525.Az

Azərbaycanın turizm imkanları İsraildə təqdim olunub


 

Azərbaycanın turizm imkanları İsraildə təqdim olunub<b style="color:red"></b>

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edib.

Sərgidə Azərbaycanı 80 kvadratmetrlik stendlə 4 hotel, 3 turoperator və Dağ Yəhudiləri Muzeyi təmsil edib.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı direktorunun müavini Bəhruz Əsgərov AZƏRTAC-a bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb: “Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8 faiz artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158 faiz artım hesab olunur.

Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarəedilməsi departamentinin əməkdaşı Rüfət Sadıxov 2019-cu ildə də İsraildən olan bir sıra media nümayəndələri və turizm agentlikləri üçün infoturların təşkil olunduğunu, təbliğat tədbirlərinin bu il də davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, israilli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv tədbirlər görüləcək.

Sərgi çərçivəsində İsraildə ilk dəfə Dağ Yəhudiləri Muzeyinin təqdimatı da baş tutub. Bu barədə danışan muzeyin icraçı direktoru İqor Şaulov bildirib ki, Qubada yaradılan muzey artıq test rejimində fəaliyyətdədir və yaxın zamanlarda rəsmi açılışı baş tutacaq. Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər. Burada vətənimiz Azərbaycanı təmsil etməklə Azərbaycan və İsrail xalqları arasında mövcud dostluq münasibətlərinə töhfə verməkdən çox məmnunuq”.

Qeyd edək ki, Qubada yerləşən Qırmızı Qəsəbə dünya üzrə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə məkan olaraq multikulturalizmin ən bariz nümunələrindən biri kimi əsrlərdir qorunub saxlanılır.

Azərbaycana olan maraq nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə, həmçinin İsrail turizm agentlikləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Azərbaycan stendində təmsil olunan “PAŞA Travel” şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Abdurəhmanova söyləyib ki, ikitərəfli biznes əlaqələri üçün İsrail uğurlu və perspektivli istiqamətdir. “İsrailli turistlər aktiv istirahəti sevirlər, onlar təkcə Bakıya deyil, Azərbaycanın digər guşələrinə də səfərlər edirlər. İsrailli turistlər üçün bir sıra turizm məhsulları yaradılır ki, burada ivrit dilində bələdçi xidmətinin olması, koşer yeməkləri və digər məqamlar nəzərə alınır. Ötən il yəhudilərin Pesax bayramı zamanı israilli turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq üçün 3 çarter reysi də təşkil etmişik”, -deyə o, əlavə edib.

1994-cü ildən bəri hər il keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisinə ötən il 57 ölkədən 1870 iştirakçı qatılıb və sərgi 27 minə yaxın insan tərəfindən ziyarət edilib.

 





11.02.2020    çap et  çap et