırılır.Taodan bir doğar, birdən iki: Yin və Yanq; ikidən üç: Yin, Yanq və nəfəs; üçdən yaradılmış kainat. Tao göyün və yerin qaynağı, yaradıcı, eyni zamanda yaşadıcı prinsipdir. Hər şeyi yaradan Taonun heç bir şeyə ehtiyacı yoxdur. Başqa güclərlə rəqabət etməz.

Lao-tzu öz təlimlərində əxlaqi dəyərlər üzərində də dayanmışdır. Nümunəvi insan yaxşı, mərhəmətli, sadiq, dürüst və təvazökar olmalıdır. Amma onun bu keyfiyyətlərə yetişmək üçün tövsiyə etdiyi yol mənfidir. Belə ki, Vu vey (heç bir şey etməmək, sükunət) prinsipi taoizmin idealıdır. İnsan dünyanın nizamına tabe olaraq yaşamalı, səy göstərmədən Taonun qanunlarına tabe olmalıdır. Taoizmə görə əxlaqi prinsiplər sadəcə fərdlər üçün deyil, millətlərarası münasibətlər üçün də keçərlidir. Sayğı və itaətlə hər şeyin əldə olunacağı, sevgi ilə düşmənlərin belə məğlub ediləcəyini, qadının etiraz etmədən itaət etməsi ilə ərini idarəsi altına ala biləcəyi fikri irəli sürülmüşdür. Lao-tzunun fəlsəfəsi "yaxşılıq edənlərə yaxşılıq edirəm, yaxşılıq etməyənlərə yenə yaxşılıq edirəm. Beləliklə, hamısı yaxşı olur" şəklindədir. Lao-tzu başqalarını tanıyanın zəkalı, özünü tanıyanın ağıllı, başqalarına qarşı zəfər qazananların qüvvətli, öz nəfsinə qarşı zəfər çalanın isə qüdrətli olduğunu bildirir. Onun fikrincə nəzakət insanı ucaldır və diqqətəlayiq edir, iqtisadiyyat müstəqillik qazandırır. Təvazökarlıq isə insanı qabiliyyətli edir. Halbuki insanlar nəzakəti tərk edərək qaba, iqtisadiyyatı buraxıb asılı, təvazökarlıqdan imtina edib qabiliyyətsiz olurlar. Taoizmdə ilahi dinlərdəkinə oxşar yaxşılıq və pislik, təvazökarlıq və qənaətkar olma kimi əxlaqi prinsiplər mövcuddur. Amma ölüm və ölüm sonrasından bəhs edilməsinə baxmayaraq cənnət və cəhənnəm mövzusunda aydınlıq yoxdur. Bununla yanaşı ruhun ölümsüzlüyü və dünyada yaxşı bir həyat sürənlərin Tao ilə yanaşı olacağı kimi anlayışlara rast gəlinir.

Şintoizm. "Şinto" tanrıların yolu deməkdir. Çin dilində "şin" və ya "şən" təbiət ruhu, tanrı, "to" ("tao") yol mənasına gəlir. Yaponlarda "Kami no miçi" şəklində ifadə edilən şinto yaponların yerli dini inanclarının ifadə etmək üçün işlədilmişdir. Yaponlar VI əsrdə Buddizm Yaponiyaya gəldikdən sonra öz əski dini inanclarını buddizmdən ayırmaq üçün "şinto" deyimini işlətmişdirlər. Şintoizm məhz bu deyimdən törəmişdir. Şintoizm milli, ibtidai, politeist, digər dinlərə təzyiq göstərməyən və rəsmi inanc sisteminə malik olmayan bir dindir. Bu dinin qurucusu yoxdur. Tipik din olan şintoizmdə təbiətə pərəstiş önəmli yer tutur. İmperatora tapınma bir ayin halını almışdır. İmperator kultu dövləti şintonun dəstəyinə bağlamışdır. Yaponiyanın İkinci Dünya Savaşında məğlubiyyətindən sonra şintonun dövlətə nəzarət etməsi aradan qaldırılıb, imperator özünün tanrı olmadığını və artıq tanrıların nəsli olaraq ona tapınılmayacağını açıqlamağa məcbur olub.

Şintoizmdə səkkiz milyon tanrının mövcud olduğuna inanılır. Bunların ən böyüyü Günəş Tanrıçası Amaterasudur. Atəş tanrısı "Ataqo" önəmli tanrılardan olub təhlükəlidir. Şintoistlər Amaterasunun mərkəzi ayin yeri İsəni ziyarət edib "hacı" olurlar. Bundan başqa şintoistlər ay, dəniz, fırtına və atəş tanrısından tutmuş qida, ev, ocaq, mətbəx, müəyyən yerlər, yollar, müxtəlif məsləklərin tanrılarına qədər çox sayda tanrının daxil olduğu bir panteona (allahların şərəfinə tikilən məbədə) sahibdirlər. Dünyanın idarə edilməsi bir tanrılar məclisinin əlindədir.

İbadət dua və qurbanlardan ibarətdir. Qədimdən heyvan qurban edilməsinə baxmayaraq, bu gün heyvan qurbanı yoxdur. Öz istəkləri ilə insan qurbanı olurdusa bu gün artıq belə bir ayin icra olunmur. İmperator Meycinin qəbrə qoyulduğu gün general Noqi və arvadı "harakiri" (qarnına bıçaq saplayaraq özünü öldürmə) ilə özlərini qurban ediblər.

(Ardı var)

 





16.11.2013    çap et  çap et