525.Az

"Qafqaza qayıdış" sənədli filminin təqdimatı olub


 

"Qafqaza qayıdış" sənədli filminin təqdimatı olub<b style="color:red"></b> Noyabrın 20-də  Nizami Kino Mərkəzində Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib.
 
Lent.az-ın məlumata görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sözügedən ekran əsəri filmlə turizmin vəhdətidir: “Mən çox sevinirəm ki, ilk addım olmasına baxmayaraq, bizim turizm filmləri festivalında 45 ölkə iştirak edir. Bu o deməkdir ki, Azərbaycan festivalı uğurla başlayıb və uğurla da davam edəcək. İnanıram ki, ən maraqlı filmlər bizim tamaşaçılar və münasiflər heyəti tərəfindən dəyərləndiriləcək”.
 
Nazir son illərdə Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini də qeyd edib: “Əlamətdar haldır ki, bizim dostumuz Jerar Depardye bu əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Bu film  ölkəmizin tanınmasına təsirini göstərəcək və Azərbaycanın turizm potensialının daha da təbliğ olunmasında öz rolunu oynayacaq”.
 
“Qafqaza qayıdış” sənədli filmi nümayiş olunmazdan öncə filmin rejissoru və yaradıcı heyəti səhnəyə dəvət olunub. Onlar bildirib ki, filmdə tamaşaçılar Aleksandr Dümanın Qafqaza səfəri haqqında dolğun məlumat alacaqlar və ekran əsərində məşhur yazıçının üç kitabının motivlərini görə biləcəklər.
 
Qeyd edək ki, məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
 





20.11.2013    çap et  çap et