525.Az

"Sevdiyim əsər" və "Təkrarın tənhalığı" təqdim olundu - Fotolar


 

"Sevdiyim əsər" və "Təkrarın tənhalığı" təqdim olundu - <b style="color:red">Fotolar</b>

Dünən  Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Fərid Hüseynin "Sevdiyim əsər" (müsahibələr) və "Təkrarın tənhalığı" (şeirlər) kitablarının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış elm və ədəbiyyat adamları, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Fərid Hüseynin son illər ciddi və ardıcıl ədəbi fəaliyyətlə məşğul olduğunu deyib, onu yeni kitabları münasibətilə təbrik edib: "Fərid Hüseyn artıq bir neçə aydır ki, Yazıçılar Birliyinin Gənclər Şurasının sədridir. Bu müddət ərzində o, bir neçə görüşlər keçirib, "Ulduz" jurnalının bir sayı gənclərin poeziyasına həsr edilib. Eyni zamanda, Fərid həm "artkaspi.az" saytının baş redaktoru, həm də "Kaspi" qəzetinin ədəbiyyat əlavəsinin redaktorudur. Onun gözəl layihələrindən biri "Sevdiyim əsər"dir. Məncə, bunun nəticəsi olan sanballı nəşr hər bir gənc ədəbiyyatçı üçün çox lazımlı kitabdır. Bu işdə Fəridin zəhmətini qiymətləndirməklə yanaşı, ona bu şəraiti yaratdıqlarına görə "Kaspi nəşrləri"nə də təşəkkür edirəm. Bu gün təqdim olunan digər kitab isə Fəridin şeirlər toplusudur. Fəridin poeziyasına, fərqli auralı şeirlərinə çoxdan bələdik. Onu hər iki kitaba görə təbrik edir, yeni uğurlar arzulayıram". 

Qeyd olunub ki, "Zərdabi" nəşriyyatında "Kaspi nəşrləri" seriyasından işıq üzü görən "Sevdiyim əsər" kitabında dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur.

 "Mücrü" nəşriyyatında çap olunan "Təkrarın tənhalığı" kitabında isə Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.

Tədbiri AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr şöbəsinin sədri, şair Səlim Babullaoğlu idarə edib. O, çıxışında Fərid Hüseynin poeziyasından ətraflı söz açıb: "Fərid deyir ki, yeni çıxan bu kitabında onun bu günə kimi yazdığı mühüm şeirlər toplanıb. Deməli, Fərid poeziyaya son dərəcə ciddi tələbkar yanaşır, yəni bizim bildiyimiz, alışdığımız mənada məhsuldar şair deyil. Mən onun ilk kitabına ön söz yazmışdım. Orada qeyd eləmişdim ki, Fərid, vaxt gələcək, sən öz kitablarının ən yaxşı redaktoru olacaqsan. Həqiqətən də həmin vaxt gəldi. Hətta o, təkcə öz kitablarının deyil, onlarla kitabın, yüzlərlə yazının, saytın və qəzetdə ədəbiyyat əlavəsinin redaktoru oldu. Biz hər zaman Fəridə inanırıq və ona daha böyük uğurlar arzulayırıq".

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək deyib: "Fəridin "Sevdiyim əsər" layihəsinin əsas özəlliyi odur ki, burada təkcə ədəbiyyat adamlarının deyil, digər sahələrdə çalışan insanların da müsahibələri var. Bu cür kitablar dəyərli abidədir. O mənə belə bir fikri olduğunu deyəndə çox sevindim. Ədəbiyyat adına çox mühüm bir nəşrdir. İnanıram ki, bu kitab hər kəsin faydalandığı mənbə olacaq".

Akademik Teymur Kərimli "Sevdiyim əsər" kitabı barəsində danışarkən deyib: "Bu kitabı şəxslər haqqında deyil, kitab və ədəbiyyat haqqındadır. Ona görə də bu qədər dəyərli və qiymətlidir. Hesab edirəm ki, hər kəs bu kitabla tanış olmalıdır. Kitab insanda həm də ədəbiyyatla bağlı təsəvvürlər, dərin bilgilər də yaradır".

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun fikrincə, ədəbiyyat haqqında ən gözəl sözü yazıçılar deyir: "Fərid Hüseyn də bir şair kimi çox gözəl ədəbiyyat bilicisidir. Bu kitab nadir nəşrlərdəndir ki, müsahibələrdən təşkil edilib, başında da müsahibə götürən şəxsin adı yazılıb. Burada təkcə ədəbiyyat söhbəti getməyib, həm də mənəviyyat söhbətləri aparılıb".

Yazıçı Seyran Səxavət deyib ki, bu gün Fərid əslində, bir vasitəçidir: "Bizi buraya onun timsalında layiqli söz yığıb. Fəridin bu gün təqdim olunan bu kitabları ədəbiyyatımızda dəyərli hadisədir".

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, bu kitab həm də klassik ədəbiyyatın təbliği, tanıdılması deməkdir. AYB Ədəbiyyat Fondunun direktoru, şair Əjdər Ol kitabı oxuduğunu və önəmli nəşr hesab etdiyini deyib: "Sevdiyim əsər" kitabında 101 nəfərlə söhbətdə təxminən 80-ə yaxın əsər haqqında danışılır ki, bunun da 30-dan çoxu Azərbaycan ədəbiyyatındandır. Bu kitabdan müəllifin özünün də qazandığı var ki, o, əsərləri təkrarən oxuyub. Bu əsərlər nə qədər çox təbliğ olunsa, o qədər yaxşıdır. Çünki bu əsərlər bir növ insanın həyatı üçün yol xəritəsidir".

Daha sonra akademik Kamran Əliyev, professor Cahangir Məmmədli, professor Rüstəm Kamal, Rahid Ulusel, yazıçı Əlabbas Bağırov, publisist Zemfira Məhərrəmli, gənc ədəbiyyatçılardan Xanım Aydın, Günel Eyvazlı və başqaları müəllifi yeni kitabları münasibətilə təbrik edib, daha böyük yaradıcılıq uğurları diləyiblər.

Sonda çıxış edən Fərid Hüseyn göstərilən bu diqqətə görə hər kəsə təşəkkürünü bildirib, qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

 





12.02.2020    çap et  çap et