525.Az

Partiyadaxili yenilənmələr günün vacib tələbi kimi


 

Partiyadaxili yenilənmələr günün vacib tələbi kimi <b style="color:red"></b>

Hər bir siyasi proses bilavasitə öz hədəf və təyinatı ilə yanaşı, üzərində aparılan təhlillər vasitəsilə dövlət quruculuğu işində yeni vəzifə və prioritetlərin müəyyən olunmasına xidmət edir. Yenicə başa çatan parlament seçkiləri də bu baxımdan istisnalıq təşkil etmir.

Hesab edirəm ki, bir sıra iqtidaryönlü namizədlərin seçkiqabağı kampaniyalarının xüsusiyyətləri hakimiyyətə yaxın analitiklərin müvafiq təhlillərin aparması üçün kifayət qədər səbəblər yaradıb. Əgər "sosial şəbəkələr siyasi reallığın güzgüsüdür" ifadəsi ilə razılaşsaq, o zaman aşkar olunmuş bir sıra çatışmazlığın həlli önəmli vəzifə kimi müəyyən oluna bilər. Nəzərə alınmalıdır ki, seçki kampaniyaları ilə yanaşı, bilavasitə səsvermə prosesinin peşəkar təşkili də olduqca önəmli məqamdır. Odur ki, seçki prosesinə kölgə salınmaması üçün seçki məntəqələrinin rəhbərləri ilə iş daima diqqət mərkəzində olmalıdır.

Mövcud istimai-siyasi mənzərə bunu da göstərir ki,  partiyadaxili islahatlar ölkəmizin yaxın gələcəyi üçün mühüm şərtdir, qaçılmaz perspektivdir. Elə bu günlərdə keçirilmiş parlament seçkiləri də bunu ortaya qoydu. Namizədlərin siyasi peşəkarlığı, iqtidar və müxalifət partiyalarına qarşı ictimai rəğbətin indikatorlarının müəyyən edilməsi, partiyalararası münasibətlər, buradakı loyallıq dərəcəsi, partiyaların kadr və ideya potensialı, cəmiyyətin əsas sosial sifarişinin məzmunu, seçicilərin siyasi fəallığı və digər cəhətlər islahatların xüsusi əhəmiyyətini bir daha xatırlatdı.

Təsadüfi deyil ki, partiya daxilində inkişafa xidmət edən islahatların vacibliyi barədə Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən son dövrdə əsaslı bəyanatlar səsləndirilib. Xatırladaq ki, növbədənkənar parlament seçkiləri təşəbbüsü də məhz iqtidar partiyasından gəldi və uğurla yekunlaşdı. Deməli, yaxın gələcəkdə növbəti islahatların şahidi olacağımızı söyləyə bilərik.

Lakin seçkiqabağı kampaniyada onu da müşahidə etdik ki, ölkəmizdə davam edən siyasi sabitlik, dövlət başçısına xalqın sonsuz inamı və rəğbəti, habelə hakim partiyanın açıq üstünlüyü kimi amillər bir sıra iqtidaryönlü millət vəkillərində müəyyən qədər arxayınlıq hissləri formalaşdırıb. Qeyd olunan amillər onların nisbətən statik fəaliyyətə keçməsinə və passivliyinə yol açıb.

Azərbaycan hökuməti tərəfindən görülən misilsiz işlərə və ciddi demokratik təşəbbüslərə rəğmən bir sıra namizədlərin, hətta artıq sabiq olan millət vəkillərinin vətəndaşlarla təmaslarının məhdudluğu, lazımi təbliğat işləri aparmaması ortaya müəyyən boşluqlar çıxartdı. Həmin "boşluqlar" açıq informasiya məkanında qərəzli təhriflərin və subyektiv siyasi interpretasiyaların sayının artmasına səbəb oldu. Halbuki möhkəm mövqeli hakim partiyanın təmsilçisi olmaq namizədlərin və seçilmiş millət vəkillərinin üzərinə müvafiq ictimai-siyasi öhdəliklər qoyur, onları seçicilərlə mütəmadi işlər aparılmasından qətiyyən azad etmir. Ehtimal etmək olar ki, qeyd olunan məqamlar qanunvericilik qurumunda islahatların aparılmasına dair qəbul edilmiş qərarın əsas motivlərindən biridir.

İqtidaryönlü analitikləri düşündürməli digər bir önəmli amil də mövcuddur. Belə ki, seçkiqabağı prosesdə Yeni Azərbaycan Partiyasının sosial şəbəkələrdə təbliğatını daha peşəkar və təsirli qurmaq olardı. Hökumətin ayrı-ayrı sahələr üzrə əldə etdiyi uğurlarının yerlərdə ictimaiyyətə düzgün çatdırılması, maarifləndirici işlərin görülməsi, bəzi məmurların qeyri-peşəkarlığı səbəbindən meydana gələn tənqidlərin cavablandırılması, bölgələrdə ictimai təfəkkürdə modernləşmə proseslərinə süni əngəl yaradan, stereotip idarəetmə metodlarına üstünlük verən məmurların arxa plana keçirilməsi daha da faydalı ola bilərdi. Bütün bunların dəqiq təhlili onların perspektivdəki islahatların əsas hədəflərindən olmasını əminliklə deyə bilərik.

Sosial şəbəkələrdəki status və məlumatlara əsaslansaq, elə təsəvvür yarana bilərdi ki, iqtidaryönlü namizədlər öz təbliğat kampaniyalarını təmsil etdikləri partiyanın, yəni hakim YAP-a əsaslanmaqla yox, məhz öz şəxsiyyətləri üzərində qurmuşdular. Əslində isə, burada başlıca istinad mənbəyi məhz partiyanın, ölkə rəhbərliyinin uğurlu siyasəti olmalı, bunun fonunda təbliğat kampaniyası qurulmalıdır. Geniş ictimai nüfuza, üstünlüyə malik olan iqtidar partiyasının öz elektoratı ilə apardığı iş ən müasir və kreativ yanaşmaları ilə seçilməlidir. 

Qeyd edilənlər belə bir vacib nəticəyə zəmin yaradır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlanmış və dövlət qurumlarında çalışan kadrlarda yeni peşə təfəkkürünün, habelə müasir idarəetmə sisteminin formalaşmasına yönəlmiş mühüm islahatlar partiyadaxili münasibətlərə də kifayət qədər sirayət etməlidir.

 





12.02.2020    çap et  çap et