525.Az

Cümhuriyyətdə uşaq xeyriyyəçiliyi məsələləri


 

Cümhuriyyətdə uşaq xeyriyyəçiliyi məsələləri<b style="color:red"></b>

1918-ci ilin mart ayında daşnak-bolşevik qüvvələrinin Azərbaycan xalqına qarşı törədikləri kütləvi qətliamlar uşaqların da taleyinə böyük zərbə vurmuşdu.

Bakı şəhərində bu müsibətlərdən əziyyət çəkməyən uşaq, demək olar ki, yox idi. Onların xüsusi qayğıya ehtiyacı vardı. Bu məqsədlə o zaman fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatı olan Mərkəzi Ev Komitəsinin nəzdində Uşaqlara Yardım Bürosu yaradılmışdı. Büronun sədri doktor Yevsey Gindes, müavini isə milyonçu, xeyriyyəçi Murtuza Muxtarovun xanımı Liza Muxtarova idi.

Əsas məqsədi kimsəsiz qalmış, küçələrə atılmış uşaqlara yardım etmək olan Uşaqlara Yardım Bürosu bütün var-qüvvəsini sığınacaqların təşkilinə yönəlt-mişdi. Lakin ilk vaxtlar vəsait çatışmamazlığı ucbat-ından müəyyən çətinliklər yaranırdı. Bununla əlaqədar olaraq, müvafiq dövlət strukturları büronun işində köməklik göstərməsi üçün əhalini yardım etməyə çağırmışdı. Düzdür, işçi heyəti mövcud idi, lakin xalq arasından könüllülərin də bu işə cəlb olunması zəruri idi. Bu, hər şeydən əvvəl uşaqların insanlarla ünsiyyətdə olması, xalq içərisindən gəldiyini dərk etməsi üçün lazım idi. Könüllü əməkdaşlıq edənlər kimsəsiz uşaqların ehtiyaclarını, onların psixologiyasını daha yaxşı anlaya bilərdi. "Azərbaycan" qəzetində bu haqda yazılırdı: "Uşaqlara verilən ən adi oyuncağın belə anlamı böyük idi... Bu uşaqlar cəmiyyətdən çıxmışdılar və cəmiyyətə də qayıdacaqdılar, buna görə də onların cəmiyyətin yardımına, köməyinə tam hüquqları vardı..."

Büronun işini genişləndirmək məqsədi ilə 1918-ci ilin noyabrın 26-da yerli ictimai və milli təşkilatların üzvlərindən ibarət geniş iclas keçirilmişdi. Burada kollegial orqan yaradılmış və bütün milli, ictimai və xeyriyyə təşklatlarından üzvlər seçilmişdi. Mərkəzi Ev Komitəsindən A.Leontoviç, Y.Gindes, Q.Bron, Rus Xeyriyyə Cəmiyyətindən Krılova və mühəndis Krivoşein, Yəhudi Milli Komitəsindən Y.Varşavskiy, Müsəlman Xeyriyyə Cəmiyyətindən Liza Muxtarova, Müsəlman sığınacağından Vasilyevskaya, "Körpələr evi"ndən Radzinskaya, "Uşaq evləri"ndən Koritskaya və digərləri büroya üzv seçilmişdilər. Doktor Allahverdiyev uşaqların sağlamlığının qorunmasını öhdəsinə götürmüşdü.

Uşaqlara Yardım Bürosunun sərəncamında ilk vaxtlar minə qədər uşağın yerləşəcəyi 5 sığınacaq vardı. Sığınacaqlardan biri dekabr ayında Liza xanım Muxtarovanın yardımı ilə kimsəsiz uşaqlar üçün açılmış "Körpələr evi" idi. Bu sığınacaq 1895-ci ildən 1917-ci ilə qədər fəaliyyət göstərmiş "Körpələr evi" əsasında açılmışdı. O zaman sədr doktor Gindes, maliyyəçi isə Hacı Zeynalabdin Tağıyev idi. H.Z.Tağıyev sonralar büronun fəxri üzvü seçilmişdi. Onu da qeyd etmək vacibdir ki, "Körpələr evi"nin inşasına 1898-ci ildə başlanılmışdı. Vəsait çatışmazlığı üzündən yarımçıq qalan tikintiyə Ağamusa Nağıyev və Şəmsi Əsədullayev külli miqdarda pul ayırmışdılar. Bina Maqazinnaya və Kapitapinskaya küçələrinin kəsişdiyi (indiki Süleyman Rüstəm və Mikayıl Rəfili küçələri) yerdə yerləşirdi.

Körpələr evində səhiyyə və sanitar-gigiyena işləri son dərəcə ciddi bir şəraitdə qurulmuşdu: hər səhər tibb bacıları uşaqları müayinə edir, dezinfeksiya işləri aparır, onları hamamda qrup şəklində çimizdirir, saç və dırnaqlarını kəsirdi. Yemək yedikləri zaman uşaqların önlük taxması vacib idi. 

Faktiki olaraq Liza Muxtarovanın şəxsi vəsaiti hesabına dayanan sığınacaqlarda sadalanan çətinliklərə baxmayaraq, təmizlik qaydalarına və uşaqların tərbiyə işinin düzgün təşkil olunmasına ciddi riayət olunurdu. Ümumiyyətlə, Liza Muxtarova büronun işində xüsusi fəallığı ilə seçilirdi. Öz övladı olmayan Liza xanımın maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz şəxsi mülkündə (indiki Səadət sarayı) zəngin pansion təşkil edən bu nəcib xanım yoxsul ailələrdən olan və valideynlərini itirmiş qızları tərbiyə edirdi.

1919-cu il martın ortalarından Uşaqlara Yardım Bürosu tərəfindən "Körpələr evi" nəzdində 1 yaşından 7 yaşınadək  uşaqlar üçün xüsusi uşaq bölmələri təşkil edilmişdi. Himayədarlıq Nazirliyi minlərlə uşağı himayəyə götürən Uşaqlara Yardım Bürosuna subsidiyilar ayırırdı. Mərkəzi Ev Komitəsi büronu ərzaq məhsulları ilə yanaşı, tibbi xidmətlərlə də tə-min edirdi.

Sığınacaqlar yardımla, xeyriyyə tədbirlərinin keçirilməsi ilə bağlı mətbuatda müraciətlər edirdilər. Büro Novruz bayramında müsəlman uşaqları üçün şənlik təşkil etmişdi. Tədbirə yetim və kimsəsiz uşaqlara hər hansı köməklik göstərmək arzusunda olanlar dəvət edilmişdi. Şənlikdən əldə olunan gəlir sığınacağa sərf olunmuşdu. Təşkilat üçün keçirilən xeyriyyə tədbirlərindən biri də ucuz ağ çörəyin bişirilməsi və onun satışından gələn gəlirin sığınacağa sərf edilməsi idi.

Uşaqlara Yardım Bürosu Mərkəzi Ev nəzdində qida məntəqələrinə malik idi. Həmin şöbə naharların təşkil olunmasını həyata keçirirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti büronun işində köməyini əsirgəmirdi. Musa bəy Rəfiyevin nazir olduğu dövrdə Himayədarlıq Nazirliyi ərzaq şöbəsinə subsidiyalar ayırırdı. Nazirin müavini Rüstəm xan Xoyski paylama məntəqələrinin açılmasında kömək edirdi. Bu qəbul məntəqələri Bakının dağlıq hissəsində, Suraxanıda, Sabunçuda və Ramanada yaşayan müsəlman əhalisinə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaq çatdırırdı. Naharlar əsasən pulsuz və ya qəpik-quruşa olurdu.

Yay aylarında Uşaqlara Yardım Bürosu "Nina" barjasını icarəyə götürmüş, dənizdə səyyar koloniya təşkil etmişdi. Bununla da yay boyunca vərəmdən əziyyət çəkən 130-dək uşağın səhhətinin yaxşılaşmasına şərait yaranmışdı.

1918-ci ilin sonu-1919-cu ilin əvvəllərində Bakıda yatalaq epidemiyası yayılmaqda idi. Epidemiya uşaqlar arasında daha kəskin xarakter daşıyırdı. Buna səbəb kimi yoxsul və işçi təbəqənin səhərdən axşama kimi çalışması ucbatından övladlarını taleyin ixtiyarına buraxmaları göstərilirdi. Bu uşaqlara kömək etmək məqsədilə büro şəhərin fəhlə rayonlarında uşaqlar üçün bağça tipli gündüz sığınacaqları açmışdı. Uşaqlar həmin evlərdə saat 8.00-dan 18.00-a qədər qala bilir, yemək ilə təmin olunurdular. Xəstələndikdə onlara tibbi yardım göstərilirdi. Bu tip sığınacaqlar Bayılda, Şamaxinkada, Zavağzalnıda, Qara şəhərdə açılmışdı.

Uşaqlara Yardım Bürosu himayəsində olan uşaqların təhsil almaları üçün də şərait yaradırdı. Sığınacaqlarda onlara oxu dərsləri təşkil olunur, əyləncəli oyunlar keçirilirdi. 1919-cu ilin martın 4-də keçirilən iclasda büro sığınacaqlarda məktəblərin təşkil olunmasını qərara almışdı.

Kimsəsiz və yetim uşaqların çoxluq təşkil etmələri və onların yerləşdirilmələri dövlət strukturlarının da diqqətdə saxladığı məsələ idi. 1919-cu ilin noyabrında Nazirlər Kabinetinin təklifi ilə Himayədarlıq Nazirliyi Uşaqlara Yardım Bürosunun nəzdində taleyin ümidinə atılmış kimsəsiz uşaqlar üçün sığınacaq-koloniya təşkil etmişdi. Koloniyanın yaradılmasında xeyriyyə və milli təşkilatların nümayəndələri də yaxından iştirak edirdi. Koloniya şəhər ətrafında salınmış və uşaqları əməyə alışdırmaq məqsədilə bostan, bağ, emalatxanaya malik idi. Bura həm də müalicəvi-tərbiyəvi xarakter daşıyırdı.

Büro himayəsində olan 15-16 yaşına çatmış uşaqların taleyinə də biganə yanaşmırdı. Bu barədə Himayədarlıq Nazirliyinə dəfələrlə müraciətlər edilmiş, həddi-buluğa çatmış uşaqların sonrakı taleyi, peşə seçimi ilə bağlı məsələ qaldırılmışdı.

Büroya ayrı-ayrı imkanlı şəxslər də ianələr verirdi. İanə verən xeyriyyəçilər sırasında İsabəy Sadıxbəyov, Hənifə Zeynalabdin oğlu Tağıyev, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Qasım Qasımov, Tağı Nağıyev, Zeynəb xanım Səlimxanova və digərləri də var idi.

 





06.02.2020    çap et  çap et