525.Az

Kaliforniya televiziyasında Azərbaycana dair veriliş yayımlayıb


 

Kaliforniya televiziyasında Azərbaycana dair veriliş yayımlayıb<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatının ən böyük xəbər telekanallarından biri olan “KUSI News” Azərbaycana dair veriliş yayımlayıb. Canlı yayımlanan verilişdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev iştirak edib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, aparıcıların Azərbaycana dair suallarını cavablandıran Nəsimi Ağayev xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratması, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi, bu gün respublikamızın müstəqil dövlət kimi inkişafı, enerji siyasəti, qitələrarası nəqliyyat qovşağına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yaxşılaşdırılması, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşaması, multikulturalizmin dövlət siyasəti olması, turizm imkanları və digər mövzular barədə tamaşaçılara məlumat verib.

Baş konsul N.Ağayev, həmçinin San Dieqo ilə Bakı arasında 10 ilə yaxındır qurulmuş əlaqələrdən söhbət açaraq, Azərbaycanın bu şəhərdə tanıdılması məqsədilə baş konsulluğun keçirdiyi tədbirlər, xüsusilə Qara Qarayevin “Yeddi Gözəl” baletinin bir neçə il əvvəl buradakı nüfuzlu “Civic Theater”də səhnəyə qoyulması, üç mindən çox amerikalı tərəfindən sevilərək izlənməsi, eləcə də digər çoxsaylı tədbirlərin təşkili barədə danışıb.

Müsahibə ərzində Bakının və Azərbaycanın müxtəlif guşələrinin əsrarəngiz gözəlliyini əks edirən videoçarx da nümayiş olunub.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqoda fəaliyyət göstərən “KUSI News” kanalı San-Dieqo şəhərinin və vilayətinin üç milyondan çox əhalisi tərəfindən izlənilir.

 





04.02.2020    çap et  çap et