525.Az

Böyük sənətin reallığı və əfsanəsi - İsa Həbibbəyli Polad Bülbüloğludan yazır


 

Böyük sənətin reallığı və əfsanəsi - <b style="color:red">İsa Həbibbəyli Polad Bülbüloğludan yazır </b>

Çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan musiqi və ifaçılıq sənətində Polad Bülbüloğlunun böyük yeri vardır.

O, Azərbaycan aşıq musiqisindən ritmik ifa tərzini, muğam sənətindən səslərin əruzsayağı uzadılmasını, bəstəkar mahnılarından melodikliyi alaraq Azərbaycan estrada musiqisinin və ifaçılıq xüsusiyyətləri ilə ahəngdar surətdə birləşdirmişdir. Polad Bülbüloğlunun ifaçılıq tərzindəki ayaqüstü cəld hərəkətlər də milli aşıq sənəti ilə səsləşir. Caz sənəti ilə muğam ifaçılığını sintez etmək Azərbaycan ifaçılıq məktəbində Vaqif Mustafazadə kimi parlaq bir istedadı meydana çıxarmışdır. Xalq mahnıları və aşıq sənəti ilə estradanın vəhdətindən Polad Bülbüloğlu "dünyaya gəlmişdir". Üstəgəl, bu orijinal ifaçılıqda muğam ünsürlərinin olması Polad Bülbüloğlu estradasını daha da zənginləşdirmişdir.

Bütün bunlarla bərabər, Polad Bülbüloğlu estradasının simasını onun özünün qeyri-adi istedadından gələn fərdi özünəməxsusluqlar müəyyən edir. Polad Bülbüloğlunun estradası əsasən bariton səs ifaçılığı üstündə qurulmuşdur. Onun ifasındakı bariton səs tezliyi etibarilə bas səslərə doğrudur. Polad Bülbüloğlu Azərbaycan ifaçılıq sənətində tenordan uca və bas səslərə meylli baritonun daşıyıcısıdır. Dünya şöhrətli böyük sənətkar Müslüm Maqomayevin ölməz sənəti bas səslərin qammasının bənzərsiz ifası üstündə köklənmişdir. Lütviyar İmanovun ifaçılığı üçün bariton səslərin ahəngdar ifadəsi xarakterdir. İosif Kobzonun estradasında tenordan baritona doğru gedişlər üstünlük təşkil edirdi. Polad Bülbüloğlunun estradası isə baritonla bas səsin arasında olan bənzərsiz bir ecazkarlığın qeyri-adi təzahürüdür. Buna görədir ki, Polad Bülbüloğlunun səsi Azərbaycan və dünya ifaçılıq sənətinin fərqli bir axarını təqdim edir. Bariton səs onun estradanın yuxarı ritmini davamlı olaraq saxlaya bilməsini, basa meyllik isə zəruri hallarda səs ahəngini fərqli gəzişmələrlə zənginləşdirməsini şərtləndirir. Bu, musiqi ifaçılığı sənətində heç kəsin təkrarı olmayan bənzərsiz Polad Bülbüloğluna məxsus nadir sənət nümunəsidir. Polad Bülbüloğlu sənəti Azərbaycan musiqi və ifaçılıq sənətinin fərqli bir istiqamətidir. Eyni zamanda, dünya estrada sənətinə da Polad Bülbüloğlu özü özünün bənzərsizlik möhürünü vurmuşdur.

"Məhəbbət və ölüm" baleti Polad Bülbüloğlu ifaçılığının özünəməxsus təbiətindən doğan böyük sənət hadisəsidir. Səslərin dili ilə ifadə etmək istəsək, "Məhəbbət və ölüm" baletindəki "məhəbbət" qütbü tenor-bariton, ölüm" tərəfi isə sərt bas ahənginin hərəkətlərlə ifadə olunan təzahürləridir. Bu, Azərbaycan balet mədəniyyətində də yeni istiqamətdir. Və ümumiyyətlə, Polad Bülbüloğlu öz mahnılarını da musiqi ilə eyni səviyyədə hərəkətləri ilə də müşayiət edir. Əgər Polad Bülbüloğlunun mahnılarında sözləri səsləndirməyib, yalnız hərəkətlər vasitəsilə melodiyanı pontomim üslubunda ifa etsə, yenə də onun məhz hansı mahnısını diqqətə çatdırdığını müəyyən etmək mümkündür.

Polad Bülbüloğlu ifaçılıq sahəsində olduğu kimi, bəstəkarlıq baxımından da təkrarsızdır. O, ənənəvi mahnı yaradıcısı olan bəstəkardan çox, necə deyərlər, daha çox estrada mahnılarına musiqi əsərləri yazan bəstəkar kimi qəbul olunur. Polad Bülbüloğlunun bəslədiyi əsərlərdə musiqi alətlərinin deyil, mahnı ifaçısının aparıcılığı müəyyən olunur. O, bir bəstəkar kimi mahnıdakı sözlərin melodik şəkildə səsləndirilməsi ilə bir sırada ifaçının hərəkətləri də tənzimlənir. Bu mənada o, yalnız mahnı üçün deyil, mahnı və rəqs üçün musiqi yazmaq məharətini nümayiş etdirir. Bu deyilənlərə ən parlaq nümunə Polad Bülbüloğlunun özünün ifa etdiyi qanadlı mahnılardır. Polad Bülbüloğlunun mahnıları kimi, həmin mahnı mətnlərinə yazdığı musiqi əsərləri də orijinaldır. Polad Bülbüloğlu fərqli bir estrada mahnıları bəstəkarı kimi də Azərbaycan musiqi sənətində yeni yol açmışdır.

Azərbaycanda, Rusiyada və dünyada Polad Bülbüloğlunun yolunu inkişaf etdirməklə böyük sənət uğurları qazanmaq çətin olsa da, bu çətin işi mümkün edə bilən sənət adamları vardır. Beləliklə, dünya estrada sənətində Polad Bülbüloğlu ifaçılıq məktəbi formalaşmışdır.

Polad Bülbüloğlu sənəti Azərbaycan ifaçılıq mədəniyyətinin əfsanəsidir.

Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi sahəsində Polad Bülbüloğlunun böyük xidmətləri vardır. Müstəqillik dövrünün çətin illərində Mədəniyyət naziri kimi Polad Bülbüloğlu Azərbaycanda davamlı sənət ənənələrinin qorunub yaşadılmasına və daha da inkişaf etdirilməsinə məsuliyyətlə xidmət etmişdir.

Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfirimiz kimi də Polad Bülbüloğlu Azərbaycan Respublikasının bütün sahələr üzrə reallıqlarının, o cümlədən də, mədəniyyətimizin və incəsənətimizin böyük məkanda təbliğinə, tanıdılmasına, bu sahədə əlaqələrin inkişaf etdirilməsinə böyük zəhmət sərf edir. Bu statusda da Polad Bülbüloğlu faktoru ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin yaradılmasında özünəməxsus rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Polad Bülbüloğlunun ölkəmizin ən yüksək təltifi olan Heydər Əliyev ordeninə layiq görülməsi dövlət səviyyəsində sənətə verilən böyük qiymətin ifadəsidir. Cənab Prezidentin aşağıdakı sözləri Polad Bülbüloğlunun ölkəmiz və mədəniyyətimiz qarşısındakı mühüm xidmətlərini bütün dolğunluğu ilə diqqətə çatdırır: "Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermişsiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarsız iz buraxmışsınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz.

... Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür".

Azərbaycan Respublikasının Xalq artisti, böyük sənətkarımız Polad Bülbüloğlu sənətdə olduğu kimi, cəmiyyətdə də xalqına və müstəqil dövlətinə ləyaqətlə və məsuliyyətlə xidmət etməyin nümunəsini göstərir.

Təbrik edirəm və daha böyük uğurlar arzulayıram.

 





07.02.2020    çap et  çap et