525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

Hinduizm sözü "İndus çayının ətrafında yaşayan" anlamına gələn farsca bir sözdən törəmiş, bu bölgə əhalisinin dinini ifadə etmək üçün işlədilmişdir. Hindular öz dinlərinə "Sanatana Dharma" (əzəli-əbədi din) adını vermişdirlər. Miladdan öncə 1500-cü illərdə Şərqi Avropa düzənliklərindən qopub gələn arilər Hindistanı istila etmişdirlər. Onların dini inanc və ənənələri ilə yerli xalqın ənənələri bir-birinə qarışmış, nəticədə hinduizm ortaya çıxmışdır. Hinduizmin inkişafını beş dövrə ayırmaq mümkündür. 1. Vedalar dövrü (m.ö.1500-800), 2. Upanişadlar dövrü (m.ö.800-500), 3. Klassik dövr (m.ö. 500/400-m.s.500), 4. Orta çağdakı ilahiyyat, fəlsəfi inkişaf dövrü (Vedanta), 5. Müasir dövr. Hinduizm milli dindir. Dünya əhalisinin 12 faizi bu dinin mənsublarıdır. Hinduizmin bir qurucusu, açıq bir aməntusu (inanc sistemi) yoxdur, amma çox həcmli bir müqəddəs kitab kolleksiyası vardır. Hinduizmin müqəddəs kitablarının dili sanskritcədir. Bu kitab kolleksiyalarının başında vedalar durur. Veda "ilahi bilgi" deməkdir. Hindistanın ən əski müqəddəs mətnləri toplanan vedalar dörd yerə bölünür: 1. Riqveda, 2. Samaveda, 3.Yajurveda, 4. Atharvaveda. Riqveda tanrılara təzim etmək üçün yazılmış 1017 ilahidən ibarətdir; Samaveda melodiyalar vedasıdır; Yajurveda qurbanla bağlı formulların vedasıdır; Atharvaveda kosmik (dünya ilə əlaqədar), mistik parçalardan və cadu ilə bağlı dualardan ibarətdir. Ümumiyyətlə, vedalarda ilahilər, dualar, yaşayış qaydaları, tilsim, sehr kimi mövzular yer alır.

Hind cəmiyyəti müxtəlif siniflərə ayrılır. Buna kast sistemi deyilir. Kast "eyni işlə məşğul olan; babadan miras qalan haqları, vəzifələri və adətləri ilə bir-birinə sıx-sıx bağlanan şəxslər qrupu"dur. Kast sistemi dörd sinifdən ibarətdir: 1) Brahmanlar (rahiblər, din adamları), 2) Kşatriya (hökmdar sülaləsi və döyüşçülər), 3) Vaisya (tacirlər, əkinçi və sənətkarlar), 4) Sudra (İşçilər).

Hindu tanrılar panteonunda bir üçləmə diqqəti cəlb edir. Bunlardan Brahma yaradıcı; Vişnu qoruyucu; Şiva isə yoxedici tanrıdır. Hinduizmdə çoxtanrılıq, üçləmə, tanrı - aləm birliyi (panteizm) olmaqla yanaşı təktanrılıq inanışı da vardır. Riqvedanın bir cümləsi "Tanrı birdir. Hakimlər onu müxtəlif şəkildə anlayırlar" şəklindədir.

Avatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə etmək üçün işlədilən sanskrit dilində bir kəlmədir və "enən" anlamına gəlir. Hindlilər Tanrının müxtəlif dövrlərdə müxtəlif şəkillərdə təzahür etdiyinə inanırlar. Hinduizmə görə heç bir peyğəmbər, yaxud dinin mesajı sonuncu deyildir. Bu proses hülul yolu ilə sonsuza qədər davam edəcəkdir. Vişnunun müxtəlif hülulları (avatara) vardır. Bunların iki önəmli "avatara"sı Rama və Krişnadır.

Karma səbəb-nəticə qanunudur. İnsan keçmişdə nə etmişdirsə, gələcəkdə onu görəcəkdir. Əxlaqi bir kainat nizamı olan karma qanununa görə, bu həyatda işlənən əməllər canlının qədərinə təsir edərək onun təkrar vücuda gəlməsində rol oynayır. Yaxşı bir canlının vəziyyəti pisə doğru dəyişirsə, daha öncəki həyatında etdiyi pis əməllərin; əgər yaxşıya doğru dəyişirsə, daha öncəki həyatında etdiyi yaxşı əməllərin qarşılığıdır. Hinduizmə görə, insan sonu olmayan bir tənasüh zənciri içərisində gedib-gəlməkdədir. Ölüm bir qorxu vasitəsi və bir yoxluq deyil, bir haldan digərinə keçiddir. Karma təlimi insanın arzularını həqiqi anlamda ölümsüzlüyə yetişdirir. Buna görə də hər bir hindli yaxşı əməllərlə gələcəkdəki həyatını təminat altına almağa səy edir.

Karma təlimi ilə əlaqədar olaraq tənasüh (ruhun köçməsi: sanskritcəsi samsara; qərb dillərində reinkarnasya, transmiqrasya), yəni ruhun bir bədəndən digərinə keçməsi inancı meydana gəlmişdir. İnsan öz əməllərinə görə heyvan, bitki, insan, yaxud tanrı şəklində doğula bilər. Bu doğulma bir səbəb-nəticə münasibətləri çərçivəsində gerçəkləşir. Hind düşüncəsinin təməlini təşkil edən tənasüh inancı yeni əflatunçularda, əski Misirdə, maniheizmdə, ofizimdə və qnostisizmdə rast gəlinən bir təfəkkür tərzidir. Bəzi xristian məzhəblərində, ixvnu-s-səfa və s. kimi firqələrdə də bu cür düşüncələr mövcuddur.

Yoqa sanskrit dilində "bağlamaq", "birləşdirmək" anlamına gəlir. İnsanı müəyyən bir məqsədə yönəldir. Çalışma və məşq anlamına da gəlir. Gitada insanları qurtuluşa aparan yol kimi göstərilir. Yoqa insanın həm fiziki, həm zehni, həm də mənəvi gücünü bir araya gətirən çalışmadır. Yoqa ilə məşğul olana yoqi deyilir. Yoqi nəfəsinə hakim olur və fikrini bir nöqtədə cəmləşdirir. Beləliklə, o, bədən və ruh, hərəkət və ağıl, hiss və intuisiya arasındakı ahəngi təmin edərək əzəliyə, kainatın dəyişməz mahiyyətinə çatmağa, fövqəltəbii güclərlə təmas qurmağa çalışır.

Hinduizmdə ibadət hər yerdə, hər zaman və hər şəkildə icra oluna bilər. Ortaq ibadət rəmzi "Om"dur. Om sözü bir növ İslamdakı bəsmələ kimi yeməkdən, vedaları oxumağa başlamazdan, duadan, hər hansı bir işdən öncə söylənir. Uzun və xüsusi bir tərzdə dərindən nəfəs alaraq söylənir. Bu kəlmənin hərfləri Brahma-Vişna-Şiva üçlüyünü ifadə edir. Hindistanın dini təmayülünə görə insan üç yolla qurtuluşa çata bilər. Bunlardan biri əməllər (yəni qurbanlarla); digəri elm və mərifət (ilahi həqiqəti tanımaqla); üçüncüsü isə insanın şəxs şəklində təsəvvür edilən bir tanrını sevərək özünü ona təslim etməsi vasitəsilə qurtuluşdur. Hindistanın ziyarət edilən yeddi müqəddəs yeri vardır. Onların ən məşhuru Benaresdir. Hindlilər ölülərini yandıraraq külünü Qanq çayına atırlar.

Caynizm. Hindistan bu gün mövcud olan bir çox dinlərin çıxış yeri olmuşdur. Burada miladdan öncə VI əsrdə buddizm və caynizm, miladdan sonra XVI əsrdə isə sihizm ortaya çıxmışdır. Hinduizmdəki kast sisteminə və brahman sinfinin hakimiyyətinə qarşı bir təzyiq kimi ortaya çıxan bu dinlərdən buddizm ümumbəşəri; caynizm və sihizm milli xarakterə malikdir. Son ikisi Hindistan xaricinə çıxa bilməmişdir. Məzhəb, yaxud təriqət kimi səciyyələndirilən caynizm mənsublarının sayı 3 milyon olaraq göstərilir. Qurucusunun Mahavira (m.ö.599-527) olduğu söylənsə də, əslində caynizm Parsvaya (m.ö.VIII əsr) gedib çıxan bir keçmişə sahibdir. Parsvanın ortaya qoyduğu təlimi Mahavira inkişaf etdirərək sistemləşdirmişdir. Parsvanın təlimi şahzadə Vardhamana tərəfindən yeniləşdirilmiş və inkişaf etdirilmişdir. Vardhamana otuz ay məşq etdikdən sonra bir ağac altında uzun müddət düşüncəyə dalmışdır. Ruh köçünün (samsara) ona nüfuz etməsinə qədər zahidlik həyatı yaşamış və nəhayət, ruh köçündən qurtuluş yolunu tapmışdır. Buna görə də Vardhamanaya "böyük qəhrəman" anlamında Mahavira; "müzəffər", yaxud "insani ehtiraslardan qurtulmuş" mənasında Cina deyilmişdir. Tirtankara (keçid edən, yol göstərən) olaraq Mahaviraya təzim edilmişdir. Onun Nirvanaya varışı caynist təqviminin başlanğıcı hesab olunur. Vardhamana tərəfdarlarına caynist deyilir. Bu kəlmə Mahaviraya nisbət edilən müzəffər mənasındakı "cina" sifətindən törəmişdir. Cinanın təliminə isə "caynizm" deyilmişdir. Mahaviranın və Buddanın həyatları, inancları və əsərləri arasında bənzərliklər vardır. Onlar eyni dövrdə yaşamışdırlar. Brahmanlara, onların ayin üsullarına qarşı çıxmışdırlar. Bu iki hərəkat politeizmə, çox qatı kast sisteminə və qanlı qurbanlara qarşı müqavimət göstərmişdirlər. Aralarındakı fərq caynistlərin zahidliyə daha böyük önəm vermələri və öz nəfislərinə işgəncədə daha çox ifrata varmalarıdır. Caynizmdə Ahimsa (şiddətə getməmə, öldürməmə) prinsipi vardır, yəni hər cür məxluqatı öldürmə yasaqdır.

Caynizm ateist bir din kimi göstərilir. Bu ateizm tanrının varlığını, ruhun əbədiliyini inkar etmək anlamında deyildir. Mahavira Budda kimi tanrı fikri üzərində durmasa da, bəzi caynist məzhəblərdə tanrı inancının var olduğu anlaşılır. Eramızın XV əsrində qurulan  Sthanakavasi məzhəbi ilk caynizmin tanrıtanımaz bir xarakterə sahib olduğunu bildirərək məbədlərdəki tanrı heykəllərini və rəsmləri rədd etmişdir. Rahiblər arasında geyim barəsində fikir ayrılığı ilə əlaqədar caynistlər iki məzhəbə ayrılmışdır: 1) Diqambara (hava geyinənlər). Bunlar Mahaviraya uyaraq tamamilə çılpaq gəzərlər. 2) Svetambara (ağ geyinənlər).

Caynistlərin əxlaq prinsipi beş əsasdan ibarətdir: öldürməmək, yalan söyləməmək, oğurluq etməmək, mümkün olduğu qədər cinsi əlaqədən uzaq durmaq, minimal mal ilə yetinmək. Caynizmin hədəfi ruhu doğumla ölüm arasında cərəyan edən bağdan, karmadan qurtarıb nirvanaya çatdırmaqdır. Karmaya qarşı özünü qoruma irəli sürülən yasaqlara əməl etməklə mümkün ola bilir. Caynistlərə görə bu dünyanın qurucusu yoxdur. Dünya əbədidir və yaradılmamışdır. Onun cənnət və cəhənnəmləri vardır. Təkrar bu dünyaya gəlməkdən xilas olanlar göylər aləmi üzərində bir başqa aləmdə mövcud olurlar.

Sihizm. İslam və hinduizmin qarışığından əmələ gəlmiş sihizmin qurucusu Nanakdır (1469-1539). Hindistanın siyasi həyatında önəmli yer tutan bu dini hərəkatın doqquz milyona yaxın mənsubu vardır. Milli bir dini hərəkat olmaqla yanaşı dünyanın müxtəlif yerlərində üzvləri vardır. İslam dininin cahanşümul ruhu hindlilərin də qəlblərini oxşamış və onlar bu dini qəbul etməyə başlamışdırlar. Öz mədəniyyətlərindən ayrılmayanlar isə Hinduizmlə İslamı uzlaşdırmağa çalışmışdırlar. Nanak hinduizmin adət və ənənələrini saflaşdırmaq, politeizmi, bütə tapınmağı və kast sistemini ortadan qaldırıb orta bir yol tutmaq istəmişdir. Əvvəlcə siyasi olaraq başlayan bu hərəkat daha sonra dini bir xarakter almışdır. İslam mütəsəvviflərinin təsirinə düşən Nanak sinkretist Sih hərəkatını başlamışdır. Nanaka görə Tanrı təkdir, əbədidir, görünməz, sözlə anladılmaz, hər yerdə və hər zaman mövcuddur. Bununla yanaşı o, hind fəlsəfəsindən gələn "maya" və "nirvana" təsəvvürlərini mənimsəmiş, tənasüh fikrini qəbul etmiş, amma avataralara inanmağı rədd etmişdir. Nanakın ölümündən sonra  ruhunun növbə ilə "quru"ya (həvari, ardıcıl) keçəcəyi fikri ortaya çıxmışdır. Buna görə də quruların hamısı Nanakın yeni təzahürü kimi qəbul olunmağa başlandı. Bu qurular silsiləsi onuncu quru Govind Singhin 1708-ci ildə ölümü ilə başa çatmışdır. Quruların şagirdləri "sih" (sanskrit dilində çıraq, yaxud şagird) adını almışdır. Sahib olduqları sistem qərblilər tərəfindən sihizm adlandırılmışdır. Özləri isə "qurmat" istilahını işlətmişdirlər. Sihlər bir tək Tanrıya, Adi-Qrant adlı müqəddəs kitaba, karma və tənasühə inanırlar. Dini ibadəti bəsit və sadədir. Dini və ictimai fəaliyyətlərinin mərkəzi Amritsardakı Altın Məbəddir (Harimandir). Bu məbədin hovuzunda ibadət məqsədi ilə yuyunurlar. Ayin və ibadətləri sadə bir duadan, bir növ dəstəmaz almaqdan (yuyunmaq) ibarətdir. Sihlər ət yeməklə hindulardan ayrılırlar. Bu gün Hindistanda 10 milyon civarında sih vardır. Onlar hərbi, siyasi, iqtisadi, təhsil sahələrində söz sahibidirlər. İnanc ayrılığı ucbatından hindularla aralarında münaqişələr baş verir.

(Ardı var)

 





19.11.2013    çap et  çap et