525.Az

Azərbaycan üzü yaza gedir - Fikrət Qocanın şeirləri


 

Azərbaycan üzü yaza gedir - <b style="color:red">Fikrət Qocanın şeirləri </b>

(YARIZARAFAT, YARIDOĞRU)

Xeyir ola pıçıldaşırsınız,
Aşıb-daşırsınız...
Görüşüb, hamıdan qaçırsınız.
Bu gizlənpaç oyununun
arxasında
Bir uşaq var.
Sizə deyilən bir "Şah!" var.
Sən də "Mat" olacaqsan.
Minəcəklər səni,
At olacaqsan.
Bala, dünya belədi,
Ya abad,
Ya da bərbad olacaqsan.
Amma bundan da qaçsan
Soysuz - bədzat olacaqsan.
YENƏ...
Yenə üzü yaza gedir
Hamı görə-görə,
Bəzi görüb yaza-yaza gedir.
Yenə bəzi yolunu aza-aza gedir...

YAZA GEDİR

Bədniyyət deyir ki,
- Yox, qış olacaq!
Göydən yerə qarğış olacaq...
Oxqay!!! Sizə bəd olacaq,
Mənə xoş olacaq...
- Ay neybət! Dilində qarğış,
Əllərin boş olacaq!

NİHİLİS

Nihİlis də yaza gedir...
Gözü görür, qəlbi sevinir,
Qələmi poza-poza gedir...

GEDİR

Zaman üzü yaza gedir
Kimi yuxusunu yoza-yoza gedir...
Kimi də yatıb hələ "duza" gedir.

ÜZÜ YAZA GEDİR

Kimi saza,
Kimi avaza gedir.
Manısların azı çoxa,
Çoxu aza gedir...
Kimi də elə-belə,
basıb qaza, gedir!
ABIRSIZ ADAM
Yazılmamış ağ kağızdı,
O bilmir qışdı, yazdı.
Onun üçün
bütün rənglər bəyazdı.
O dərin düşünə bilmir,
Onun üçün dünya dayazdı...

GEDİRƏM

Mən qışda da üzü yaza gedirəm,
Yaza-yaza, poza-poza gedirəm.
Qar kimi ağ vərəqləri
Qara naxışlı sözlərlə bəziyirəm.
Məndən söz soruşan yoxdu,
Öz-özümə gəvəziyirəm.
Bu gün güzgüyə baxdım,
Saçım ağ, saqqalım ağ,
Aman Allah...
Yenicə çiçək açmış
Alça ağacına bənzəyirəm.
Üzü yaza gedirəm,
mən də torpağam,
Baharlıyam, qışlıyam!
Azərbaycanlıyam,
Şuşalıyam, Ağdaşlıyam!

BAHAR

Bahar yaranış fəslidir.
Bir az ağıllıdır, bir az dəlidir.
Dəliliyi də, şirindir, gülməlidir.
Yaratmaq istəyir.
Əsas odur ki, niyyəti yaxşılıqdı...
Niyyəti bəllidi.
Bu da yaxşı təsəllidi.
Hər şey pilləlidi
Böyük zəfərlərin
İlkin həllidi.

05.02.2020

 





11.02.2020    çap et  çap et