525.Az

"İndiki dünyadan xoşum gəlmir..." - Ömər Xəyyam ilə müsahibə


 

"MƏN BİZDƏ POEZİYANIN YÜKSƏLİŞİNƏ SEVİNMİRƏM - ŞEİR YENİYETMƏLİK, CAVANLIQ SEVDASIDIR"

"İndiki dünyadan xoşum gəlmir..."  - <b style="color:red">Ömər Xəyyam ilə müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar 

Sosial şəbəkələr, xüsusən, Feysbuk platforması bədii yaradıcılıqla məşğul olan gənclərin ilk qələm təcrübələrini ictimailəşdirməsi, ədəbi mühitdə tanınması baxımından da əlverişli məkandır.

Bu imkanlardan istifadə etməklə qısa zamanda xeyli məşhurlaşan, fərqlənməyi bacaran istedadlı gənclər az deyil. Belə məşhurlardan biri də gənc yazar Ömər Xəyyamdır. Budəfəki həmsöhbətimiz də elə odur.

"Hər şeyə "belə də olmalıdır" deyə-deyə yaşlanmaq mənlik deyil" 

- Niyə ilk yazılarınızı ədəbi mətbuat orqanları vasitəsilə təqdim etmədiniz, sosial şəbəkələrə üz tutdunuz?

- Düzü, mən sosial şəbəkələrdə hesab açanda düşünmürdüm ki, nə vaxtsa hansısa jurnalist bir gün bu haqda mənə sual verəcək. İşin ciddiləşəcəyini gözləmirdim.

Eşitdiklərim, gördüklərim və oxuduqlarım mənə şablonlara, bütlərə, etiketlərə təzədən baxmağı, onları sorğulamağı, eşib-eşələməyi öyrədib. Vərdiş halında yaşamaq, olan hər şeyə "belə də olmalıdır" deyə-deyə yaşlanmaq mənlik deyil.

Elə ilk statuslarımın məzmunu da təxminən belə idi. Əndrəbadi fikirlər... Əlbəttə, mənimki mız qoymaq, cığallıq etmək deyildi. Maraq, virtual oxucu kütləsi məni məcbur etdi ki, fikirlərimi ütüləyim, peşəkarca yazım, daha ciddi məsələlərə toxunum. Həm sənət haqda, həm də sosial-ictimai mövzularda.

- "Əndrəbadi fikirlər" deyəndə nələri nəzərdə tutursunuz?

- Mənim emprik kameram, özüməxas rakursum var. Olana, ölənə başqa yöndən baxmaq... 

"İkinci Mahmudla mən eyni fikirli, amma fərqli bədənlərdə mövcud olan iki insan idik" 

- Ən çox hansı sosial şəbəkə platformasından istifadə edirsiniz?

- Üslubuma görə, məcburən Feysbukdan istifadə edirəm. İnstaqramın şəkil və Tvitterin limitli post funksiyaları mənim üçün sərfəli deyil.

- Rəşad Məcid deyir ki, Feysbukun mənə tanıtdığı ən istedadlı adam "İkinci Mahmud" kimi tanınan Mahmud Ağakişioğlu olub. Bu yaxınlarda da isə bir neçə adam bu siyahıda sizin adınızı çəkib. Bununla bağlı nə deyərdiniz?

- Mahmud mənim dostum idi. İndi cənnətdədir. Biz Feysbuka təxminən eyni vaxtda gəlmişik. O vaxt ki hələ Feysbukda 100-150 azərbaycanlı vardı. Bu şəbəkə məşhurlaşdıqca, bizim də izləyicilərimiz artdı. Təfəkkürcə çox yaxın idik, dini-ictimai, sənətlə bağlı fikirlərimiz üst-üstə düşürdü və elə oldu ki, real həyatda da dostlaşdıq. İkinci Mahmudla mən eyni fikirli, amma fərqli bədənlərdə mövcud olan iki insan idik.

Rəşad müəllimin və onun kimi düşünən yaşıdlarının gəncliyi bir az qarışıq zamana düşüb. Çərçivələr, senzura... - bir növ, özləri edə bilməyib etmək istədiklərini, ədəbi-ictimai cığallıqları bizdə görürlər.

- Sizdən əvvəlki nəslin iç səsləri oldunuz yəni?..

- İç səsi deməzdim. Senzura və ağır rejim dövründə ağıllarına gətirib, dillərinə gətirə bilmədikləri fikirləri indi bizdən açıq-aydın, yüksək səslə eşitdikləri üçün...  

"Mən xüsusi olaraq saqqal saxlamamışam ki..." 

- Saqqal uzatmaq və yeni görünüş yaratmaq hardan ağlınıza gəldi?

- Mən xüsusi olaraq saqqal saxlamamışam ki. Özü çıxır. Bir şeyin müzakirə olunması üçün ona müdaxilə olunmalıdır. Mən üzümə müdaxilə etməmişəm.

- Bəs hər kəs saqqalını kəsərkən siz niyə uzatmağı seçdiniz?

- Onu kəsənlərdən soruşmaq lazımdır. Təbiətin işidir. Yenə deyirəm, mən axı müdaxilə etməmişəm. Bəlkə bu saqqal mövzusunu dəyişək?

- Bu görkəminizi qadın izləyiciləriniz necə qarşılayır?

- Bu sualı qadınlara vermək lazımdır. Kiminsə xoşuna gəlmək üçün heç nə etmirəm. İstəsəm, daha çox sevilərəm. Demaqogiyadan zəhləm gedir.

- Müasir ədəbi mühiti necə təsvir edərdiniz?

- Hazırda yerli ədəbiyyatın durğunluq dövrüdür. Əlbəttə ki, ciddi müəlliflər var. Onlar da ya vəlvələdən, ya zəlzələdən jurnalist işləyir. Mövcud şərtlər daxilində nəsə yazmaq ciddi məsələdir. Təfəkkür etibarilə acıq, ac qarın  sentimental emosiya doğur. Necə ki, bir həkimimiz, texnoloqumuz, riyaziyyatçımız dünyaya çıxa bilmir, elə yazıçılarımız da onun kimi Dübəndi-Qazax arasında vird edir.

- Musiqi ilə, yoxsa yazıçılıqla daha çox izləyici kütləsi yığmısınız?

- Əlbəttə, ifaçı kimi... Amma o kütlə ciddi kütlə deyildi. İndiki kütlə daha ciddi, daha etibarlıdır. Coysun Blumuna kədərlənən bir adam "Ana" segahına ağlayan 10 adamdan daha ciddi, daha faydalıdır. 

"Mən uzun-uzadı susan adamam" 

- Yazmağa marağınız nə vaxtdan yaranıb?

- Əslində, belə bir məqsədim, həvəsim olmayıb. Mən uzun-uzadı susan adamam. Ümumiyyətlə, çox danışmaqdan zəhləm gedir. Çox danışan adamlardan da zəhləm gedir. Elə bilirəm, susmaq məni daha dərinə apardı və sözə gətirdi. Bir növ, yazıyla danışmaq, yazıb danışmaq...

- Nə vaxtsa, özünüzü peşman hiss etmisiniz?

- Əksinə, zaman keçdikcə yazmaq eşqi alovlanır. Yazılarımın üstündə günlərlə işləyirəm. Hətta yazıb bitirdiyim bir romanımı bütöv sildim. Təzədən yazacam. Hələ nəşr olunmamış, ancaq çoxdan tamamlanmış hekayələrim, xeyli yarımçıq mətnlərim var. Çox işləməliyəm. Oxuduqca, texniki yeniliklərdən, üslublardan agah olduqca sözlərin rəqsi məni həvəsləndirir, yazı prosesinin özündən zövq alıram. İstəyirəm ki, ilk oxucu kimi öz mətnimdən də zövq alım. Zövq alıramsa, dərc edirəm. Bir növ, həmin mətn məndən çıxır, növbəti mətnə keçirəm. 

"Kiminsə bayağı xatirə sicilləməsinə ayırası vaxtım yoxdur" 

- Son zamanlarda nəşr olunan kitablardan hansı diqqətinizi çəkir?

- Düzü, mən dəstək olmaq üçün hamının kitabını alıram, amma hamını oxumuram. Bu, mənim şəxsi qənaətimdir. Artıq ömrün elə yerindəyəm ki, kiminsə bayağı xatirə sicilləməsinə, səfsətəsinə ayırası vaxtım yoxdur. İndi məni məzmun yox, üslub çəkir, texniki gedişlər həyəcanlandırır.

Yerli yazıçılardan ən son oxuduğum kitab Aqşin Yeniseyin kitabıdır. Bəyəndim. Haqqında yazacağam.

- Kimi "Yaxşı yazıçı" adlandırırsınız?

- Əvvəla, onu deyim ki, mən yazıçını yox, yazının özünü oxuyuram. Yazıçının kimliyi yazıya münasibətimi dəyişə bilməz. Mənə görə məzmun yox, üslub önəmlidir. Məsələ nə yazmaqda  yox, necə yazmaqdadır.

Bizdə bu ənənə hələ yeni başlayıb. Düzdür, bizə 50 il böyük bir yol kimi görünür, amma tarix üçün 50 il heç saniyə də deyil. Bizdə poeziya yüksək səviyyədədir. Artıq Avropada şeir yazılmır. Amma  mən bizdə poeziyanın yüksəlişinə sevinmirəm. Şeir yeniyetməlik, cavanlıq sevdasıdır. Dünya müdrikləşib. Dünyada bu proses bitib, dünya şeirdən nəsrə keçib və xeyli qabaqdadır. Biz isə hələ də qafiyə axtarışında - müjgan oxuyla vurulmaqda, qara saçları gecəyə oxşatmaqdayıq. Böyüyürük. Ümidim də böyüyür.  

"Bu gün reallıqla virtuallığın sərhədi itib"

- Sosial şəbəkədə qazanılan şöhrətə, dostluğa nə dərəcədə güvənmək olar?

- Münasibətlər, hisslər sintetikləşir, texnikiləşir... Bizdən sonrakılar da göyün altında, yerin üstündə olacaqlar, amma bugünkü kimi doğulmayacaq, bugünkü kimi ölməyəcəklər. Yeni insan heyrətlənmir, həyəcanlanmır - emosiyalardan arınmış, qupquru, sintetik canlı. Reallıqla virtuallığın sərhədi itib. Virtualda evlənənlər, boşananlar, doğulanlar, ölənlər var. Bu mənada elə indiki dostluqlar da virtual olmalıdır və olacaq. "Duz-çörək", "dost sözü hecaya bölünmür" - kimi məşhur deyimlər artıq öz milli-fəlsəfi keyfiyyətini itirib. Heç mən bilmirəm, kim realda virtualdır, kim virtualda real. Ünsiyyət vasitələri çoxaldıqca, ünsiyyət azalır. İndiki dünyadan xoşum gəlmir. Hər şeyin adiləşməyindən böyük faciə yoxdur.

Günel ABBAS

 





12.02.2020    çap et  çap et