525.Az

“China Daily” Azərbaycanın virusla mübarizədə Çinə dəstəyindən yazdı


 

“China Daily” Azərbaycanın virusla mübarizədə Çinə dəstəyindən yazdı<b style="color:red"></b>

Çinin 100 milyon oxucusu olan “China Daily” qəzetində “Azərbaycan Çinin virus ilə mübarizəsinə hər mümkün yolla kömək etməyə hazırdır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ölkəmizin Çinə koronavirus epidemiyası ilə mübarizədə daha çox dəstək verməyə hazır olması, habelə çinli turistləri Xəzər dənizinin gözəlliklərini görmək üçün ölkəmizdə görməkdən məmnun olacağı barədə fikirləri əksini tapıb. O, Azərbaycan hökumətinin Çinin virusla mübarizədə göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib, ölkəmizin Çinin epidemiyaya qalib gəlməsi üçün dua etdiyini deyib.

Məqalədə Azərbaycandan Çinə göndərilən ilk yardımın artıq Siçuan vilayətinə çatdığı bildirilib. Çinin Mienyan şəhəri ilə qardaşlaşmış Sumqayıt şəhərindən Çinə 100 min bone (papaq), 40 min tibbi maska, 100 min steril əlcək, 100 min millilitr spirt, 100 min baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramin göndərilib. Bu, təkcə humanitar deyil, eyni zamanda, Azərbaycan ilə Çin hökumətləri və xalqları arasında dostluğun nümayişidir.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə göndərdiyi başsağlığı məktubunda Azərbaycan xalqının bu müvəqqəti çətin günlərdə də dost Çin xalqı ilə həmrəy olduğu və hər cür yardım göstərməyə hazır olduğu qeyd edilib. “İki ölkə arasında sıx əlaqələr dövlət başçıları arasında yaxşı dostluq münasibətləri kimidir. Sədr Si və Prezident Əliyev ötən il Pekində görüşərkən bir-birinə “çoxdankı dost” deyə müraciət ediblər”.

Məqalədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının “Biz inanırıq ki, Çin güclü dövlətdir və onun ən qısa zamanda epidemiyaya qalib gələcəyinə şübhə yoxdur” fikirləri də əksini tapıb. Səfir qeyd edib ki, Xubey vilayətində, Uxan şəhərində yaşayanlar üçün indi çətin vaxtdır. Biz Çin dövlətinin və vilayət hökumətinin səylərini dəyərləndiririk.

 





12.02.2020    çap et  çap et