525.Az

İnsan alverinin qurbanları: səbəb və nəticələr


 

İnsan alverinin qurbanları: <b style="color:red">səbəb və nəticələr</b>

Qloballaşan dünyanın dəhşətli problemlərindən biri də insan alveri ilə bağlıdır. Sahə gəlirli olduğundan bu yolla pul qazananların sayı da getdikcə çoxalır. Heç təsadüfi deyil ki , bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur. Bəs insan alveri nə deməkdir ? Traffiking (insan alveri , ingiliscə: Trafficking in human beings , almanca: Menschenhandel) – Eksplantasiya məqsədi ilə insan alveri , o cümlədən insanların satın alınması və ya satılması , oğurlanması , girov götürülməsi , bu məqsədə xidmət edən və ya digər cinayət nəzərdə tutulur.

Bu məqsədlərə qadın alveri , insan orqanlarının alveri , cinayət dəstələrinin yaradılması və s. aid edilə bilər. İnsan alverinə məruz qalanlar arasında qadınlar , kişilər və uşaqlar da olduğundan bu problem demək olar ki , cəmiyyətin bütün fərdlərinin problemidir və çözümü də hərtərəfli yanaşma , daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir.Hazırda bu bəladan bütün dünya əziyyət çəkir.  İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə bu gün dünyada 27 milyon insan qul vəziyyətindədir.  ABŞ-ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir gətirən kriminal sahə olduğunu vurğulayır. ABŞ-ın “İnsan alveri 2005” adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan kimi MDB ölkələri göstərilir.

 Bu gün məlumatını televiziya , radio və ya hansısa digər informasiya vasitəsindən öyrəndiyimiz , bəzən filmlərdə şahidi olduğumuz hadisələr əslində həyatın içində, bəlkə də diqqətli olsaq, elə gözümüzün önündə baş verir. İnsan alverçiləri öz ovlarının necə və hardan seçəcəklərini də yaxşı bilir. Araşdırmalar göstərir ki , insan alverinin qurbanına çevrilən xanımların yaş həddi əsasən 20-35 yaş arasında olur. İnsan alverçiləri bu yaşda olan qızları öz işlərinə daha çox cəlb edirlər. Kişilər arasında da bu yaşda olanlar insan alverinin qurbanına çevrilir. Belə ki, adətən, 25-40 yaş arasında olan kişilər daha güclü olduğundan insan alverçiləri onları istismar edirlər. Çox təəssüflər olsun ki , bu gün  Azərbaycanda da bu problem mövcuddur. Məsələnin ən acınacaqlı tərəfi isə bu qurbanlar arasında azyaşlı uşaqların olmasıdır. Azərbaycanda insan alverinin qurbanına çevrilən uşaqlar isə bu işə adətən 7-8 yaş qruplarında cəlb olunur. Bu yaşda olan uşaqlar dilənçilik etməklə daha çox gəlir gətirən hesab olunur. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs gündəlik bu uşaqlarla rastlaşır, hətta özlərini o uşaqların valideyni kimi göstərənlərin körpələrlə necə rəftar etdiyinin də şahidi olur. Bu, çox ürəkağrıdıcı bir haldır.

Əslində insan alverinin bir neçə növü var. İnsanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. İnsan alverinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bəli, bu bəla artıq bütün dünyanı cənginə alıb. Bu ağır cinayət hadisələri Azərbaycanda da az deyil. Artıq demək olar ki, günaşırı aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Azərbaycanda insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır.  Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün ölkə daxilində də qadın alverçiləri kifayət qədərdir. Özləri əxlaqsızlıq edənlərlə insan alverinin qurbanlarını qarışdırmaq olmaz. Bir sıra insanlar var ki, onlara hansısa iş təklif olunanda özləri bu işin sonunun riskli olduğunu, əldə etdikləri qazancın normal yolla əldə olunmadığını bilirlər. Buna baxmayaraq, imkansızlıq üzündən bu yola getdiklərini bildirirlər. Hətta bu yolu dəbdəbəli həyat yaşamaq xatirinə seçənlər də az deyil. Bir çox qadınlar isə müxtəlif zorakılığa məruz qaldıqlarından bu yola düşürlər. Bəziləri  xarici ölkədə işləyəndə daha çox qazanacaqlarını , gedəcəyi ölkədə onu tanımayacaqlarını  və orada daha rahat olacaqlarını düşünüb yaxşı pul qazanmağı, qayıdıb Bakıda ev almağı, bəzən ümumiyyətlə bir müddətdən sonra bu işi atacağını düşünürlər. Amma necə deyərlər-”sən saydığını say, gör fələk nə sayır”. Həmin qadınlar xarici ölkədə bir müddət işlədikdən sonra müəyyən problemlər ortaya çıxır. İş verən tərəfindən qarşılarına şərt qoyulur ki, sizin borcunuz var. Sənədlər götürülür, qarşılarına müəyyən miqdarda pul ödənilməsi kimi tələb qoyulur və onların ölkəyə qayıtmasına imkan verilmir. Elə bir şərait yaranır ki, Azərbaycanda əxlaqsızlıqla məşğul olan və könüllü surətdə, xaricdə nə işlə məşğul olacağını bilə-bilə o ölkəyə gedən insan artıq könüllülükdən çıxır və insan alverinin qurbanına çevrilir. Nə deməkdir insan alverinin qurbanı? Əgər orda işləməyə gedən qadın həmin yerdən qaça bilərsə, kiminləsə əlaqə yarada-səfirliyə gedə, hansısa bir tanışına müraciət edə bilərsə, işindən imtina edərsə, artıq həmin qadın insan alverinin qurbanı yox, əxlaqsızlıqla məşğul olan qadındır. Yox, əgər həmin qadının sənədlərini götürüb, özünü də bağlı yerdə saxlayır və heç kimlə əlaqə yaratmasına imkan vermirlərsə, qadın döyülür, şantaj edilirsə, artıq həmin qadın insan alverinin qurbanıdır.

Əgər insan alverinin qurbanı Azərbaycana qayıda bilibsə, bu, böyük möcüzədir. İnsan alverinin qurbanına çevrilən qadınların Azərbaycana, öz ölkəsinə qayıtması çox çətindir.

Yuxarda qeyd etdiyim kimi , bəzi qadınlar bu addımı  onlara qarşı zorakılıq olunduğu, həyatlarından bezdikləri  və bunu çıxış yolu kimi  gördükləri üçün atırlar. Təbii ki , bununla kimsə özünə haqq qazandıra bilməz, lakin qadınlara qarşı zorakılıq halları günümüzün aktual problemidir. Bildiyimiz kimi,qadın cəmiyyətin ən əsas qüvvələrindən biridir.  Lakin çox təəssüf ki, cəmiyyətdə bir çox insanlar, demək olar ki,əksərriyət qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif təzyiqlər  göstərirlər.Çox acınacaqlı  haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdalanması,onların şəxsiyyətinin alçaldılması,cəmiyyətdə hökm sürən avamlıq, insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır. Bunlardan biri də elə gender bərabərsizliyidir.  Artıq cəmiyyətdə tez-tez rast gəldiyimiz bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar,qadın birlikləri fəaliyyətdədir.Lakin buna baxmayaraq, yenə də qadın zorakılığının sayı artmaqdadır. Azərbaycanda zorakılığa məruz qalan  qadınlarla bağlı sığınacaq yoxdur, baxmayaraq ki , beynəlxalq öhdəlik qəbul edilib. Qadınlarımız müxtəlif formalarda təzyiqlərə məruz qalırlar. Kriminal xəbərləri izləsək, elə burada nə qədər ictimailəşmiş fakt var. Amma sığınacaq yaradılmır, nəticədə zorakılığa məruz qalan  qadınların həyatı təhlükədə olur , hər hansı səhv addım atırlar .

Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir.  Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi,  bizdə də qadınlara qarşı zorakılıq hələ də mövcuddur.  Qadına qarşı zorakılığı “ailə” və ya “şəxsi” məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qəbul etmək yolverilməzdir. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün  ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur.

Qeyd edim ki, məişət zorakılığı qurbanları da potensial insan alveri qurbanlarıdır. İstər məişət zorakılığından, istərsə də insan alverindən zərərçəkən  şəxslərin bu problemlə qarşılaşmasının başlıca səbəbi iqtisadi problemlərdir. Məişət zorakılığından zərərçəkənlərin  əksəriyyəti iqtisadi baxımdan həyat yoldaşından asılı olur, qadın təhsilsiz olduqda və bir də uşaqları olduqda vəziyyət daha da qəlizləşir. İqtisadi baxımdan asılı olan qadın status baxımından da ikinci dərəcəli olur. Bu isə onun zorakılığa məruz qalmasına gətirib çıxara bilir. Boşanan qadını ailə və cəmiyyət bir çox hallarda qəbul etmədiyindən qadın zorakılığa boyun əyir. İnsan alverini yaradan əsas səbəblərdən biri də məhz elə iqtisadi amillərdir. İqtisadi durumun dözülməz olması bəzən zərərçəkənləri insan alverçilərinin toruna asanlıqla salır. İnsan alverçiləri isə öz qurbanlarını hardan və hansı üsullarla cəlb edəcəklərini yaxşı bilirlər. Lakin bir nüansı da qeyd edim ki, insan alverçiləri bəzən bizim ən güvəndiyimiz, yaxınlarımız da ola bilər – bəzən valideyn, bəzən həyat yoldaşı və s. Bütün bunlardan heç kəs sığortalanmayıb. Lakin maariflənməklə həm məişət zorakılığı, həm insan alveri ilə mübarizə aparmaq olar. Gəlin qadınlarımızı və deməli, həm də özümüzü qoruyaq.

Samirə QULİYEVA

 





17.11.2013    çap et  çap et