525.Az

Yerindəmi?.. - Teymur Bünyadovun şeiri


 

Yerindəmi?.. - <b style="color:red">Teymur Bünyadovun şeiri </b>

Dağlar, dağlar! Gecələr yuxumda, röyamda, gündüzlər fikrimdə, xəyalımda. Ürəyimin başında, gözümün göz yaşında. Nə ola, dağlar da məni səsləyə, qoynuna ala, bağrına basa, laylamı çala. Olam dağlarda, qalam dağlarda, öləm dağlarda. Nə isə...

Dəli könül, dur havalan, pərvazxəyal tez qanadlan. Varın dağlara, dağlara. Xəbər alın, xəbər verin, ürəyimi sevindirin.


Ulu dağlar, uca dağlar,
Qocalardan qoca dağlar yerindəmi?
Min xəyala dalan dağlar,
Məni məndən alan dağlar yerindəmi?
Hikmət dağlar, heyrət dağlar,
Təbib dağlar, məlhəm dağlar yerindəmi?
Zil dərələr, gen bərələr,
Ürək açan mənzərələr yerindəmi?
Yal, yamaclar, səkən turaclar yerindəmi?
Dirədöymə oynayanlar,
Qurşaq tutan pəhləvanlar yerindəmi?
Yük yeri xalı-xalça,
Anamdan qalan mis dolça yerindəmi?
Qəlbi qəmli, gözü nəmli,
Min dərdlim, min ələmlim yerindəmi?
Nənni, yüyrük, beşik səsi,
Körpələrin qəhqəhəsi yerindəmi?
İgidlərin oylağı,
Şiş qayalar, mərd qalalar yerindəmi?
Xan çobanın tütək səsi,
Qoyun-quzu mələşməsi yerindəmi?
Söz aparan, söz gəzdirən,
Qeybət qıran, ara vuran yerindəmi?
Görüş yeri, arzu-dilək,
Bir də döyünən ürək yerindəmi?
Alı kişinin Qıratı,
Koroğlunun qol-qanadı yerindəmi?
Göz-göz qaynayan bulaqlar,
Al yanaqlar, gül dodaqlar yerindəmi?
Bülbülün ağlar səsi,
Gül-çiçəyin gülüşməsi yerindəmi?
İldırım, şimşək nərəsi,
Yerin, göyün titrəməsi yerindəmi?
Pələş-güləş güləşməsi,
Dilboz atın irəşməsi yerindəmi?
Cıdıra çıxan cıdırçılar,
Nəmər, şal, xələt alanlar yerindəmi?
Müdriklərin səbirləri,
Uluların qəbirləri yerindəmi?
İsti ana, qucaq yeri,
Pir yeri, ocaq yeri yerindəmi?
Əyri yollar, cığırlar, izlər,
Yar gözləyən həsrətli gözlər yerindəmi?
Babaların məzar daşı,
Yanında qohum-qardaşı yerindəmi?
Ələsgərin həzin səsi,
Alının sarı simdə təzanəsi yerindəmi?
Qızlara şeir deyənlər,
Alışdım-yandım geyənlər yerindəmi?
Sacayağı, yerüstü təndir,
Çatı, siçim, örkən, kəndir yerindəmi?
Göylərin tökülən göz yaşı,
Bir də inam Qaradaşı yerindəmi?
Dağların axar-baxarı,
Qızılı şimşək  çaxarı yerindəmi?
Açılanda o al səhər
Qamçı, yüyən, bir də yəhər yerindəmi?
Ötəndə şeyda bülbüllər,
Tər qönçələr, yerindəmi?
Çeşmə üstə tökülənlər,
O gözəllər, o göyçəklər yerindəmi?
Arançı dağa gələndə
Qarşılayan görüş yeri yerindəmi?
Qoyun-quzunun arxacı,
Anaların küllü sacı yerindəmi?
Gözəlləri asta-asta
Töküldüyü bulaq üstü yerindəmi?
İgidlərin qaynar gözləri,
Cığırların izləri yerindəmi?
Maralların çəhlim yeri,
O qorxaq, ürkək gözləri yerindəmi?
Sel sulara qarışanda,
Aşıb-daşan çaylar yerindəmi?
Çiskin, duman, çən gəlirmi,
Dağların bəyaz libası yerindəmi?
Dağ adamı - dağlılar,
Bağçalı, bağlı dağlılar yerindəmi?
Yurd yerimiz - alaçıqlar,
Mağaralar, qalacıqlar yerindəmi?
O, Qaradaş ziyarətgahı,
Xəstələrin son pənahı yerindəmi?
Binələri çadır-çadır,
Köhlən atlar, yüklü qatır yerindəmi?
Ağsaqqallar, ağbirçəklər,
Qeyrətlilər, ismətlilər yerindəmi?
Qoca qartal, şir-pələnglər,
Qayalarda səkən kəklik yerindəmi?
İncə belli qız gəlinlər,
Xumar gözlər nələr söylər yerindəmi?
Ötən günlər, keçən çağlar,
Yönü bizə baxan dağlar yerindəmi?
Sığnacaqlar, mağaralar,
Çətinqala, sal qayalar yerindəmi?
Gecələr gələn qaçaqlar,
Səhər tezdən atlananlar yerindəmi?
Gülsənəmlər, aysənəmlər,
Məni eşqə salan yerlər yerindəmi?
Çəməngüllər, güldəstələr,
Aybənizlər, növrəstələr yerindəmi?
Abır, ismət, qeyrət, qüdrət,
Saf duyğular, saf məhəbbət yerindəmi?
Sevdagülə şeir qoşduğum,
Ağladığım, güldüyüm yer yerindəmi?
Pələş itlər, güləş itlər,
Pusqu tutar, məqam gözlər yerindəmi?
Yuxusunda yar görənlər,
Yara könül verənlər yerindəmi?
Sinədəftər nağıllılar,
Sehirli söz, dastanlar yerindəmi?
Alışmanı paylaşdıran
Pay-pay bölən, bölüşdürən yerindəmi?

Ulu dağlarımızın, çeşməli, sulu dağlarımızın bəziləri düşməndədir. Biz onlara, onlar bizə həsrət. Qəlbləri darda, gözləri yolda, intizarla, könül niskili ilə bizi gözləyir. Bu əsnada dağlarımızdan səslər gəlir. İnamlı, israrlı, tənəli sözlər: "Kimi gözləyirsiniz, nəyi gözləyirsiniz? Nə qədər gözləyəcəksiniz? Səbriniz tükənmədimi? Yeriyin, yetirin, alın, bizlərlə qalın, biz sizin, siz də bizim. Dünya var olduqca.

Dözmədim, sındım, sıxıldım. Dünya başıma hərləndi, dumanlandım, tüstüləndim. Gözlərim sözümə baxmadı, ağladı, sinəmə cığır saldı.

Qəfildən dünyaya zülmət çökdü. Göy gurladı, şimşək çaxdı, gürşad oynadı, sellər sulara qarışdı, çaylar aşdı-daşdı. Düşüncələr qanadında bəlkə dağlar da bizimlədi, bizi hücuma hazırlayır, qələbəyə səsləyir. Bəlkəsiz...

 





06.02.2020    çap et  çap et