525.Az

"Öz ana dilini bilməyənlərə..." - Şahanə Müşfiq yazır


 

"Öz ana dilini bilməyənlərə..." - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

Bir neçə gün öncə İctimai Televiziyanın (İTV) efirində çoxdan anonslarını gördüyümüz "Səs uşaqlar" layihəsi başladı. Bu, az qala bütün dünyada yayılmış "O səs..." layihəsinin uşaqlar üçün hazırlanan versiyasıdır. İllər öncə Türkiyə teleməkanında da belə bir layihə yayımlanmışdı. Hazırda elə Türkiyədə bu proqramın əsli, yəni böyüklər üçün olanı davam etməkdədir.

Sözüm onda deyil...

İstedadlı uşaqlara, gənclərə özlərini tanıtmaları üçün şərait yaradan belə layihələr çox təqdirəlayiqdir. Elə ilk efirindən görünür ki, layihə üzərində yetərincə peşəkarlar çalışıb. Münfislər heyəti (bizdə onlara ustad deyirlər) də kifayət qədər təcrübəli və musiqini yaxşı bilən sənətçilərdir. Qatılan uşaqlar da bir-birindən istedadlı, bir-birindən gözəl. Düzü, məmləkətimdə bu cür istedadlı uşaqların olması hər kəs kimi məni də sevindirdi. Di gəl, bir vacib və təəssüf doğuran məqam var ki, onun haqqında danışmasam, olmaz. Hərçənd, məndən öncə sosial şəbəkə istifadəçilərinin çoxu bu məqama diqqət çəkdi, etirazlarını bildirdi.

Nədir məsələ?

Fəxrlə, böyük qürur hissiylə bu yazıda bir daha xatırlatmalıyam ki, bizim Rusiyanın işğalından azad olub müstəqil dövlətimizi və dövlətçiliyimizi bərpa etməyimizdən 29 il keçir (!). Nə az, nə çox, düz 29 il! Yəni bu da o deməkdir ki, sözügedən layihəyə qatılan uşaqlar doğulmazdan çox-çox əvvəl biz artıq müstəqil Azərbaycan Respublikası, dilimiz də Azərbaycan dili idi. Bəs onda bu qədər çox rus dilində danışan, öz dilini bilməyən, öz ana dilinin "qolunu-qanadını" qırıb yazıq günə salan uşaqlar harda, necə yetişiblər? Niyə adı, soyadı, atasının adı azərbaycanlı olan uşaq "olarmı fikirlərimi rusca ifadə edim?" deməlidir?! Nədir bizdəki özümüzə, ana dilimizə qarşı ögeylik?

Hələ onu demirik ki, Azərbaycan teleməkanı üçün hazırlanan layihədə hər üç mahnıdan ikisi ingilis və ya rus dilində oxunurdu. Bütün dünya Azərbaycan musiqisinə heyran olduğu, hətta qonşu ölkələrin eyni layihəsində iştirakçılar Azərbaycan mahnılarına müraciət etdiyi halda, öz balalarımız niyə dövlətinə, dilinə, mədəniyyətinə bu qədər yad, bu qədər uzaqdır? Proqram boyunca görünür ki, münsiflər də, tamaşaçılar da öz mahnılarımızı necə sevgiylə, həsrətlə gözləyir, milli musiqilərimizə necə böyük dəyər verirlər. Məsələn, "Nədən oldu?!" mahnısını ifa edən 14 yaşlı Gülyaz Həsənzadəyə olan heyranlıq (etiraf edək ki, bu heyranlıq onun gözəl ifasıyla, səsiylə yanaşı, həm də seçdiyi mahnıya idi) və Xalq artisti Zülfiyyə Xanbabayevanın "milli musiqilər bizim qanımızdır" cümləsi bunun bariz nümunəsidir.

Bayaq dediyimiz kimi, Türkiyədə də eyni layihə var. Və illərdən bəri həmin verilişin izləyicisi kimi əminliklə deyə bilərəm ki, iştirakçıların 10 nəfərindən biri xarici mahnıya müraciət edə, ya etməyə. Başqa dildə danışmaq isə qətiyyən mümkün deyil (digər ölkələrdən qatılanları çıxmaq şərtiylə). Bəs bizdə bu mədəniyyət niyə hələ də formalaşmayıb? Niyə insanımız hələ də öz dilində danışmağı aşağılıq kimi anlayır, başqa dildə danışmağı mədəniyyət?! Niyə hələ də özü rusca kəlmə bilməyən valideyn zorla uşağını rusdilli məktəblərə qoyub onu dildən "zəlil" edir?!

Əlbəttə, çox dil bilmək ən böyük üstünlüklərdən biridir. Amma öz dilini bilmədən başqa dili öyrənməklə fəxr etmək yersizdir, zərərlidir.

Mən əminəm, çox əminəm ki, o uşaqların çoxu öz ana dilini bilirdi. Amma Şeyx Nəsrullahın yanında oturub "ərəbcə danış, elə bilsinlər, elmlisən" deyən Şeyx Əhməd kimi onların da valideynləri, böyükləri, onları səhnəyə hazırlayanlar "ingilis dilində oxu, rusca danış" deyə tənbeh ediblər. Çünki onların fikrincə, bu, daha elit, aristokrat, "qlamur" olmaq deməkdir.

Bir dəfə Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi söhbət əsnasında xaricdə təhsil alan övladlarından danışırdı. Bir oğlu beş, digər oğlu dörd xarici dil bilir. Amma öz ana dillərini - türkcəni hamısından yaxşı bilmək şərtilə. Bunun səbəbini isə İrfan bəy belə izah edir: "Mən onlara 14-15 yaşına kimi başqa dil öyrənməyi qadağan eləmişdim. Onlara deyirdim ki, öncə türkcəni mükəmməl öyrənməlisiniz. Sonra onsuz da çalışaraq, zəhmət çəkərək başqa dilləri öyrənə biləcəksiniz. O dilləri öyrənmək üçün də sizə ana diliniz çox lazım olacaq. Buna görə də onlara ta uşaqlıqlarından nağıl kitabları oxuyur, türkcə ədəbiyyat, kitablar alırdım. Sonradan haqlı olduğumu onlar da gördülər. Öyrənmək istədikləri bütün dilləri asanlıqla öyrəndilər, çünki öz ana dillərini mükəmməl bilirdilər!"

Qarşılaşdığımız acınacaqlı hallar sübut edir ki, nə yazıq, hələ də Mirzə Cəlilin personajları ətrafımızda dolaşmaqdadır. Onillər, hətta əsr keçməsinə baxmayaraq, Mirzə Cəlil də, Sabir də, Axundov da hələ aktualdır. Yox, məncə, onlar gələcəyi görüb yazmamışdılar, biz keçmişdən, onların görüb, yazdığı, tənqid etdiyi zamandan, düşüncədən qopa bilməmişik.

Bu verilişlə birgə ümidsizliyin ən dərininə yuvarlandığımı hiss etdiyim əsnada qaranlıqda qəfil doğan günəş kimi bir video çıxdı qarşıma. Ətrafına çaşqınlıqla boylanan sarışın uşağa müxbir mikrofonu uzadıb ingilis dilində soruşur:

- Where are your from? (Haralısınız?)

Uşağın çaşqınlığı artsa da, özünü itirmir və möhtəşəm bir cavab səsləndirir:

- Vey a you from nədir, qaqa? Gəncəliyəm ee mən!..

Bu qoçaq oğlan dəyərli jurnalist həmkarımız Gülnarə İlhamın oğlu İlhamdır. 12 yaşlı İlhamın sosial şəbəkələrdə rezonansa səbəb olan bu cavabı təkcə orda öz dilində danışa bilməyən (ya da danışmaq istəməyən!) həmyaşıdlarına, nəsildaşlarına deyil, eləcə də öz ana dilində danışmağı "şəninə sığışdırmayan" ədabazlara layiqli dərsdir! Mərhum şairimiz Tofiq Bayramın onillər öncədən boy verib günümüzlə səsləşən bu misraları isə qoy elələrinə tərs şillə olsun:

Mən nankor deyirəm, nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!

 





12.02.2020    çap et  çap et