525.Az

El üçün yanan ürək


 

El üçün yanan ürək<b style="color:red"></b>

"Dünya bir pəncərədir, hər gələn baxar gedər". Bu sözlərdə dərin və ibrətamizməna var. Baxmağına hamı baxır... Ammahara baxır, necə baxır? Əsl insan özündən sonrakı nəslin baxması üçün bir iz, görüb götürməsi üçün pakəməl, yaxşı ad-san qoyub gedir. Bunun üçün nə dahi, nə də alim olmaq lazımdır. Sadəcə Ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu vicdanla, şərəflə, ləyaqətlə yaşamaq kifayətdir.

Vicdan və şərəflə yaşamağı isə hər adam bacarmır. Vicdanı və şərəfi qanından, genindən, əsil nəcabətindən gələnlər, daxili dünyası xeyirxahlıqla, mənəvi sərvətlə, sevgi ilə dolu olanlar bacarırlar. Ömür yolu insanın özüdür. Yollar çoxdur, hamısı da bir-birindən fərqli.İnam, əqidə,mənlik yolu var. İnsanları birləşdirən və ayıran yollar var. Əsas odur ki, öz yolun olsun, bu yolu tutub gedəsən, yolunu azmayasan. Bir yol da var, onun adı ömür yoludur. Bu yol hər kəsin yalnız özünəməxsusdur. Belə insanlar haram tikə yeməzlər. Onlar həyatlarının mənasını xalqa, vətənə xidmət etməkdə görür və bir şəxsiyyət kimi yetişirlər. Bunun üçün isə çətin, mürəkkəb həyatyolu keçməli, bu yolda həmişə xalqa arxalanmalı, ağlının gücündən istifadə etməlisən. Xalqda dağ gücü var. Atalar əbəs yerə deməyiblər, dayağı dağ olanın başı göylərə dəyər.

Belə insanlardan biri haqqında söhbət açacağam.

O, bu cür yaşamağı bacardı.Özü yaşadı, insanları da yaşatdı.Bu gün isə başı uca gəzir, hamının gözünə düz baxır.

Hələ Sovet dönəmində Laçın rayon komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsinin ikinci katibi işlədiyi gənclikillərində də, rayon xalq deputatları soveti icraiyyə komitəsinin sədri olduğu dövrdə də, rayon təhsil şöbəsinə rəhbərlik etdiyi iyirmi ildə də bu münvalla çalışdı. Çalışdığı vəzifələrə hörmət və şöhrət gətirdi. Ləyaqətlə qulluq etdi, ona etibar olunan sahələrə. Bir əlində qanunu, bir əlində xalqı tutdu Tofiq Nəcəfov.Tutduğu vəzifələrdən də yüksəkdə onun sadəliyi, insanlığı, xeyirxahlığı dururdu.

Rəhbər vəzifələrdə çalışdığı illərdə müxtəlif xarakterli, əqidəli insanlarla da üz-üzə gəlib Tofiq müəllim. Belə adamlara pislik etməyib. Vəzifəsinin gücü ilə yox, insanlıq baxımından yanaşıb onlara. Sanballı dayanıb, səbrli olub, əyilməyib, məğrurluğunu, qürurunu, təmkinini pozmayıb. Uşaq vaxtı kölgəsində oturduğu palıd ağacı kimi möhkəm dayanıb. Ən başlıcası insanlıq hissini itirməyib,insanlara yuxarıdan aşağı baxmayıb. Yalnız bir halda adamlara yuxarıdan aşağı baxıb. Bu da insanların qolundan tutub yerdən qaldıranda olub. Belə adamlar isə yenidən güc tapıb yaşayıblar. Yaşadığı illərdə qolundan tutub qaldırana duaçı olub, gecə-gündüz alxış ediblər. Adamlar özlərinə yaxın biliblər, ürəklərini açıblar ona. Çünki onun böyük ürəyi var. Bu ürəyə neçə-neçə adamın ürəyi sığınıb.

Atdığı bütün addımlarda haqq ədaləti göz bəbəyi kimi qoruyub, milli-mənəvi dəyərlərimizi gözünün üstündə saxlayıb. Tofiq Nəcəfov heç vaxt adlı-sanlı, şöhrətli olmağı ağlına belə gətirməyib. Laçında hamının tanıdığı, sayılıb- seçilən, böyük hörmət sahibi olan ziyalı ailəsində böyümüşdü. Atası Nəcəf müəllim rayonun maarifpərvər şəxslərindən olub. Sadəlik, xeyirxahlıq, adamlara əl tutmaq atasından keçib ona.

Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev ikinci dünya müharibəsinin ilkillərində Laçın rayon Xalq Maarifi Şöbəsinin müdiri işlədiyi vaxtlar şər-şəmətə ataraq onu həbs edirlər.Sərt və ədalətsiz qanunların tüğyan etdiyi bir vaxtda heç kəs özündə cəsarət tapıb bu böyük şəxsiyyəti müdafiə etməyə cürət göstərmir. Nəcəf Nəcəfov belə bir ziyalıya qarşı olan haqsızlığa dözə bilmir. Çətinliklə də olsa, həyatı bahasına Əli Vəliyevi zamına götürə bilir. Nəticədə Azərbaycanın gələcək xalq yazıçısı, respublikanın dəyərli insanına qarşı qaldırılan cinayət işi ləğv edilir. Bax, belə  bir kişidən tərbiyə almışdı Tofiq Nəcəfov.

Rayon sovetinin sədri təyin olunandan sonra illərlə növbəyə dayanıb ev və maşın ala bilməyən neçə-neçə ailələri sevindirdi, işıq yandırdı onların evində.

O vaxtlar idarə, müəssisə və təşkilatların işi, fəaliyyəti müntəzəm olaraq yoxlanıb rayon partiya komitələrinin büro iclaslarında müzakirə olunur, nöqsanlara görə cavabdeh şəxslərə cəza verilirdi. Belə vaxtlarda adamların ümidi yenə Tofiq Nəcəfova qalırdı. Axırda hamı onun nə deməsini, təklifini gözləyirdi. Büro üzvü kimi səlahiyyətindən istifadə edib adamların müdafiəsinə qalxırdı. Hər xırda nöqsan və çatışmazlığa görə kadrların cəzalanmasını istəmirdi.Qoruyurdu onları. Deyirdi bir kadrın yetişməsi üçün illər lazımdır. Elə qardaşı Muxtar da belə idi. Prokurorluq orqanlarında işlədiyi illər ərzində qanunun aliliyini, haqq ədaləti həmişə gözləyib.

1992-ci ilin may ayında rayonun işğalından sonra laçınlılar respublikanın bütün rayonlarında məskunlaşmağa məcbur oldular. Onda rayon təhsil şöbəsinin müdiri Tofiq Nəcəfov idi. Yuxarılardan dedilər ki, laçınlılar harada məskunlaşıblarsa uşaqları da oradakı yerli məktəblərdə təhsillərini davam etdirməlidirlər. Məsələ təkcə uşaqların təhsillərini davam etdirməsi deyildi. 2800 nəfər müəllimin altmış beş faizini qadınlar təşkil edirdi.

Doğma yurdlarından zorla qovulmuş bu insanların nəydi günahı, harasa, kiməsə qısılsın? Ən yüksək orqanlara kimi getdi Tofiq müəllim.Laçın müəllimləri,qadınları heç kimin kölgəsinə qısılmadan, laçınlı uşaqların təlim-tərbiyəsi ilə özləri məşğul olacaqlar, dedi. Belə də oldu. Bu gün məcburi köçkün həyatı yaşasalarda hər il yüzlərlə laçınlı gənc respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olurlar.

Rayon təhsil şöbəsinə rəhbərlik etdiyi iyirmi ildə belə işlədi Tofiq Nəcəfov. Qorudu müəllimləri, arxa, dayaq oldu, halal çörək verdi onlara. Onlar da bu çörəyin qədrini bildilər, başını uca etdilər onun. Rəhbər kimi yetişdi, insan kimi bərkidi. Dövlət tərəfindən ən yüksək orden və medallara layiq görüldü.

Yaxşı ailə başçısıdır. Altı övladı var. Hamısı da ali təhsilli. Xoşbəxt ailə sevinci yaşayırlar. Qohumolduğu insanlardan çox razıdır Tofiq müəllim.

Bu gün də O, mənəvi cəhətdən hamıdan zəngin, sağlam, ürəyi xeyirxahlıqla dolu günlər yaşayır.

Vaqif ŞÜKÜROV

 





19.11.2013    çap et  çap et