525.Az

"Bakinskiy listok" qəzetindən səhifələr - Ülkər Hüseynovanın təqdimatında


 

"Bakinskiy listok" qəzetindən səhifələr - <b style="color:red">Ülkər Hüseynovanın təqdimatında </b>

"Bakinskiy listok" qəzetinin 1871-ci il, 1 may tarixli nömrəsində "Erməni knyazı Göyçayski Peterburqa gedir" adlı müxbir yazısı verilmişdir.

Yazını oxuyarkən gürcü knyazı Q.V.Macavelinin "Erməni-müsəlman münasibətləri" məqaləsini xatırladım. Fırıldaqçı erməni knyazı İvan Göyçayskidən fərqli olaraq Georgi Macaveli məşhur gürcü knyazları Macavelilərin nəslindəndir. Görəsən, Şimali Azərbaycana kütləvi şəkildə köçürülmələrinin tarixi (1871-ci il nəzərdə tutulur) heç yarım əsrə çatmayan İran, yaxud Türkiyə ermənilərindən birisi olan İvan Babayev nə tez Göyçayın knyazı olmuşdu?!

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibəti ilə  cümhuriyyət dövrünün fədakar tədqiqatçılarından, tarix elmləri doktoru, professor, şərqşünas professor Solmaz Rüstəmova Tohidi 2015-ci ildə Parisdə Əlimərdan bəyin arxivini araşdırarkən həqiqi gürcü knyazı Q.V.Macavelinin "Erməni-müsəlman münasibətləri" adlı məqaləsinə rast gəlir, digər nadir sənədlərlə birlikdə həmin məqalənin də fotosurətini çıxararaq Bakıya gətirir və 2018-ci ildə "Aspoliqraf LTD" nəşriyyatı tərəfindən rus dilində çap olunmuş "Alimardan bek Topçibaşev. Armənskiy faktor v Bakinskix sobıtiəx 1905-1906 qq. Dokumentı iz Parijskoqo arxiva" kitabında nəşr etdirir. Məqalə 1906-cı ildə yazılmışdı. Həmin illərdə Azərbaycanda türklər-azərbaycanlılarla yanaşı, kürdlər, gürcü-ingiloylar, tatlar, talışlar, ləzgilər, udilər, haputlar və b. azsaylı xalqlar da yaşayırdı və azərbaycanlılar onlarla çox mehriban münasibətdə birgə yaşamış, bu gün də yaşamaqdadırlar. Tarixdə azərbaycanlıların nə vaxtsa bu xalqlarla münaqişəsi faktına rast gəlmirik. Bəs gəlmə ermənilər görəsən, niyə bizimlə mehriban qonşuluq şəraitində yaşamaq istəmədilər? "Özümə yer edim, gör sənə nə edim". Elə bil bu atalar sözündə deyildiyi kimi, haylar-ermənilər torpaq davasına başladılar, özü də ən zəngin faydalı qazıntıları olan neft Bakısından. O qədər azğınlaşdılar ki, hətta 1905-ci ildə Bakının ən qədim kəndlərindən olan Sabunçu, Ramana, Balaxanı, Zabratdan yerli əhalinin əsrlərlə yaşadığı yerlərindən köçürülməsi haqqında canişin Vorontsov Daşkovu 11 sentyabr 1905-ci ildə çar II Nikolaya əhalinin köçürülməsi haqqında teleqram göndərməsinə nail oldular. Teleqramda canişin Vorontsov-Daşkov imperatora həmin kəndlərdə yaşayan azərbaycanlıları talan və yanğınların əsas günahkarları, Abşeron kəndlərini isə "... həmişə quldur məskəni" kimi tanıdırdı. Belə bir amansız, qeyri-humanitar tədbirin həyata keçirilməsinə səbəb isə mədənlərin yandırılması göstərilirdi.

Belə faktlar Sumqayıt hadisələrini xatırlatmırmı? Yaxud Xocalı faciəsinin başlanğıcı, əvvəli deyilmi? Dinc əhaliyə quldur-qaçaq damğası vurmaqla onları isti yuvalarından, qədim məskənlərindən qovub, özlərini məskunlaşdırmağın ən asan yolu deyilmi? Knyaz Macavelinin "yaraşıqlı xalq" adlandırdığı haylar-ermənilər özlərini nə qədər Knyaz Göyçayski, Şuşinski, Şirvanzadə adlandırsalar da, müasir DNK ilə aparılan tədqiqatlar azəri türklərinin Qafqaz ərazisində sakin olmuş ən qədim xalqlardan olduğunu sübut edir. Knyaz Q.V.Macavelinin arxivdən tapılmış, lakin çap olunmamış məqaləsində bəzi məqamlara diqqət yetirək: "Son bir neçə onillərdə ermənilər maddi və milli uğurlarından ruhlanaraq həddini aşıblar. Erməninin adı istismarçının, eqoistin, bambılının sinonimi olub. Heç bir xalq milli xüsusiyyətləri nə qədər zəngin olsa da, əgər əhatəsindəkilər ona müsbət münasibət bəsləmirsə, xeyirxah və rəğbətlə qəbul edilmirlərsə, o, gələcəyinə ümid edə bilməz, bunu xüsusilə çoxmilyonlu müsəlman və pravoslav əhalisi arasında səpələnmiş erməni əhalisi nəzərə almalıdır".

Vaxtında və sərrast deyilmiş sözlərdir: erməni-müsəlman qarşıdurmaları məhz ermənilərin təhriki ilə başlamışdı: 1918-1988-ci illər hələ qabaqda idi. Nə yaxşı ki, 70 ildən artıq oxumaq, tanış olmaq belə qadağan olunmuş dövri mətbuat varmış. Bu gün çoxları üçün müəmmalı, qaranlıq məsələləri işıqlandırmaq üçün həm rus və həm də Azərbaycan dilindəki qəzet və jurnal səhifələrində, xarici ölkələrin arxivlərində səliqə ilə mühafizə olunan arxiv materiallarında təxminən 190 il rus əsarətində olan xalqımızın taleyini izləmək, öyrənmək mümkün olmuşdur. Rus imperiyası zamanında məhz ekstremist erməni-hayların fitvası ilə bütün dünyaya vəhşi, mədəniyyətsiz xalq kimi tanıdılan, təbii sərvətlərini talan edib, hətta cınqırını çıxararsa, divan cəzası tutulacağına da "rəva" görüləcək bir dövr yaşanılıb.

Bəli, 1905-ci ildəki erməni-müsəlman davasında məhz Bakı kəndlərindəki əhaliyə divan tutmaq üçün canişinin hərbi divan dəstələri haqqında sərəncamı olmuşdu. Macaveli məqaləsində yazır: "Müsəlman əhalisi və onların acınacaqlı güzəranı haqqında danışmağa lüzum varmı? Mən əminəm ki, müsəlman ziyalıları arasında bu xalqın varlığını, mənəvi və maddi durumunu tam ədalətlə işıqlandırmağa müvəffəq olan şəxsiyyətlər tapılacaq...

... Xalqın gələcəyini saraylar deyil, mənəvi əsaslar yaradır. Erməni burjuaziyası və ziyalılar bunu yadda saxlamalıdırlar, səmimi qəlbdən deyirəm ki, yaraşıqlı xalqı hələlik Bakı, Şuşa və Zaqafqaziyanın digər şəhərlərində baş vermiş faciəli hadisələrə səbəb olmuş avantüralara, xətalara sürükləməsinlər".

Hələ 100 il bundan əvvəl Azərbaycan ziyalıları ilə yanaşı, gürcü knyazı Q.V.Macaveli hayları beləcə xəbərdar edirdi.

Knyaz Babayev Göyçayski Sankt-Peterburqa gedir 

"Moskovskiy vedomosti"nin Odessa müxbiri qəzetin 1 aprel tarixli nömrəsində yazır: "Aleksandr" gəmisi günorta vaxtı Odessa limanına daxil oldu. Konstantinopoldan gələn gəmidə sərnişinlərin arasında özünü knyaz Göyçayski adlandıran yalançı İvan Babayev və arvadı da vardır. Onları türk gözətçisi və "Taman" gəmisindən olan rus leytenantı Denisov müşayiət edir. Denisov rus səfirliyinin əməkdaşıdır. Odessada yalançı knyazın - belə məşhur məhbusun saxlanması üçün yer tapılmadığından, ertəsi günün səhərinə qədər gəmidə saxlanılması üçün əmr verilmişdir. Kapitan S.-nin lütfkarlığı sayəsində mən həm knyazı, həm də onun üçüncü olan gənc arvadını görə bildim. Mən gəmidə olarkən şəhər rəisi də orada idi. O, "məşhur" məhbusun necə qorunması ilə maraqlanırdı. Knyaz, daha doğrusu, naxçıvanlı İvan Babayev ermənidir. Ortaboylu, qarayanız, 30-35 yaşlarında, bakenbardı, saqqalı səliqə ilə təraş edilmiş bir adamdır.

Özünü çox təmkinli aparır, lakin tez-tez gözləri ilə əsəbi halda ətrafa boylanır. Boylu-buxunlu, 24-26 yaşlarında olan arvadı son dərəcə gözəgəlimlidir, fransızca əla danışır, özünü çox sakit aparır, sanki o, doğrudan da knyaz arvadıdır. O, ərinin həqiqətən də knyaz olduğuna inanır. Şəhər rəisi bir saatdan çox onu bu fırıldaqçı ərini atmağa çağırsa da, o, bu haqda eşitmək belə istəmir, yalançı knyaz onu elə inandırıb ki, Xanım elə bilir ki, Peterburqa çatan kimi bütün bu anlaşılmazlıqlar öz həllini tapacaq. Gəmidə arvadına görə "knyaz" - erməni ilə yumşaq davranırlar. O, sərnişinlər üçün olan birinci dərəcəli kayutda yerləşdirilib, hətta ümumi masa arxasında nahar edir. Kapitanla birlikdə altı sərhəd gözətçisi göyərtədə kayutanın yanında dayanıb, onun keşiyini çəkir, knyaz Göyçayskini narahat etmirlər. O, gecəni gəmidə keçirəcək, səhər saat 6-da isə poçt qatarı ilə Peterburqa göndəriləcək. Mənim məktubum da həmin qatarla göndəriləcək.

Gəmidə mənə söylədilər ki, bu knyaz Konstantinopolda səfirimizin yanına düşmək üçün çox kobud davranıb. Yalnız səhəri gün general-adyutant İqnatyev onu həbs etmək haqqında əmr yazılmış teleqramdan öyrənib ki, knyaz nə yuvanın quşudur.

"Bakinskiy listok" qəzeti, № 9, 1 may 1871-ci il 

Babayevin fəndgirliyi 

"Qolos" qəzetinin Konstantinopoldakı müxbiri xəbər verir ki, yalançı knyaz İvan Göyçayski, yaxud Şuşinskinin çoxlu rus bank bileti və kağız pulu vardır. O, bunları Konstantinopolda satıb, xırıd eləyib, keçmiş günahlarının izini itirmək üçün harasa qaçmaq niyyətindədir. Lakin bədbəxtlikdən Konstantinopol bankirləri onun "knyazlığına" inanmayıb, tanımadıqları adamdan rus pullarına o qədər də maraq göstərməyiblər, ona görə də Babayev kapitalının yalnız bir hissəsini qızıl pula dəyişib İtaliyaya getməyə hazırlaşıb, lakin gözlənilmədən rus səfirliyindən onu səfəri təxirə salıb, pasportunu təqdim etməyi tələb ediblər. Təbii ki, Babayev başa düşüb ki, səfəratxanaya çağırılmasının səbəbi onun Peterburq, Poltava və digər rus şəhərlərindəki fırıldaqlarının üzə çıxmasıdır; Babayev o saat özünə himayədarlar axtarmağa başlayıb, deyirlər ki, az qala Konstantinopoldakı bütün səfirlikləri gəzib, rus hökumətinin onun siyasi baxışlarına görə, həm də ona olan milyonlarla borcu qaytarmamaq üçün onu izləyir. Babayev yaxşı bilirdi ki, xaricdə bizim qayda-qanunlarımız haqqında hər cür mənasız, cəfəng sözlərə iltifatla qulaq asırlar; lakin bu dəfə o, öz haqq-hesabında yanıldığının şahidi oldu. Onu gözləyən təhlükədən qorunmaq üçün qaçmağa üz tutdu, Adrianopola gəldi. Babayevi şəhər qapılarında peyda olan kimi, həbs edib onun üçün hazırlanmış xüsusi yerə gətirdilər. Məlum oldu ki, artıq Adrianopolda da Babayev tərəfindən yayılmış şayiələrdən xəbərdardırlar. Lakin burada onu müdafiə edən xeyli adam tapıldı. Babayevin tutulmasından xəbər tutan yerli ermənilər general-qubernatorun yanına nümayəndələr göndərib Babayevin həmvətənliləri kimi buraxılıb onlara verilməsini xahiş etdilər, müsəlmanlar isə ucadan ona narazılıqlarını söyləyirdilər ki, Türkiyə hökuməti Moskva çar nümayəndəsinin tələbinə görə Babayevi Rusiyaya təhvil verir. Halbuki Babayev sultan Türkiyəsindən sığınacaq almaq şərti ilə müsəlmanlığı qəbul edəcəyinə, üstəlik, çar hökumətindən ona çatacaq külli miqdarda pulu Türkiyənin xeyrinə güzəştə gedəcəyinə hazır olduğunu bildirib.

Dünən mən bildirmişdim ki, Babayev Peterburqa gedir, lakin onu Poltavaya göndəriblər. O, bu gün səhər poçt qatarı ilə Odessanı tərk edib. Knyaz gəmidə arvadı ilə I dərəcəli kupedə iki zabit və jandarm nəzarətində olub.

"Birja xəbərləri"ndə isə oxuduq ki, Babayev Peterburqa gətirilib, arvadı isə Poltavada qohumlarının yanında qalıb.

"Bakinskiy listok" qəzeti, № 10, 8 may 1871-ci il

 





10.02.2020    çap et  çap et