525.Az

Qazaxıstan Xalq Assambleyasının sədr müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib


 

Qazaxıstan Xalq Assambleyasının sədr müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib<b style="color:red"></b> Qazaxıstan Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Qonaqlar  əvvəlcə Fondun binasında fəaliyyət göstərən və türkdilli xalqların mədəniyyətini, adət-ənənələrini əks etdirən muzeylə tanış olub, gənc muğam ifaçılarının musiqisini dinləyiblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, ötən ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Fondun daimi istifadəsinə verilmiş yeni binasının təşkilata üzv və müşahidəçi ölkələrin Xarici İşlər nazirlərinin, eləcə də Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə təntənəli açılış mərasimindən, VII Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil edilən silsilə tədbirlərdən bəhs edib.

G.Əfəndiyeva təmsil etdiyi qurumun türk dünyasına məxsus irs və mədəniyyətin qorunması ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə də məlumat verib. Bu il Qazaxıstanın bir sıra mühüm yubileylərinin, o cümlədən türk dünyasında Şərqin böyük filosofu Əl-Fərabinin anadan olmasının 1150, qazax şairi Abay Kunanbayevin 175 illiyinin qeyd etdiyini söyləyən G.Əfəndiyeva, bununla bağlı Fondun da fəal iştirakının nəzərdə tutulduğunu qeyd edib.

Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayev türkdilli dövlətlər və xalqlar arasında mövcud olan tarixi köklərdən, ortaq dəyərlərdən söhbət açıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsində fəaliyyətini yüksək qiymətləndirib və Fondun prezidentini Qazaxıstana dəvət edərək, ölkəsinin Fondun fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib. “Fondun türk mədəniyyətinin təbliği istiqamətində görəcək işləri böyükdür. Bundan sonra da bu ocaqda türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlərin görüləcəyinə inanıram”, – deyə Janseit Tuymebayev söyləyib.

Sonda qonaqlar Fondun muzeyinə və kitabxanasına qiymətli kitablar, suvenirlər bağışlayıblar.
Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri təqdim edib.
 





11.02.2020    çap et  çap et