525.Az

Ürəklə dost dediyim insan


 

QƏLƏM VƏ ƏMƏL DOSTUM OKTAY ABBASIN 70 YAŞINA

Ürəklə dost dediyim insan<b style="color:red"></b>

Mətbuatda şair dostum Tofiq Nurəlinin maraqlı bir yazısını oxuyub xəbər tutdum ki, sən demə, Oktay Abbasın 70 yaşı tamam olur.

Çoxunun əzizi olan istiqanlı, canıyanan Oktay mənim də dostumdur. Və dostum Oktayı oxuculara bir az da yaxından tanıtmaq üçün bildirim ki, o, ali məktəb müəllimidir, dosentdir. Oktay Abbasın imzası təkcə bir alim, elmi araşdırmaların müəllifi kimi yox, həm də publisist-şair kimi də oxuculara yaxşı tanışdır. Oktay Abbas indiyəcən "Yol gedirəm", "Dünya da bir ürəkdir", "Qəzəllər" adlı poetik topluların, son vaxtlarda çapdan çıxan "Sözün yaddaşı" adlı irihəcmli publisistik yazılardan ibarət  kitabın müəllifidir.

Bir vaxt biri Qonaqkənddə, o biri isə Şabranda əmək fəaliyyətinə başlayıb, sonra da ötən əsrin 80-ci illərində Bakıya köç etdikləri gündən şair-həkim Tofiq Nurəli ilə alim və şair-publisist Oktay Abbas Alatavada qonşu düşüblər.

Mən Oktayı Tofiqdən əvvəl, Tofiq isə Oktayı məndən sonra tanıyıb dost olublar. İndiyəcən də aralarından su keçmir. Qeyd etdiyim kimi, Oktayın 70 illiyini mənə xatırladan məhz Tofiq Nurəlinin yubiley məqaləsi oldu...

... 1974-cü ilin soyuq yanvar günləri idi. Biləcəridə, dəmiryolçuların mədəniyyət sarayında mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsində çalışan dostumuz Nizami növbəti bir tədbir keçirirdi. Dəmiryolçuların "asudə saatlarının səmərəli keçirilməsi ilə bağlı" təsdiq edilmiş plana uyğun bu görüşə kifayət qədər tanınmış şairlər - Hikmət Ziyanı və Səyavuş Sərxanlını dəvət etmişdi. Tədbirin təşkilatçısının "fəxri qonaqları" arasında Oktayla mən də var idim. Tədbirdən qabaq təşkilatçının otağında çay içdik. Yox, deyəsən, bu isti çayın klubun soyuq zalında bizi qızdırmağa gücü çatmayacaqdı...

Nizaminin təklifinə qoşulub ev sahibləri kimi biz də ərklə qonaqları "qızınmağa" dəvət etdik (Əvvəlcədən xudmani bir hazırlıq görmüşdük). Yaşca böyüyümüz Hikmət müəllim etiraz etsə də, Səyavuş susub dinmədi. Elə bu da bizi ürəkləndirdi. Çay içən Hikmət Ziya stolun üstündəki "o gen-bol süfrəyə" əl uzatmadı. Təbii ki, tədbir təyin edilən vaxtdan bir qədər gec başlandı...

Dostumuz, gözəl şair, istiqanlı yoldaş, nə yazıqlar ki, dünyasını erkən dəyişən Səyavuş Sərxanlının o illərdə "Ulduz" jurnalında səfər təəssüratları ilə bağlı çap olunan publisistik yazıları geniş oxucu marağında idi. Səyavuş Sərxanlı Donbasdan təcəzə qayıtmışdı. O, həmin tədbirdə Donbasda yerin altında çalışan şaxtaçıların ağır həyatından özünə məxsus emosionallıqla danışırdı. "Ulduz" jurnalında Donbas səfəri ilə bağlı yazdıqlarında isə, təbii ki, burda danışdıqlarının çoxu yox idi. Çox tədbirlərdə iştirak etmiş Səyavuş Sərxanlı, əlbəttə, bilməmiş deyildi ki, belə mədəni-kütləvi tədbirlərdə "sözü göydə tutan ayıq-sayıqlar" da mütləq olur. Şair isə heç nədən qorxub-çəkinmədən yerin altındakı cəhənnəmdən odlana-odlana danışırdı. Oktayla mən də hörmətli qonaqlarla bir sırada əyləşmişdik. Yəqin ki, bizlərə də "göz qoyan" var idi. Səyavuş Sərxanlının danışdıqlarından kövrələn Oktay nümayişkaranə bir şəkildə yaylıq çıxarıb dolmuş gözlərini quruladı, bizdən qabaq sıralarda oturanların səsini eşidəcəyindən ehtiyatlanmayıb ucadan mənimlə "məsləhətləşdi": - Aydın, bəlkə durub hönkürtüylə ağlayım...

Onu güclə sakitləşdirdim. Bu hərəkətə yol versəydi, əlbəttə, Oktay sonralar cəzalanacağını, ən yaxşı halda oxuduğu ali məktəbdən xaric ediləcəyini gözünün altına almamış deyildi. Amma qəddar rejimə qarşı etirazı o zaman gözlərini yaşartmışdı, ürəyini parçalamışdı. Oktay belə cəsarətli oğlanlardandır.

"Ot kökü üstə bitər". Burası da var ki, Şabranda, Siyəzəndə, Xızıda elə bu gün də tanıyanlar Oktayın atasını - maarif fədailərindən olmuş Allahverən müəllimin adını daima hörmətlə, ehtiramla çəkirlər, ruhunu yad edirlər. Bu gün Allahverən müəllimin övladları, nəvələri, nəticələri vətənə layiqli vətəndaşlar, tanınmış ziyalılardır, vətəndən kənarda da doğma Azərbaycanımızın adını şöhrətləndirənlər sırasındadır...

Yeri gəlmişkən deyim ki, Oktayın özündən böyük mərhum qardaşı, təhlükəsizlik orqanlarında mühüm vəzifələrdə çalışmış polkovnik Süleyman Abbasov balaca qardaşının oturub-durduğu dostlarını da elə Oktay qədər özünə yaxın, əziz, doğmaca tuturdu. Dəfələrlə özüm bunun şahidi olmuşam.

Oktay yurda, ata ocağına, doğulub dünyaya gəldiyi, iməkləyib ayaq açdığı, böyüyüb boya-başa çatdığı torpağa bağlı ziyalılarımızdandır. Bəlkə də borc-xərcə düşüb Bakıətrafı, dəniz qırağındakı məkanlardan birində ən azı yay istirahətini keçirtmək üçün özünə yığcam bir ev tikdirə bilərdi. Ancaq Oktay neçə illərdir ki, Çaraq kəndində köhnə ata-baba ocağını təmir etməklə məşğuldur. Nəvəsi Adili də bu işə qoşub. Bəlkə də elə bundandır ki, Oktayın doğma yer-yurdla, onun adamları ilə bağlı yazdıqları belə səmimidir.

Oktay yaşının bu 70-inəcən az iş görməyib.

Müəllim kimi pedaqoji fəaliyyətə birinci sinifə getdiyi doğma Çaraq kənd məktəbində başlayan Oktay təyinat müddəti bitdikdən sonra Bakıya gəlib, aspiranturanı bitirib, pedaqoji elmlər üzrə elmi iş müdafiə edərək alimlik dərəcəsi alıb. Alimliklə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Hələ ki, şair-publisist kimi dörd bədii kitabın müəllifidir. Vaxtaşırı mətbuatda bir-birindən oxunaqlı, rəngarəng, müxtəlif mövzularda maraqlı yazıları çap olunur, efirdə çıxışlar edir.

Yeddinin yanında yaşının yeni yeddisinəcən də hələ çox işlər görəcək. Enerjili dostum Oktay, çox güman ki, yaşının 80-ində də eyni coşqunluqla, həvəslə yazıb-yaradacaq.

Oktay Abbas yaşımın 65 tamamında haqqımda yazıb çap etdirdiyi iri həcmli yazısını belə adlandırmışdı:

"Aydın Tağıyev - necə varsa..."

Görəsən, mən bu müxtəsər yazımda Oktayı layiqincə təqdim edə bildimmi?

Yəqin ki, yox. Elə isə sağlıq olsun!

 





07.02.2020    çap et  çap et