525.Az

Tədqiqatçı Bəsirə Əzizəlinin yeni kitabı nəşr olunub


 

Tədqiqatçı Bəsirə Əzizəlinin yeni kitabı nəşr olunub<b style="color:red"></b>

Azərbaycanlı alim Bəsirə Əzizəlinin tanınmış türk yazar və araşdırmaçısı, İstanbul Texnik Universitetinin əməkdaşı Dr.Muhsin Kadıoğluya həsr olunmuş "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" (Elmi redaktor: professor Bədirxan Əhmədli, rəyçilər: professor İlyas Topsakal və professor Kutluk Kağan Sümer, redaktor: Gülnar Yunusova; Bakı, Mütərcim, 2020, 416 səh.) monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada yazarın zəngin həyat və yaradıcılıq yolu izlənilmiş, çeşidli məsələlərə həsr olunmuş əsərləri tədqiq edilib.

Yaradıcılığa 1980-ci ildə başlayan, keçən yüzilliyin 80-90-cı illərindən etibarən bir sıra dərgi və qəzetlərdə ardıcıl çıxış edən M.Kadıoğlunun elmi-publisistik fəaliyyəti geniş, çoxsferalı və zəngindir. B.Əzizəli qeyd edir ki, "yazar, tədqiqatçı alim, türkçü ideoloq, publisist, araşdırmaçı-səyyah Muhsin Kadıoğlu yarım əsrdən bir qədər artıq keçdiyi ömür yolunda Türkiyədə və bütün türk dünyasında bir çox ilklərin əsasını qoymuş, turançılıq ideyasının daşıyıcısı olaraq qəzetlərdə köşə yazıları yazdığı gənclik illərindən böyük həcmli kitablarına qədər türk millətinin maraqları uğrunda mücadilə aparmış, lokal problemləri qələmə alarkən məsələlərə qlobal çər-çivədə yanaşaraq dünya təcrübəsini şərh etmiş, Türkiyə və türk dünyası üçün əxz olunması vacib olan cəhətləri göstərmişdir. Türkiyədə yaşayan, lakin bütün türk dünyası üçün yazıb-yaradan Muhsin Kadıoğlu öz sələflərinin miras qoyduğu tarixi missiyanı davam etdirmişdir. Roman, hekayə və şeirlərində yazar, coğrafiya elmi sahəsindəki araşdırmalarında tədqiqatçı, milli yaddaşımız, adət-ənənələrimiz, türklərin dünyadakı yeri və rolu ilə bağlı əsərlərində tarixçi, mədəniyyət və incəsənət nümunələrini öyrənərkən kulturoloq kimi qarşımıza çıxan M.Kadıoğlu bir türk aydını, türkçü ideoloqdur. Elə əsasını qoyduğu "Ağıla əsaslanan türkçülük" təliminin bütün məziyyətləri araşdırmaçı yazarın öz dünyadərki, əsərləri və fəaliyyətində meydana çıxır".

M.Kadıoğlu 1990-cı ildə Türkiyədə "Anlayaraq çox sürətli oxumaq metodları" kitabını yazmış, bununla da türk dünyasında sürətli oxumaq sahəsində ilkə imza atmışdı. Yazar 1998-ci ildə yenə də Türkiyədə ilk dəfə olaraq sürətli oxu ilə bağlı internet saytı yaratmışdı. 1998-ci ildə Türkiyədəki milliyyətçilərin www.ulkucu.org saytını qurub. "Müstəqil milliyyətçi, ülküçü, türkçü sayt" başlığı ilə yazılar yayımlayan bu saytın xüsusən 2001-2011-ci illər arasında Türkiyədəki türk milliyyətçilərinin gündəmlərinin müəyyənləşdirilməsinə ciddi təsiri olub.

M.Kadıoğlunun dünyada türk və islam izlərinin araşdırılmasına yönəlmiş fəaliyyəti də B.Əzizəlinin monoqrafiyasında ətraflı formada araşdırılıb.

Azərbaycanla bağlı məsələlər də M.Kadıoğlunun yaradıcılığının ilkin mərhələlərindən önəmli yerə sahib olub. Monoqrafiyanın "Muhsin Kadıoğlu və Azərbaycan" bölümündə yazarın yaradıcılığın ilk mərhələsindən başlayaraq ölkəmizlə bağlı müxtəlif əsərləri öyrənilib, Azərbaycanda yayımlanan məqalələri şərh edilib. Yazarın B.Əzizəli ilə birlikdə yazdığı, Bakı haqqında ilk geniş həcmli tur bələdçisi kitabı olan, türk və ingilis dillərində Google Play Books üzərindən yayımlanan "Bakı Gezi Rehberi" kitabı da monoqrafiyada təhlil olunub.

B.Əzizəlinin bu monoqrafiyası iki qardaş ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına əhəmiyyətli bir töhfədir.

 





05.02.2020    çap et  çap et