525.Az

"Traviata" operası Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub


 

"Traviata" operası Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub<b style="color:red"></b>

Vasili Safonov adına Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin 200 illik yubileyi münasibətilə dahi bəstəkarın "Traviata" operasının premyerası olub. Yeni quruluşda səhnələşdirilən tamaşanın musiqi rəhbəri və dirijoru, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevdir. Dirijor Əyyub Quliyev "525"ə bildirib ki, səhnə əsərinin quruluşçu heyəti - rejissor Andrey Noqin, geyim üzrə rəssamı Mariya Pavlova, xorun rəhbəri Alina Muxamedjanova, xoreoqraf Nina Klepneva və V.Safonov adına Akademik Simfonik orkestr və xor kollektivi tamaşanın uğurlu alınması üçün böyük əmək sərf ediblər.

Tamaşanın bədii rəhbəri V.Safonov adına Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Svetlana Berejnayadır.

"Traviata" operası Rusiyanın cənub regionunda ilk dəfə olaraq tamaşaya qoyulub və musiqisevərlər arasında böyük rezonans doğurub. Operanın nümayişindən sonra dinləyicilər kollektivi uzun müddət ayaq üstə alqışlayıblar.  Azərbaycanlı dirijor Ə.Quliyevin sözügedən filarmoniya ilə növbəti layihəsi 2014-cü ilin yanvar və noyabr aylarına planlaşdırılır. Bu dəfə S.Raxmaninovun "Aleko" və P.Çaykovskinin "Yevgeni Onegin" operaları yeni quruluşda təqdim olunacaq.  Ə.Quliyev müxtəlif vaxtlarda London Kral filarmonik orkestri (İngiltərə), "Olimpiya" simfonik orkestri (ABŞ), Toskanini filarmonik orkestri (İtaliya), Vyana kamera orkestri (Avstriya), "Colours" simfonik orkestri (Yunanıstan), "Çex virtuozları" Şimal Çex filarmonik orkestri və digər dünya şöhrətli orkestrlərə dirijorluq edib.

S.ABDULLAYEVA

 





20.11.2013    çap et  çap et