525.Az

Siz sözdən elə bir qüdrət yaratmısınız ki...


 

Siz sözdən elə bir qüdrət yaratmısınız ki...<b style="color:red"></b>

"Şöhrət" ordenli, Əməkdar jurnalist, görkəmli yazıçı Əli İldırımoğlunun Ad Gününə təbrik məktubu

Əməlin və qələmin ustadı!

Sizin sözünüzün və yaşınızın önündə cürət edib yazmağa başlayan hər bir qələmin hünəri özü möcüzədir. Əziz ustad, böyük ağsaqqal, ömrün  86 ili arxada qaldı... Bu yalnız  Sizin ömrünüzün 86 yaşı deyil. Taleyin xalqımıza bəxş etdiyi uca və şərəfli 86 ildir. Xalqımıza tarix yaşadan zəngin, çox mənalı bir zaman kəsiyidir bu 86 il.

Əziz Əli müəllim, Sizin müdrikliyiniz ancaq qələminizin, yaşınızın, böyüklüyünüzün payına düşmür. Həm də nurani bir azərbaycanlı ailəsinin payına düşür. Sizin böyük əzəmətinizi sözlərlə nəqş etdirməyə mənim hünərim  çatmaz. Çünki  Siz sözdən  elə  bir qüdrət yaratmısınız ki, onu ancaq söz mülkünün xiridarları incəliyə bilər. Gözəl söz  saf qəlbin möcüzəsidir. Siz  yurdumuzun əzəli qüdrəti Qubadlı dağlarının saf bulaqlarından güc alıb dərələr boyu şütüyən  köhlən atlı igidlər kimi  coşqunluqla qanad açıb, darda qalanlara həyan olmaq istəyənlərə oxşayırsınız. Nə qədər düzə qalxan, nə qədər əyriyə qılınc olmusunuz. Hər dəfə  Sizi televiziya ekranlarında görəndə əyilməz bir hünər sahibi kimi önünüzdə baş əyirəm. Qəriblikdə olan ana Vətənizim bir parçası - Qubadlının  min bir  çiçəkli dağlarının, allı-güllü  düzlərinin ətrini Sizin nəfəsinizdən, Sizin sözünüzdən alırıq. Elə ucalıq dağlara yaraşır, ey dağ gövdəli qəhrəman! Elə yeri gəlmişkən, dağlar bizi gözləyir. Əsirlikdən boylanan Vətən bizi gözləyir. Bu Vətənin imadadına Siz çatırsınız "Mayaklar" , "Həmin adam" , "Zorən jurnalist", "Közərən sətirlər" kimi hekayə və roman kitablarınızla, saysız -hesabsız jurnalist araşdırmalarınızla, publisist yazılarınızla. Qoy "Dərd" iniz sonuncu dərd olsun, ancaq  "Mənim rəncbər atam" kimi romanınızın davamı əmanət dağlardan gəlsin. "Mənim rəncbər atam"ı oxuyan hər bir Azərbaycan oxucusu köksünün ağrısı ilə,  ürəyinin dərinliyindən gələn səssiz bir göz damlası ilə pıçıldayır. Nə yaxşı ki, bu pıçıltını öz qələminizlə bizə qaytarırsız. Öz qələminizlə bizə oxuyan bulaqlarımızı, kükrəyən çaylarımızı, xalı-xalçalı çəmənlərimizi, qoynunda Qazan xanımızın at çapdığı, Qaçaq Nəbimizin qılınc çaldığı, düşmənə qan uddurduğu dağlarımızı qaytarırsız. Sərt dolaylarda gah aşağı əyilib, ayaq izlərimizi qucaqlayan, gah belini düzəldib, bizimlə söhbət edən Zavıx dərəsi də, əkin-biçin yerimiz Yazı düzümüz də bizi gözləyir. Biçənəklərdə İldırım  kişinin qol açıb oynatdığı kərəntisiylə o vaxt  hər otçalanda olmayan zindanı və çəkiciylə, bir də balaca bir oğlanın coşub məcraya sığmayan Vətən sevgisiylə. Bu sevgi Firəngiz nənənin (ruhu şad olsun), Şəfiqə ananın (ruhu şad olsun) dünyanı büyürən təndir çörəyinin müqəddəs ətrindən doğub. Vətən ətri də, torpaq qayğısı da, övlad  məhəbbəti  də bu balaca təndirin odlu qoynundan dünyaya yayılan  hay-harayından güc alır.  Hər dəfə Vətən torpağının Qarabağ dərdini dərinliyi ölçülməz  qartal gözlərinizdən oxuduqca sabaha inanırsan, ruhlanırsan:  Bu Vətən ölməyəcək, bu Vətən baş əyməyəcək, bu Vətən ölümlərə əyilməyəcək  ulularımız əyilmədiyi kimi. Əyilməz Əli İldırımoğlu kimi. Min yaşa, əziz ustad! Bu günün  daha bir gözəlliyi var.  Bu gün həm də qeyrətimizin kükrədiyi dirçəliş günümüzdür - 17 Noyabrdır. Qoşa ad  günləri qoy həmişə başımız üstündə qələbə müjdəsi, qurtuluş müjdəsi olsun.

Hörmətlə: Bəxtiyar Hüseynov,
Ekoloq jurnalist AJB-nin üzvü,
"Qızıl Qələm" Media mükafatı laureatı.

 





19.11.2013    çap et  çap et