525.Az

Azərbaycan dilçiliyinə ağır itki üz verib


 

Azərbaycan dilçiliyinə ağır itki üz verib<b style="color:red"></b>

Görkəmli dilçi, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, tənqidçi-ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, fil.ü.e.d., professor Yusif  Mirəhməd oğlu Seyidov  2013-cü il noyabrın 18-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Yusif  Seyidov 1929-cu il may ayının 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Yengicə kənd orta məktəbini bitirdikdən sonra 1944-cü ildə Naxçıvan Dövlət ikiillik Müəllimlər İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuş, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsilini davam etdirmişdir.

Yusif Seyidov 1952-1955-ci illərdə  ADU-nun ümumi dilçilik kafedrasının aspirantı olmuşdur.

1956-cı ildə BDU-nun ümumi dilçilik kafedrasında əmək fəaliyyətinə başlayan Yusif Seyidov burada müəllim, sonra isə baş müəllim kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən o, əsasını qoyduğu  Azərbaycan dili və metodika kafedrasının  dosenti, 1967-ci ildən ömrünün sonunadək isə həmin kafedranın professoru və kafedra müdiri olmuş, özünü bacarıqlı elm və tədris təşkilatçısı kimi göstərmişdir.

Yusif Seyidov 1955-ci ildə "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda  namizədlik, 1965-ci ildə isə "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

60 il BDU-nun auditoriyalarında məzmunlu mühazirələri ilə tələbələrinin məhəbbətini qazanan Yusif Seyidov  ölkəmizin ali təhsil və elmi müəssisələrində   çalışan dilçi alimlər nəslinin müəllimi, elmi rəhbəri, opponenti olmuş, milli dilçi kadrların hazırlanmasında əvəzsiz xidmət göstərmişdir. Səmərəli elmi yaradıcılığı pedaqoji  fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən Yusif Seyidov ixtisaslı kadrların hazırlanmasına və elmin təşkilinə böyük qüvvə sərf etmişdir.

Professor onlarca monoqrafiyanın redaktoru olmuş, bir sıra əsərlər haqqında məqalələri çap olunmuşdur. Ömrünün  60 ilini pedaqoji fəaliyyətə sərf edən geniş erudisiyaya sahib Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın (elmi monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifi olmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxışlar etmişdir. İlk məqaləsi 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuşdur. O, rusdilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifidir. Alimin Azərbaycan dilçilik elminə həsr olunmuş əsərləri "Azərbaycan ədəbi dilində söz birləşmələri" (1966), Azərbaycan dilçiliyində qrammatika  problemləri (dərslik) (2008), "Müasir Azərbaycan dili. Sintaksis"  (1985), "Klassik Azərbaycan şairləri söz haqqında" (XI-XVIII əsrlər), (1977), "Azərbaycan dili" (1978), "Azərbaycan dilinin qrammatikası.  Morfologiya"  (dərslik) (2006), "Ədəbi tənqid və bədii dil" (1986),  "Azərbaycan dili" (1987) və s. əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Azərbaycan dilçiliyinin nəhəng simalarından biri, görkəmli alim, unudulmaz müəllim professor Yusif Mirəhməd oğlu Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Yusif müəllimin vəfatından kədərlənən AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi müxbir üzv Kamal Abdulla, bölmə üzvləri və digər əməkdaşlar alimin əzizlərinə və yaxın qohumlarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirlər.

Allah rəhmət eləsin!

 

 





19.11.2013    çap et  çap et