525.Az

Gücsüzlərin və çarəsizlərin Allahı - Günel Yazdan yeni esse


 

Gücsüzlərin və çarəsizlərin Allahı - <b style="color:red">Günel Yazdan yeni esse</b>

Həftənin birinci günlərini heç sevmirəm. İşlərimin tərs getdiyi bir gün olur həmişə. Yenə belə bir gündə işə getmək üçün evdən çıxdım. Həmişəki kimi yenə tıxac vardı.

Tələsdiyimdən metronun başında şirniyyat satan baba üçün hazırladığım çayı da evdə unutmuşdum. İş yerimə yaxın olduğu üçün soyuq günlərdə ona belə kömək edirdim. Bildiyim qədəri ilə babanın bir qız nəvəsi var. Amma ağır xəstədir. Onun müalicəsinin pulunu yığmaq üçün gəlininin bişirdiyi şirniyyatları hər gün metronun çıxışında satır. Onun nurlu çöhrəsi, gözəl duaları var. Bəzən duasını eşitmək üçün bilərəkdən onun gözünə görsənməyə çalışıram. Bir gün yenə işə gedəndə gözlərim qeyri-ixtiyari həmin babanı axtarırdı. Budur, gördüm onu. Üzü gülür... Elə bir sevinc içindədir ki, mən də gülümsəyirəm. Sanki haradansa xoş xəbər gəlib, elə bil, baba illərdən bəri görmədiyi, səsini eşitmədiyi adamının xəbərini almış kimidir. Bəlkə də, nəvəsini sağaldacaq çarəni tapmışdı. Ətrafa baxır, hər kəslə bu sevinci bölmək istəyir, sanki.

Onun bu ovqatı mənə də hopurdu. Fikrim dağılır, eynim açılırdı. Onun ətrafa dağıtdığı xoş əhval-ruhiyyə mənim də üzümə çilənirdi. Nə yaxşı bu insanın üzündə sevinc hissləri gördüm. Babaya yaxınlaşıb, sevincinin səbəbini soruşdum. Nəvəsini sağaltmaq üçün artıq pulun çox hissəsini yığdığını dedi. "Çox şükür" - deyib babadan uzaqlaşdım.

Metronun "20 Yanvar" stansiyasının "Velotrek" səmtinə çıxanda adamı vahimə basır. Elə bilirsən, bu dəqiqə səni tutub zorla ya Sumqayıta, ya Masallıya, ya da hansısa bir rayona aparacaqlar. Amma hamı mənim kimi bir neçə dəqiqə dözüb, ordan uzaqlaşmağa çalışırdı. Düşünürəm ki, narazı olsaq da, hamımız onları çox yaxşı başa düşürük. Səbəb işsizlikdir. Amma nə yazıq ki, dözə bilmədiyimiz səsdən qulaqlarımızı tutub qaçanda gözlərimizi yummağa məcbur olduğumuz mənzərələr qarşımıza çıxır. Bəlkə də, hər gün qarşıma onlarla dilənçi çıxır. Çoxsu da kiçik uşaqlardır - əyin-başları yırıq-yırtıq, üz-gözləri kir içində və pərişan halda...

Bəlkə də, mənim üçün ən ağır mənzərə ataların öz övladlarının yanında onların istəklərini edə bilmədiyinə görə utanmasıdır. Artıq bu uşaqların atası o utanc hissini yaşamışdılar...

Və beləcə həftənin birinci günü öz ağırlığını hiss etdirmişdi. İçimdə Allaha bu körpələr üçün o qədər dua etmişdim ki, bir gün əlimizdəkiləri bölüşəcək birini tapmayaq deyə. İnsanlar ancaq sevgilərini, sevinclərini paylaşsın. Necə də gözəl olardı, elə deyilmi?

Maraqlıdır, elə həmin gün biri mənə dedi ki, sübh namazına durmayan insanın Allahın adını çəkməyə haqqı yoxdur. O zaman tam anlamamışdım nə demək istədiyini, ona görə də susmuşdum. Amma gün boyu onun sözlərini düşünürdüm. Elə bu düşüncə ilə ofisdən çıxıb, evə getmək üçün yenə metroya üz tutmuşdum. Burda səhər gördüyünüz mənzərənin daha təsirlisini axşamlar görə bilərsiniz. Artıq dilənçilərin sayı və yalvarışları da artıb. Axı axşamlar onları da gözləyənlər var - kimini xəstəsi, uşağı, kimini anası, atası, kimini də döyüb, incidib bu yola məcbur edənlər. Dilənməkdən, yalvarmaqdan başqa çarə yox idi. Onların yanından keçmək üçün atdığımız hər addım bir ümid idi... Bəlkə bu gələn adam 5-10 qəpik verər deyə, sən çatana kimi ürəyində yüz kərə sevinirlər. Amma bu ümidlər çox vaxt puç olur. Elə Allah sözünü də ən çox işlədən məhz onlardır. Yanından keçərkən bir yaşlı nənə "qızım, Allah yolunda mənə kömək elə, evdə xəstə oğlum var" deyir. Bu sözlər çox vaxt şablon olsa da, Allahın adı keçən hər yerdə ayaq saxlamışam. Nənəyə pulu uzadıb, yola davam etmək istəyərkən üstləri təmiz, geyimləri normal olan ana və bala dörd-beş yaşlarında bir qız uşağı gördüm. Onlar dilənmirdilər, qoxusu gözəl olan nərgiz gülü satırdılar. Onların yanından keçənə kimi gözlərimi uşaqdan çəkmirdim. Uşaq başını anasının qarnına sıxıb dayanmışdı sadəcə. Anasının əlində hardasa on dəstəyə yaxın gül vardı... Hava da getdikcə soyuyurdu artıq.

Bəlkə də, bu gün gördüyüm mənzərələrin, yalvarışların təsirindən idi ki, onların yanında ayaq saxlaya bilmədim. Amma sonra uşaq ağlımdan çıxmadı. Metroda gözləyən rəfiqəmə "Anan gülləri çox sevir bilirəm, gəl bu gün anaları sevindirək" dedim. Qayıdıb bir büket nərgizgülü ilə balasına sarılan ananı və rəfiqəmin anasını sevindirdik... Həmin gün gördüklərim məni həm sevindirir, həm də kədərləndirirdi.

Həmin gündən sonra bir həftə ofisə getmədiyim üçün nə babadan, nə də o birisilərdən xəbərim vardı. İşə çıxdığım ilk gün yenə metronun çıxışında şirniyyat almaq üçün gözlərim babanı axtarırdı. Amma yox idi. İkinci gün yenə yox idi. Ordakılardan soruşanda isə "Nəvəsini itirdi deyə daha gəlmir" - dedilər.

Bəlkə də, ən ağır dəqiqələrimi yaşayırdım. Dəfələrlə "Allahım" - dedim. O uşaq təkcə ağır xəstəlikdən yox, həm də imkansızlıqdan, nəm, soyuq divarların verdiyi soyuqdan, ehtiyacdan öldü...

Və anladım ki, Allahın adını tutmağa daha çox haqqı çatan elə kasıblar, çarəsizlər və gücsüzlərdir.

 





05.02.2020    çap et  çap et