525.Az

Ölüm səssizliyi - Türkan Turandan yeni yazı


 

Ölüm səssizliyi - <b style="color:red">Türkan Turandan yeni yazı </b>

Kişi qadına sual verir: Fərz et ki, iki yanğınsöndürən kiçik bir yanğını söndürmək üçün meşəyə girir. İşləri bitdikdən sonra yaxınlıqdakı göl kənarına gəlirlər. Birinin üzü tamamilə hisə bulaşmışkən digərinin üzü tərtəmiz olur. Sualım budur: Səncə, bu ikisindən hansı həmin suda üzünü yuyacaq?

Qadın sualın yersiz olduğunu dilə gətirir, amma yenə də cavab verərək "təbii ki, üzü hisə batmış olan" deyir. Kişi gülümsəyərək cavabın yanlış olduğunu söyləyir və əlavə edir: "Üzü kirli olan digərinə baxacaq və öz üzünün də onunku kimi təmiz olduğunu sanacaq. Üzü təmiz olan isə üzü kirli olan həmkarını görüb öz-özünə "mənim də üzüm his içindədir, ən yaxşısı yuyunum" deyəcək". Qadın təəccüblənir, qaşlarını çataraq soruşur: "Nə deməyə çalışırsan?" Kişi bu dəfə gözünü uzaqlara zilləyərək dərindən ah çəkir: "Demək istəyirəm ki, sevdiyim qadınlarda həmişə özümü axtardığımı anladım. Onların sevgi dolu, tərtəmiz üzlərinə baxıb, öz üzümə yansımağını gördüm. Onlar isə mənə baxaraq üzümdəki kiri gördülər, nə qədər ağıllı, nə qədər özgüvənli olurlar olsunlar, öz əkslərini məndə görməkdən əl çəkərək göründüklərindən daha çirkin olduqlarını düşündülər".

Susdular. İkisi də heykəl kimi oturduqları yerdə donub qalmışdılar. Səssizliyi yenidən kişinin cümlələri pozdu: "Əslində, o qadınla da belə oldu. Məsələ burasındadır ki, mən bunu indi dərk edirəm. Baxışlarının necə soyuduğunu, münasibətinin necə dəyişdiyini indi xatırlayıram. Daima onun içindəki sevinci, enerjisini sümürdüm. Bundan həmişə xoşbəxt oldum. Özgüvənim oxşandı. Qanadlanıb uçdum. Məhz onun sevgisinin sayəsində özümdə daha da irəliyə gedə biləcək güc tapdım. O isə mənə baxdı və çirkin olduğunu düşündü. Əksildikcə əksildi, tükəndikcə tükəndi".

Qadının ürəyi ağzında döyünürdü. Nəsə demək istəyirdi, amma cümlə qura bilmirdi. Getdikcə söhbətin daha da bulandığının fərqində idi. Bildiyi bütün duaları dayanmadan ürəyindən təkrarlayırdı. Həmin vaxt ən böyük istəyi kişinin bir an əvvəl susmağı idi.

Kişi isə arada sükuta dalır, sonra yeni nəsə xatırlamış kim davam edirdi: "Səssiz-səmirsiz çıxıb getdikdən sonra ilk dəfə itirdiyimi anladım. Dəli kimi hər tərəfdə onu axtardım. Üz tutduğum şəhərlərdə, ölkələrdə, keçdiyim küçələrdə ona bənzəyən kim varsa, hamısının qolundan yapışdım. Birlikdə getdiyimiz yerlərdə günlərlə boş-boş oturdum, bəlkə gələr deyə düşündüm. Amma heç vaxt onu görə bilmədim".

Qadın dinlədikcə haldan hala düşürdü. Artıq nəfəsinin daraldığını görür, hətta boğulduğunu hiss edirdi. Bir tərəfdən də marağına güc gələ bilmir, nə baş verdiyini anlamağa çalışırdı. Yenə də ürəyini rahatlatmaq üçün sakitcə "artıq dinləmək istəmirəm" dedi.

Kişi hərdən fikrə gedərək susur, sonra yenidən danışırdı. Sanki dəqiqələr keçdikcə beyni uyuşurdu, çünki ətrafdan gələn səsləri eşitmir, ağzından çıxan sözlərin fərqində deyildi: "Bilirsən, hər dəfə mən onu tərk edirdim, "ayrılaq" deyib onu havalandırırdım. O da məni itirməmək üçün yalvarır, ağlayır, bir sözlə, sürünürdü. Əslində. ilk vaxtlar onun göz yaşını görmək ürəyimi sızıldadırdı. Amma sonradan bundan zövq aldığımı sezdim. Elə hey onu sancmağa başladım, hamının hirsini, canımdakı yorğunluğu, hətta sıxıntılarımın acığını da ondan çıxırdım. Mesajlar yazırdı, cavab vermirdim, zəng edirdi, telefonu açmırdım. Məsələ burasındadır ki, heç "otboy" da etmirdim. Adını ekranda gördükcə, mənsizlikdən necə qıvrandığını seyr etdikcə eqomun tumarlandığını hiss edirdim. Elə bilirdim, sonsuza qədər mənim üçün savaşacaq, düşünürdüm ki, heç vaxt getməyəcək. Amma getdi! İndi mənim içim ölüb. Onsuzluqdan başqa heç nə hiss eləmirəm. Artıq gözləmirəm, ümid etmirəm, çünki bilirəm ki, heç vaxt qayıtmayacaq".

Kişi danışdıqca qadın onun ruh halının necə alt-üst olduğunu görürdü. Bu dəfə yavaşca ayağa qalxdı, çöldəki soyuğa əhəmiyyət vermədən pəncərəni açdı, içəri buz kimi hava doldu, amma heç biri bunu hiss etmədi. Qadın yenidən oturduğu yerə qayıtdı və təmkinlə sual verdi: "Bəs, indi hardadır?"

O an kişinin canından bir üşütmə keçdi və birdən dərin yuxudan ayılmış kimi oldu. Bayaqdan davam edən sakitliyi getdi, yerini təşviş, qorxu, narahatlıq aldı. Daha axıcı danışa bilmirdi, dili titrəyirdi, bu da ağzından çıxan cümlələri eybəcərləşdirirdi: "İndi hardadır, kiminlədir, bilmirəm. Əslində, dünyanın ən tənha, hətta kəşf edilməmiş adasında yaşamasını istəyirəm. Amma başqası ilə bir yerdə olduğunu ağlıma gətirmək istəmirəm. Görürsən, yenə də öz eqomu düşünürəm".

Qadın artıq səbrini basa bilmədi: "İndi bütün bunları mənə danışmaqla nə demək istəyirsən?"

"Xahiş edirəm, bunları sənə yaşatmağıma icazə vermə!" dedikdən sonra gözünü açıq qalmış pəncərədən çölə zillədi. Otağa yenidən ölüm səssizliyi çökdü.

 





01.02.2020    çap et  çap et