525.Az

Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib


 

Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib<b style="color:red"></b>

Fevralın 4-də Beynəlxalq Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin aparıcılıq etdiyi gecədə əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunub. Daha sonra AYB və ölkəmizin Macarıstanındakı səfirinin yubilyara təbriki səsləndirilib.

Tədbirdə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub. “Hələ gənc yaşlarında görkəmli xanəndə, Xalq artisti Arif Babayev haqqında bir povest yazıb. Biz Beynəlxalq Muğam Mərkəzində, bölgələrdə dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O, yüksək daxili mədəniyyəti və özünün musiqiyə xüsusi münasibəti ilə seçilir. Gözəl dostdur, ailə sahibidir, yüksək mədəniyyətə malik bir insandır. Bütün muğam festivallarında həmişə yanımızdadır”, - deyə Xalq artisti bildirib.

Gülhüseyn Kazımlının şərəfli, məhsuldar və Azərbaycan ziyalısına yaraşan bir ömür yaşadığını qeyd edən filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov yubilyarın olduqca dəyərli elmi-tədqiqat əsərlərinin olduğunu diqqətə çatdırıb

Yubilyarı 50 ilə yaxındır tanıdığını söyləyən Xalq artisti Ramiz Quliyev onun muğama, musiqiyə olan diqqət və marağından söz açıb. Bildirib ki, o, uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün də bu sahədə fəaliyyətini yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımıza həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənətimiz üçün dəyərli töhfələrdir.

Tədbirdə yubilyarın şair, yazıçı olmaqla yanaşı, gözəl publisist olduğunu söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov ona təmsil etdiyi qurumun fəxri diplomunu təqdim edib.

Tanınmış yazıçı Səyyad Aran, şair Maşallah Məftun və başqaları yubilyarı təbrik edərək onun yol yoldaşlığı, təşkilatçılığı, təvazökarlığı, özünəməxsus yumora malik insan kimi xüsusiyyətlərindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, Gülhüseyn Kazımlı “Vətən sevgisi”, “Yollarda ömür”, “Mənə inan”, “İnsanın dərki”, “Ümid yeri”, “Heydər Əliyevin yadigarları” və “Seçilmiş əsərləri” kitablarının müəllifidir. Şerlərinə Azərbaycanın məşhur bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnı bəstələnib.

Diqqətə çatdırılıb ki, Gülhüseyn Kazımlı son illərdə muğam ifaçılığımızla bağlı bir sıra kitabların müəllifidir. Hələ uzun illər əvvəl Xalq artisti, xanəndə Arif Babayev haqqında povest qələmə alan publisist daha sonradan Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi olan Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Şair-publisistin yaradıcılıq gecəsində sözlərinə yazılmış mahnılar səslənib, yaradıcılıq yoluna nəzər salınıb.

Gecədə Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Ənvər Sadıqov, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Azad Şükürov, Zakir Əliyev və gənc xanəndələr Almaxanım Əhmədli, Murad Rüstəmzadə, Nisbət Sədrayeva çıxış edib.

İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

 





04.02.2020    çap et  çap et