525.Az

Çindən dünyaya yayılan bəla: virus, yoxsa siyasi fənd?


 

Çindən dünyaya yayılan bəla: <b style="color:red">virus, yoxsa siyasi fənd?</b>

Son aylar bütün dünyanı silkələyən və SOS siqnalı ilə lərzəyə salan bir hadisə də mənbəyini Çindən götürən ölümcül Koronavirusdur. Artıq hər keçən gün deyil, hər keçən saat ölüm xəbərləri artan virus SARS virusunun qohumu adlandırılır və ilk olaraq ötən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxdı.

Verilən məlumatlara görə, xəstəliyin qurbanlarının sayı beş yüzü ötüb. Daşıyıcıları isə minlərlədir və bu rəqəmlərin artacağı istisna edilmir.

Nədir Koronavirus?

Virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini deyir. Onun sözlərinə görə, korona virusu haqqında bilinən odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur.

Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər. 2002-ci ildə Çində koronavirusun doğurduğu Şiddətli Kəskin Respirator Sindromu (SARS) 774 nəfərin ölümünə bais olmuşdu.

"SARS yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - "Wellcome Trust"dan doktor Joze Golding deyir.

Son zamanlaradək elm üçün naməlum qalan virus Çində kəskin ağciyər xəstəliklərinə səbəb olur. Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif, yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər. Koronavirus qrupuna aid viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə olunan simptomlara səbəb ola bilər. İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilmək şansına malikdir.

Ümumdünya Səhiyyə Təşkilatına görə Koronavirusu tənəffüs problemlərinə səbəb olsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığına da gətirib çıxara bilər. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0-50 faiz arasında dəyişir, yaşlılar bu cəhətdən ən həssas qrupdur.

Virus üçün xüsusi bir müalicə və qorunmaq üçün heç bir peyvənd yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur. Həkim resepti ilə alınan ağrıkəsicilər və ya antipiretik dərmanlar simptomları azalda bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi CDC bildirib ki, isti duş boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər.

Koronavirus hadisələri Uhandakı Cənubi Çin Dəniz Topdan Satış Bazarı ilə əlaqələndirilir. Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronovirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub.

"Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar, - professor Vulhouse deyir, - Növbəti alovlanmanın Çində və ya dünyanın bu hissəsində əmələ gəlməsi heç kimi təəccübləndirməyib".

Xəstəliyin episentri Uhan şəhərində yerləşsə də, Tailand, Yaponiya, Cənubi Koreya və ABŞ-da da belə halların qeydə alındığı göstərilir. Xəstələrin demək olar ki, hamısı Uhana səfər edənlərdir. Əlbəttə, infeksiya baş verərsə, onun ilk simptomları özünü beş gündən sonra göstərir ki, bu da həmin müddətə qədər insanın dünyanın bir yerindən başqa yerinə rahat çatması deməkdir. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir ki, burada mənbə heyvan olub.

Çinin Milli Səhiyyə Komissiyası bildirib ki, əhali Uhan şəhərini tərk etməməlidir. Girişə də məhdudiyyətlər tətbiq olunur. Yayılma riskini minimuma endirmək üçün xəstələr təcrid olunmuş vəziyyətdə müalicə edilirlər. Səyahət edənlərin temperaturunun yoxlanılması kimi bir sıra tədbirlər görülür. Dəniz məhsulları bazarı dezinfeksiya üçün bağlanılıb.

"Spin Doctor" nə deyir? 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də mövzuyla bağlı həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Hər kəs baş verən hadisələri anlamağa, öz düşüncəsi etibarilə şərh etməyə çalışır. Kimisi virusu Çinə ABŞ-ın yaydığını, kimisi Çinin əhali sayını azaltmaq üçün özünün yaratdığını, kimisi çinlilərin ilahi qüvvə tərəfindən cəzalandırıldığını və sair iddia edirlər.

Bir neçə gün öncə jurnalist Həmidağa Məcidovun öz Facebook səhifəsində irəli sürdüyü iddia isə daha maraqlı və düşündürücü idi. O, Koronavirusun olmadığını iddia edir, fikrini isə "Spin Doctor" modeli ilə əsaslandırır: "III kursda oxuyan zaman bizə "PR (Public Relations) və Jurnalistika" fənnini tədris edən təcrübəli PR mütəxəssisi, professor Şəlalə Həsənova bildirmişdi ki, bu cür virusların peyda olması adətən "Spin Doctor" modeli ilə əlaqəli olur.

PR-dan az-çox başı çıxanlar gözəl bilir ki, bu sahədə "Spin Doctor" modeli deyilən bir anlayış var. Nədir "Spin Doctor"? Bu modelin adına ilk dəfə 1984-cü ildə Uilyam Safirin "Siyasi lüğət" adlı əsərində rast gəlinir. "Spin Doctor"un əsas mahiyyəti medianın gücündən istifadə edərək siyasi kataklizmlər, hərbi münaqişələr, çevrilişlər və etiraz aksiyalarını, bir sözlə, bəşəriyyət üçün təhlükə yarada biləcək və insanları narahat edən hadisələri gizlətməkdən, obrazlı desək, ört-bastır etməkdən ibarətdir.

Bunun üçün "Spin Doctor" modelinin ən əsas silahı planetimiz üçün böyük təhlükə hesab edilən qlobal viruslardır. Məsələn, "Quş qripi", "Ebola" və son günlərdə adı dillər əzbəri olan Korona virusu kimi. Hegemon dövlətlər (Məsələn: ABŞ, Çin, Rusiya və s.) öz siyasi fəaliyyətlərinə "don geyindirmək" məqsədilə bu tip reallıqda mövcud olmayan virusları yaradır.

"Spin Doctor" modelinə görə, sözügedən viruslar mövcud deyil. Nəhəng dövlətlər media vasitəsi ilə guya belə virusların mövcud olduğunu yayımlayır və böyük kütlələri qorxunun, təzyiqin təsirində saxlayır. Və beləcə onlar öz istəklərinə çatırlar. Qısası onu deyim ki, "Spin Doctor" modelinin əsas məqsədi başqa bir alətlərlə (siyasi, iqtisadi və digər) siyasi oyunlara, müharibələrə, siyasi gedişlərə olan diqqəti başqa bir sahəyə yönəltməkdən ibarətdir. Sözümün canı odur ki, mən Korona virusunun (Həmçinin, "Quş qripi" və "Ebola" kimi digər qlobal virusların da) mövcudluğuna inanmıram. Bu, Çin dövlətinin hansısa siyasi addımını gizlətmək məqsədi ilə irəli sürülmüş "saxta" bir xəstəlikdir.

Deyəcəksiniz ki, bəs videolarda göstərilən yaralılar, ölülər? Hamı bilir ki, Çin qapalı ölkədir. Burada nə "Google" axtarış sistemi, nə də sosial şəbəkələr fəaliyyət göstərir. Həm də, burada mediaya nəzarət tam olaraq dövlətin əlində cəmləşib. Belə olan halda, saxta virus üçün feyk ölülər, feyk yaralılar tapmaq o qədər də çətin olmur. Siyasətçi deyiləm, amma sizi böyük ölçüdə əmin edə bilərəm ki, Korona virusunun arxasında Çinin hansısa siyasi marağı var". 

"Azərbaycandakı panika Çindəkindən çoxdur" 

Həqiqətən də Spin Doctor modeli dünyada ən çox istifadə edilən və istənilən nəticəni verən üsuldur. Ancaq onun bu məsələlərə nə qədər aidiyyatı olub, olmadığını dəqiqləşdirmək yəqin ki, bu şəraitdə mümkün deyil. Amma Çindəki mövcud vəziyyəti öyrənmək üçün müraciət etdiyimiz Çin Xalq Respublikasında yaşayan azərbaycanlı alim Aqşin Əliyev deyilənləri tamamilə cəfəngiyyat adlandırır. Bu yaxınlarda Çindən qayıdan alim xəstəliyin həqiqətən mövcud olduğunu, amma Çin dövlətinin xəstəliklə mübarizədə mümkün bütün tədbirləri həyata keçirdiyini deyir: "Bu xəstəlik mövcuddur. Bunu təkcə Çin yox, Avropadan tutmuş, Asiyaya qədər bütün dünya alimləri deyirlər. Əgər Çin bunu saxta yaradıbsa, bu, Avropaya, Amerikaya necə gedib çıxıb? Xəstəlik Çinin Uhan şəhərində başladı və alovlanan kimi dövlət müvafiq addımlar atdı, karantin şəraiti, nizami-intizam yaratdı ki, xəstəliyin daha geniş kütləyə yayılmasının qarşısı alınsın".

Alim bu işdə mətbuatın münasibətini bəyənmədiyini, bəzi jurnalistlərin və media qurumlarının məqsədli şəkildə panika yaratdıqlarını deyir: "Bəzi mətbuat orqanları, xüsusən Azərbaycanda bu kimi durumlardan istifadə edib panika yaradaraq, özlərinə xal qazanmağa çalışırlar. Hazırda bir milyard dörd yüz milyon əhalisi olan Çində bu qədər insanın hamısı təşviş içərisindədir ki, bu da dövlətin özü üçün təhlükəlidir. Çünki əgər bu bir siyasət olsa, əhali bundan bezər, dövlətə qarşı çevrilə bilər. Dövlət heç zaman belə bir şeyə qol qoya bilməz. Bu, təbii bir virusdur, hazırda görünən tədbirlər nəticəsində qarşısı da alınacaq. Nəzərə alsaq ki, bu cür viruslar birinci deyil, 2003-cü ildə Çində daha təhlükəli SARS olayı da baş verib və eyni qaydada onun da qarşısı alınıb. Ona görə də bu məsələyə tamamilə elmi yanaşmaq lazımdır.

Bu virus nəticəsində Çinin iqtisadiyyatına trilyon dollara yaxın zərər dəyib, bütün iqtisadi əlaqələr kəsilib, aviareyslər ləğv olunub, turizm dayanıb, idxal və ixrac həddindən artıq azalıb və ya yoxa enib. Bunlar Çinə nə xeyir verə bilər ki?

Çin qapalı deyil, amma mühafizəkar ölkədir. Sosial şəbəkələr olduqca inkişaf edib. Google, Facebook bağlı olsa da, bəzi yerlərdə, məsələn, universitetlərin ərazilərində və ya müəyyən proqramlar vaistəsilə onlardan da istifadə etmək olur. Eləcə də Çinin özünün sosial şəbəkələri, yəni Google, Facebook, WhatsApp-ın ekvivalenti olduqca inkişaf etmiş proqramlardır. Həmin sosial şəbəkələrin üzvlərin sayı dünyadakı bütün sosial şəbəkə istifadəçilərinin sayından bəlkə də çoxdur. Ona görə də Çini Şimali Koreya kimi qapalı ölkə olaraq qələmə vermək doğru deyil.

Bizim mətbuatın ən böyük əskiklərindən biri çox zaman qeyri-ciddi mənbələrə müraciət etməsidir. Pekində səfirliyimiz fəaliyyət göstərir. Həmin səfirlik bu vəziyyət yaranan kimi öz qaynar xəttini elan elədi ki, Çinin bütün vilayətlərində yaşayan həmyerlilərimiz müraciət edib çətinliklərini, ehtiyaclarını bildirsin, eləcə də jurnalistlər ən doğru və rəsmi məlumatı əldə etsinlər. Bizim mətbuat isə hansısa şou jurnalları, zirzəmi qəzetləri və ya şəxsi bloqlar, bloqerlərin məlumatlarına əsaslanıb xəbər hazırlayırlar. Ola bilsin ki, kütlə belə xəbərlərə daha maraqlıdır. Çin öz mediasına ciddi nəzarət edir. Həmin mətbu orqanlar da bir çox dillərdə yayımlanır. Düşünürəm ki, jurnalistlər məhz həmin mətbu orqanlara müraciət etməlidirlər. Həmçinin, bizim mediada elmilik çox aşağıdır, araşdırma zəifdir. Bunun elmi tərəfləri araşdırılmalıdır. Bunun üçün isə təkcə Çin deyil, dünyanın istənilən mətbuatında kifayət qədər material var. Əgər bunlar nəzərə alınsa, daha doğru və güvənli xəbərlər hazırlamaq olar. İnanın ki, Azərbaycandakı panika Çindəkinən çoxdur. Bunun da əsas səbəbi qeyri-ciddi bloqlar, sosial şəbəkələrdəki əsassız xəbərlərdir".

 





05.02.2020    çap et  çap et