525.Az

Şair Məmməd İlqarın 70 illik yubileyi qeyd edilib


 

Şair Məmməd İlqarın 70 illik yubileyi qeyd edilib<b style="color:red"></b>

Fevralın 1-də Atatürk Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyi keçirilib.

Tədbirdə ədəbiyyat adamları, yazıçı-şairlər, aşıqlar, mədəniyyət xadimləri, Məmməd İlqarın dostları və media nümayəndələri iştirak ediblər. Mərasimdə, həmçinin, şairin seçmə şeirlərindən ibarət "Məndən sənə qalan sözdü..." kitabı da təqdim olunub.

Tədbir Məmməd İlqarın "Vətən, başın sağ olsun" şeirinə yazılmış musiqili kompozisiya ilə başlayıb.

Yubiley tədbirinin aparıcı şair və nasir Əjdər Ol giriş nitqində yubilyarın həyat və yaradıcılığından bəhs edərək bildirib ki, M.İlqar uzun illər poeziyada səbirlə, təmkinlə, ağı qaradan seçə-seçə az yazıb, amma yaxşı yazıb: "Bizim ustad aşıqların ənənəsini davam etdirib. Ana dilimizin ən incə qatlarına qədər gözəl şəkildə istifadə edib. Onun hər misrasından müdriklik yağır. Məmməd İlqarın yaxşı və çox yaxşı şeirləri var. Çox yaxşı şeirləri dillər əzbəridir, aşıqlar ifa ediblər. Məmməd İlqar kimi xalqın mədəniyyətinə, dilinə, adət-ənənəsinə, milliliyinə dərindən bələd olan şair azdır. Onun elə misraları var ki, onu ancaq azərbaycanlı, qanı-canı türk olan başa düşə bilər. Bu da xalqın bir növ özünümüdafiə şəklidir".

Ədəbiyyatşünas Rüstəm Kamal Məmməd İlqarın şeirləri ilə tanışlığından danışıb, onu bütünlüklə milli şair adlandırıb: "İlk dəfə Məmməd İlqarın adını İncə dərəsində toyda eşitdim. Onun şeirini aşıqlar oxuyurdular. Mən görəndə ki, Məmməd İlqar poeziyası xalqın, toplumun yaddaşında yaşayır, anladım ki, o, böyük şairdir. Məmməd İlqarın şeirlərini mən ara-sıra özümçün oxuyuram. Bəlkə də milli şair millətin dilinə sahib çıxan, onu vərəqin, şeirin yaddaşında saxlayan şairdir. Məmməd İlqar belə şairlərdəndir. Mən onun şeirlərini çox sevirəm və fəxr edirəm ki, müdrik sakitliyilə hörmət qazanmış bir şairin müasiriyəm".

Ədəbiyyatşünas Məti Osmanoğlu çıxışında deyib ki, Məmməd İlqar Azərbaycan ədəbiyyatında öz yeri, öz səsi olan şairdir. Natiq çıxışını şairin "Qara camaat" şeiri ilə yekunlaşdırıb.

Foklorşünas Elxan Məmmədlinin fikrincə, Məmməd İlqar müasir Azərbaycan poeziyasında təcnisin görkəmli müəllifidir, onun yaradıcılığında təcnis ana xətt kimi davam edir.

Şair İbrahim İlyaslı deyib ki, Məmməd İlqar ustad kəlməsinin bütün parametrlərini özündə ehtiva edən şairdir: “Onun şəyirdi olduğum üçün özümü xoşbəxt sayıram”. İ.İlyaslı bildirib ki, Məmməd İlqarın yubiley tədbiri Sumqayıtda da qeyd ediləcək.

Şair Ramiz Qusarçaylı çıxışında M.İlqarla tanışlığından danışıb, onun yaradıcılığını və şəxsiyyətini yüksək dəyərləndirib. Sonra R.Qusarçaylı "Məmməd İlqar, "Divani" çal, "Divani" şeirini oxuyub.

Şair-publisist Tahir Talıblıya görə, M.İlqar bizim dilimizin, təfəkkürümüzün böyük şairidir. O, şeirlərdə haqqı tanımağa, Allahı tanımağa, ölümü hiss etməyə çağırır.

Tənqidçi Əsəd Cahangir yubilyarın poeziyasını səslə, musiqiylə əlaqələndirib: "Onun şeirlərində bir musiqi, ritm var. Təəssüf ki, bəzən onun yaradıcılığını təcnislə məhdudlaşdırırlar. Mən bunu qəbul etmirəm. Onun yaradıcılığı çox genişdir".

Şair Murad Köhnəqala çıxışında deyib ki, M.İlqar Azərbaycan ədəbiyyatının kökünü qoruyan şairdir.

Daha sonra İlham Pirməmmədov, Şərif Ağayar, Adilə Nəzər, Ehtiram İlham, Rafael İncəyurd, Həmid Ormanlı və başqaları Məmməd İlqarı 70 illik yubileyi və yeni şeirlər kitabı münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları diləyiblər.

Tədbirdə İlham Aslanbəyli, Cahangir Quliyev və başqa aşıqlar şairin şeirlərini el havaları üzərində ifa ediblər. Əməkdar artist Ağalar Bayramov Məmməd İlqarın şeirlərini səsləndirib.

Sonda Məmməd İlqar bu diqqətə görə minnətdarlığını bildirib, tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib və kitablarını qonaqlar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

 





05.02.2020    çap et  çap et