525.Az

Kitabxanaçı ömrü


 

Kitabxanaçı ömrü<b style="color:red"></b>

Bu günlərdə peşəkar kitabxanaçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Məhərrəm qızı Əsgərova həyatının yeni yaşına qədəm qoyur. Tamilla Əsgərova ölkəmizin kitabxana işi sahəsində təcrübəli kitabxanaçı, qayğıkeş insan, gənc kadrlara hər zaman dəstək olan bacarıqlı rəhbər kimi tanınır.

Tamilla Əsgərova 1990-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində axşam şöbəsində təhsil almışdır. 1989-cu ildən ildən əmək fəaliyyətinə kitabxanaçı kimi başlayan T.Əsgərova 1989-1992-ci illərdə Respublika Elmi-texniki Kitabxanasının Standart və Patent şöbələrində, 1992-2005-ci illərdə Respublika Elmi-pedaqoji Kitabxanasında, 2005-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında, 2015-2016-cı illərdə Azərbaycan Milli Kitabxanasında çalışmışdır. T.Əsgərova 2016-cı ildən ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycanda kitabxana-biblioqrafiya proseslərinin kompüterləşdirilməsinin geniş vüsət aldığı dövrdə T.Əsgərova Rusiya Elmi-texniki Kitabxanasının hazırladığı "İRBİS-64" Avtomatlaşdırılmış Kitabxana Sisteminin AMEA Mərkəzi Elmi Kitabxanasında tətbiqində fəal iştirak etmişdir. Bununla əlaqədar o, ixtisasartırma kurslarının və treninqlərin dinləyicisi olmuş və sistemin elektron kataloqlaşdırma işçi yerinin kitabxanada optimal şəkildə səmərəli işləməsini təmin etmişdir.

AMEA Mərkəzi Elmi Kitabxanasının Ədəbiyyatın elmi işlənilməsi şöbəsinin müdiri olduğu müddətdə 2009-2010-cu illərdə xüsusi ezamiyyə ilə öz işçi qrupu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin və 2014-cü ildə Avropa-Azərbaycan Məktəbinin elektron kitabxanasının qurulmasına rəhbərlik etmişdir.

Tamilla Əsgərova 2013-cü ildə 46 cildlik "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 2 cildlik elmi-biblioqrafik göstəricisinin tərtibində iştirak edən işçi qrupun üzvü olmuşdur.

Peşəkar kitabxana mütəxəssisi kimi Tamilla xanım elmi fəaliyyətinə hələ AMEA Mərkəzi Elmi Kitabxanasında işlədiyi dövrdən başlamışdır. Bu elmi müəssisədə işlədiyi dövrdə 34 cari biblioqrafik göstəricinin tərtibçisi olmuş, bir çox nüfuzlu elmi jurnallarda məqalələr çap etdirmişdir.

Kitabxanaçı fəaliyyətinin 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edən, son 5 ilini ADMİU Kitabxana-informasiya Mərkəzi ilə bağlayan Tamilla xanım görkəmli tədqiqatçı, pedaqoq, eyni zamanda, bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, ADMİU-nun Kitabşünaslıq və kitabxanaçılıq kafedrasında 2016-2018-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, "Elektron kitabxanalar", "Beynəlxalq kitabxana təsnifatları və formatları" və "Normativ texniki xüsusi növ nəşrlərin təsviri və təsnifləşdirilməsi" fənlərini tədris etmişdir.

Yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində Tamilla xanım Kitabxana-informasiya Mərkəzinin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Kitabxana-informasiya Mərkəzi bütün parametrlər üzrə inkişaf etmiş, universitetin ən böyük struktur bölmələrindən birinə çevrilmişdir. Mərkəzə müdir təyin olunduqdan sonra T.Əsgərova burada "İRBİS-64" Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqinə başlamışdır. Sistem sənəd-informasiya resursları fondunun komplektləşdirilməsi və uçotunu, abonement və soraq-axtarış xidmətinin avtomatlaşdırılması, İnternet vasitəsilə oxucuların uzaq məsafədən "online" rejimində ədəbiyyat axtarışı və sifarişini təmin edir. "İRBİS-64" sistemi vasitəsilə mərkəz öz fəaliyyətini universitetin tələbə, magistrant, doktorant, dissertant, professor-müəllim heyəti və digər əməkdaşlarına göstərilən kitabxana-informasiya xidmətinin modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və elmin analitik-informasiya təminatının optimallaşdırılmasına yönəltmişdir.

Bu gün T.Əsgərovanın mərkəzdə tətbiq etdiyi yeniliklərdən biri fondun komplektləşməsi zamanı "İRBİS-64" proqramının komplektləşdirici işçi yerində "Yeni daxil olan nəşrlər" adlı analitik-informasiya bazasında elektron inventarlaşmanın aparılmasıdır. Sənəd informasiya resurslarının tipoloji və növ təsnifatına əsasən mərkəzin fondunun səmərəli formalaşdırılması və nəşrlərdən istifadənin operativliyini təmin etmək məqsədilə ilk dəfə olaraq T.Əsgərovanın təşəbbüsü ilə "İRBİS-64" proqramının kataloqlaşdırıcı işçi yerində "Azərbaycan kitabı", "Rus kitabı", "Avtoreferat", "Magistr dissertasiyası", "Elmi-tədqiqat işi", "Doktorluq dissertasiyası" adlı analitik-informasiya bazaları formalaşdırılmışdır.

ADMİU-nun www.admiu.edu.az rəsmi veb saytında Tamilla xanımın xüsusi səyi ilə mərkəzin ayrıca səhifəsi geniş oxucu auditoriyasının istifadəsində verilmişdir. Səhifədə "Mərkəzin tarixi və bu günü", "Elektron kataloq", "Elektron kitabxana", "Xəbərlər", "Yeni daxil olan kitablar" və "Virtual sərgi" bölmələri mütəmadi olaraq təkmilləşdirilir.

Kitabxana-informasiya Mərkəzi 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "İnternet əsrində elektron nəşrlər və elektron kitabxanalar" mövzusunda tələbə elmi-praktiki konfransı keçirmişdir. ADMİU rəhbərliyinin, Kulturologiya fakültəsinin professor-müəllim heyətinin və qonaqların iştirakı ilə keçirilən tədbirdə Kulturologiya Kitabşünaslıq, eləcə də Kitabxanaçılıq və informasiya ixtisası üzrə II və III kurs tələbələrinin məruzələri dinlənilmişdir. Tədbirin sonunda hər bir məruzəçi tələbəyə 2 cildlik "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası və sertifikat təqdim olunmuşdur.

Bu ildən etibarən T.Əsgərovanın təşəbbüsü ilə mərkəz ali məktəb kitabxanaları içərisində ilk dəfə olaraq "Sənəd-informasiya resursları fondunun cari nəşrləri" adlı annotasiyalı elmi-biblioqrafik göstəricinin tərtibi və nəşrinə başlamışdır. Göstəricinin ilk buraxılışında oxuculara Azərbaycan və xarici dillərdə mərkəzin sənəd-informasiya resursları fonduna 2019-cu ildə yeni daxil olan nəşrlər (kitab, magistr dissertasiyası və jurnallar) haqqında operativ məlumat verilir. Nəşrlər Universal Onluq Təsnifat (UOT) cədvəllərinə uyğun olaraq elm sahələri üzrə sistemləşdirilmişdir. Oxucuların vəsaitdən səmərəli istifadəsini təmin etmək məqsədilə nəşrlər əlifba sırası və fondda yerləşdiyi şifrələri ilə birlikdə verilmişdir. Əminik ki, vəsait mədəniyyət və incəsənət sahəsində aparılan elmi-araşdırmaların və kitabxanaçılıq-informasiya fəaliyyəti üzrə təhsil alan tələbələrin tədris prosesinin mühüm qaynaqlarından biri kimi professor-müəllim heyətinin və tədqiqatçıların əsas istinad mənbəyi olacaqdır. Tamilla xanımın rəhbərliyi ilə gərgin əməyin nəticəsi kimi ərsəyə gələn bu vəsaitin milli biblioqrafiyamızın inkişafında əvəzsiz rol oynayacağına da şübhə yoxdur.

Onu da bildirməliyik ki, çoxillik fəaliyyəti dövründə mərkəzin əməkdaşlarının müxtəlif mükafat, diplom və fəxri fərmanlarla təltif olunması T.Əsgərovanın rəhbərliyi ilə kollektivin səmərəli fəaliyyətinin nəticəsidir. Məhz buna görədir ki, səriştəli kitabxana rəhbəri kimi onun elmi, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir və səmərəli fəaliyyətinə görə müxtəlif təltiflərə layiq görülür.

Səmimi qəlbdən inanırıq ki, ADMİU-nun Kitabxana-informasiya Mərkəzi T.Əsgərovanın yüksək elmi təşkilatçılıq bacarığı ilə mədəniyyət və incəsənət sahələrində elm və təhsilin informasiya potensialının optimallaşdırılmasını, müəllim-tələbə heyətinə, alim və mütəxəssislərə göstərilən kitabxana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsini, beynəlxalq stan-dartlar səviyyəsinə çatdırılmasını və inkişafını bundan sonra da müvəffəqiyyətlə təmin edəcək.

İnsan ömrünün kamilliyə və müdrikliyə qovuşduran mərhələsi hesab edilən 50 illik yaşa öz zəhməti ilə qədəm qoymuş dəyərli insan, görkəmli kitabxanaçı mütəxəssis, pedaqoq Tamilla Əsgərovaya uzun ömür, möhkəm cansağlığı, fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. 

Natiq MÜRSƏLOV
ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin əməkdaşı

 





12.02.2020    çap et  çap et