525.Az

Hamletin susqunluğuna "Rebus" yozumu - Şahanə Müşfiqin reportajı


 

Hamletin susqunluğuna "Rebus" yozumu - <b style="color:red">Şahanə Müşfiqin reportajı</b>

Bir gün öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində müstəqil "Rebus" teatrının repertuarından izlədiyimiz "Hamlet X" tamaşasını aktyor dostum çox maraqlı mənalandırdı: "Məncə, tamaşanın məhz bu günə - parlament seçkilərindən bir gün sonraya təyin edilməsi təsadüf ola bilməz. Bir gün qabaq biz seçməli idik, indi isə Hamletin seçiminə baxacağıq. Seçəcəkmi? Nəyi seçəcək?"

Hə, maraqlı sualdır. Burda - "Rebus" Teatrının yozumunda "köhnə tanışımız" Hamlet necə yenilənəcək, kimi və ya nəyi seçəcək?

Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanan tamaşa "Hamlet X" adlanır. Tamaşanın ideya müəllifi və rejissoru Ceyhun Dadaşov ona "psixo-plastik qrotesk" kimi bir janr təyinatı verib. Tamaşada Ceyhun Dadaşov (Hamlet), Əli Əlizadə (Klavdi), Elnur İsmayılov (Rozenkrans, Gildensterin və atanın kabusu), Natəvan Abbaslı (Gertruda), Ziya Ağa (Poloni), Rasimə Abbasova (Ofelya) iştirak edirlər.

Sözsüz deyilənlər

Tamaşa başdan sona kimi sözsüz, sadəcə hərəkətlər, plastika və xoreoqrafiya üzərində qurulmuşdu. 45 dəqiqəlik oyun boyunca eşitdiyimiz ilk söz Hamletin dilindən çıxıb əsrləri adlayaraq bu günümüzə qədər gələn, az qala yaşam tərzimizə çevrilən o məşhur ifadə oldu: "Olum, ya ölüm?!" Eyni zamanda, Hamletin həmin məşhur monoloqundan dörd, beş cümlə səsləndi. Və sonra aktyorların gah birlikdə, gah da tək-tək təkrarladıqları sual: "Ölmək, yatmaq, yuxulamaq?"

Bütün tamaşa elə bu suala cavab axtarmaq idi hardasa...

Başdan sona simvollarla "bəzənmiş" tamaşada rejissorun hərəkətlər və işıqla münasibəti səhnə əsərinin uğurlu həllinin ilkin təminatçısı idi. Bütün mətn hərəkət və simvollarla əvəz olunmuşdu.

Hərəkətlə hissləri tələyə salmaq, oynatmaq metodu olan meyerhold biomexanikasının Azərbaycandakı ən yaxşı bilicilərindən biri olan Ceyhun Dadaşov quruluş verdiyi və baş rolunu oynadığı tamaşada bunu ustalıqla tətbiq etmişdi. Obrazların qəzəbi, təəccübü, iztirabı, qəddarlığı, peşmanlığı məhz bu cür hərəkətlər vasitəsilə tamaşaçıya ötürülürdü.

Səhnə dekoru və işıqlandırılması elə qurulmuşdu ki, sözlərdən imtina edən rejissorun köməyinə mimikalar da gələ bilmirdi. Yəni aktyorlar təkcə sözlərin deyil, mimikaların belə arxasında gizlənə bilməzdilər. 45 dəqiqə ərzində aktyorların beyni, ürəyi, hissləri, tamaşaçının da diqqəti məhz onların əllərinə, ayaqlarına, bədənlərinə, plastikalarına cəmlənmişdi. Və maraqlıdır ki, bu, heç bir narahatlıq, anlaşılmazlıq, qarışıqlıq yaratmırdı. Baxmayaraq ki, janr qarışıqlıq janrı idi.

Hamletin olumu, ya kabusu?

Dörd əsr öncə Şekspirin qələmindən çıxıb bütün dünyanı dolaşan Hamletin bizim bildiyimiz hələlik son ünvanı idi Musiqili Teatrın səhnəsi. Bu uzun yolda Hamlet səhnələr dəyişə-dəyişə özü də dəyişmiş, hər baxışda bir cürə, hər yanaşmada başqa tərzə bürünmüşdü. Əslindən uzaqlaşmışdı da, əsliylə bütünləşmişdi də. Burda isə Hamlet əslindən tamamilə uzaq idi. Əsərdən oxuduğumuz, fərqli ifalarda izlədiyimiz Hamlet dəyişmiş, daha canlı, daha üsyankar, daha qəddar olmuşdu. Rejissorun da dediyi kimi, tamaşa birbaşa Hamlet əsərinin interpretasiyası deyil.

Əsərdən Hamlet hadisələrə qarşı gücsüz, səssiz, zəif, iş görməkdən çox düşünmək və şikayətlənmək mövqeyi ilə yadımızda qalıb. O, hər şeyi görür, bilir, amma nəyisə dəyişmək üçün hərəkətə keçmir. Ancaq fəlsəfi fikirlər söyləmək, taleyindən gileylənmək, insanları qınamaqla yetinir. Hamletdə çatışmayan şey hərəkət idi. "Rebus" teatrı bu tamaşa ilə Hamletə məhz hərəkət əlavə etdi. Əgər pyesdə biz hadisələrə ümumi plandan baxırıqsa, bu tamaşada sanki hamımız Hamlet idik və hər şeyə onun gözü ilə baxırdıq.

Səhnədə baş verənlər həqiqətən baş vermişdimi, verəcəkdimi, yoxsa hamısı Hamletin olmaq istədiyi, ya da əksinə, olmaq istəməyib də kabusunu gördüyü hadisələr idi? Hamlet "olum" deyərkən nəyi nəzərdə tuturdu? Bəlkə də Hamlet əslində, susqun, hərəkətsiz, passiv olmaq istəmirdi. Amma böyüdüyü mühit, qarşılaşdığı zülmlər, içində bir yerlərdə gizlənən qorxu onu passiv olmağa vadar edirdi. Bəlkə də Hamletin olmaq istədiyi məhz bu idi: "Rebus"un yaratdığı Hamlet...

Əsərin əvvəlində Hamlet səhnədə təkdir. Hiss olunur ki, o, əzab çəkir. Amma onun əzabı xarici təsirlərdən deyil, daxilindən qaynaqlanır. O, özüylə iç savaşdadır. Səssiz hərəkətləri onun iliyinə qədər işləyən əzabını, ruhunu bürüyən iztirabı dəqiqliyiylə göstərir. Hamlet qışqırmaq istəyir, səsi çıxmır. Hamlet qaçmaq istəyir, bacarmır. Hamlet qisas almaq istəyir, amma kimdən alacağını bilmir. Bu səhnə Hamletin öz həqiqətləriylə üzləşdiyi və onu seçim etməyə məcbur qoyan səhnədir. Az sonra Hamlet bu seçimini tətbiq etməyə başlayacaq.

O, bu əzablardaykən gözünə atasının ruhu görünür. Sanki bu ruh ona nə etməli olduğunu anladır. Onu yerdən qaldırıb hərəkət etməyə, ən azından nəsə etməyə çağırır. O, ayağa qalxandan sonra isə bir-bir hər kəslə üzləşməyə başlayır. İlk üzləşdiyi isə həyatını alt-üst edən əmisi olur...

Hamlet əmisi Klavdi ilə hakimiyyət savaşına girir. Bu savaşda qəhrəmanımız o dərəcədə qəddarlaşır, dəyişir ki, ətrafındakı hər kəs düşməninə çevrilir. O, əmisinə bata bilmədikcə daha da azğınlaşır. Onu ən çox maraqlandıran isə əslində, hakimiyyət, taxt-tacdır. Hamlet dəfələrlə əmisinin başındakı tacı götürüb öz başına qoyur. Amma Klavdi də yenilmək istəmir. O da var gücüylə bu mübarizəni davam etdirir. Nəticədə əsərdəki bütün ölümlər Hamletin əli ilə baş verir. Demək olar ki, hər kəs bu iki insanın arasında gedən ölüm-dirim mübarizəsinin qurbanına çevrilir.

Bəs əsərin özündə Hamlet qatil olmaq istəyirdimi? Özü də günahsız insanların qatili? O, təsadüfən Polonini öldürür, bəli. Amma axı əgər qatil olmaq istəsə, onda dəfələrlə şans yaranmağına baxmayaraq, niyə əmisini öldürmür? Deməli, Hamletin istəyi miskin bir qatil olmaq deyildi. Burdan bu nəticəyə gəlmək olar ki, izlədiklərimiz Hamletin kabusu, qorxulu yuxusu, qarabasmasıdır.

Bəlkə də bütün bunların heç biri baş verməyib, sadəcə Hamletin xəyalıdır. Ya da gələcək seçimi...

Bütün hallarda düyünlər içərisində çabalayan və ondan qurtulmağa çalışan yenə də Hamletdir. Başda rejissor olmaqla, yaradıcı heyətin Hamletə fərqli, orijinal baxışıdır. Buna əsl Hamletdən tamam yad bir obraz da deyə bilmərik. Çünki hər kəsin iç dünyası var. Hamletin də həmçinin. Bu da "Rebus"un bizə göstərdiyi Hamletin iç dünyası ola bilər.

Əsərin sonunda hər kəsi öldürən Hamlet miskin bir qatilə çevrilir. Amma hər kəsdən, özündən belə qaçmağa çalışan Hamlet taledən qaça bilmir. Onun bu əməlləri, hikkəsi, qəddarlığı sonda özünün boğazına dolanır və o, əməllərinin qurbanına çevrilir. Özü də onun boğazına dolanıb onu boğan ip uğrunda savaşdığı kral taxtına bağlanmışdı. Bu da bir baxımdan onun hakimiyyət hərisliyinin qurbanına çevrildiyini simvolizə edir. Hər şey dağılır, hər kəs məhv olur. Bütün bunların fonunda isə qanın, cəsədlərin üzərində qırmızı bir kral taxtı ucalır. Yeni qurbanlarını gözlərcəsinə...

Qırmızının vahiməsi

Səhnə əsəri dekoru və işıqları ilə də orijinal və diqqətçəkici idi. Başdan sona qədər məkanın hara olduğu bəlli olmadığı kimi, əsərin mistikasını, sehrini də özündə əks etdirməyi bacarırdı. Qırmızının və qaranın ahəngindən təşkil olunan məkan əvvəldən sona kimi öz mistikasını və tamaşaçının birbaşa hisslərini ələ alan gərginliyini saxlamağı bacardı.

Təbii ki, burada ən çox diqqət çəkən isə qırmızı rəng idi. Səhnədə, efirdə qırmızı rəng ən təhlükəli rənglərdən hesab olunur. Həm yoruculuğuna, həm də psixoloji olaraq insanda şüuraltı aqressiya, gərginlik yaratdığına görə. Adətən, ən peşəkar rejissorlar belə qırmızıdan çox istifadədən qaçıblar. Ceyhun Dadaşov isə sanki bütün bu qorxulara meydan oxuyarcasına qırmızını tamaşanın mərkəzinə gətirmişdi. Səhnə dekoru bütünlüklə qan, müharibə, aqressiya rəngi olan qırmızı, şübhə, qorxu, bəd fikirləri simvolizə edən qaradan ibarət idi.

Klavdinin əyləşdiyi taxt, başında daşıdığı tac, Hamletin çiynindəki örtük, ucuna bıçaqlar sancılmış yuxarıdan sallanan lentlər və işıqlar da qırmızı rəngdə idi. Bütün mübarizə də o qırmızı rəngdə, arxasında skelet fiquru olan taxt uğrunda gedirdi. Tarix boyu taxt-tac qanların, cəsədlərin, ölümlərin üzərində bərqərar olmayıbmı?!

Səhnələr dəyişdikcə qırmızı gah azalıb yerini qaraya verir, gah çoxalır, hər yanı bürüyürdü, amma heç zaman tamamilə itmirdi. Xüsusən sona yaxın Hamletin hər kəsi öldürdüyü anda bütün səhnə işıqlar vasitəsilə qırmızı rəngə boyanmışdı. Sanki səhnə həqiqətən də qan gölündə üzürdü.

Qırmızı rəngdən bu qədər iddialı istifadə rejissorun tamaşaçını başdan-sona gərginlikdə saxlaması üçün tapdığı ən gözəl vasitələrdən biri idi. Məhz qırmızı sayəsində insanın diqqəti bir an belə olsun səhnədən yayınmır, olacaqları eyni maraqla, sanki nəfəs almadan gözləyirdi.

Zamana müdaxilə

Əsərdə məkansızlıq hökm sürdüyü kimi, zamansızlıq da vardı. Sanki hadisələr böyük bir vakumun içərisində cərəyan edirdi. Aktyorlar plastika vasitəsilə təkcə oyunu deyil, həm də zamanı və məkanı idarə edirdilər. Yəni zamanın dəyişməsi, sürətlənməsi və ya ləngiməsini biz məhz hərəkətlər vasitəsilə anlayırdıq.

Məsələn, tamaşanın ilk səhnəsində - Hamlet özüylə və iztirablarıyla baş-başa qaldığında onun hərəkətləri gah sürətlənir, gah da yavaşıyır, ləngiyirdi. Xüsusən onun qaçış səhnəsi. Burada qəhrəmanın özündənmi, ətrafındakı hadisələrdənmi, kabuslarındanmı qaçdığı bəlli deyil. Ceyhun Dadaşov bu səhnədə rapiddən istifadə edərək hərəkətlərini ləngidir. Bu vasitəylə onun qaçışı, daha doğrusu, qaça bilməməsi aydın ifadə olunur.

Rapiddən sonrakı səhnələrdə də istifadə olunur. Məsələn, bir səhnədə tennis topunun göydə uçuşu, Hamletin reaksiyaları, bəzi ölüm səhnələri məhz rapidlə daha canlı və təbii alınmışdı.

Ümumilikdə tamaşanın qurulma texnikası çox maraqlı idi və fərqli idi. Burada sanki rejissor bir neçə teatrın estetikasından istifadə etmişdi. Bütünlükdə pantomim teatrının estetikası, xarakteristikası olsa da, YUĞ, Kukla Teatrlarından da elementlər az deyildi. Amma bu, nə pantomim idi, nə YUĞ, nə də Kukla... Ayrı-ayrı səhnələrdə bu cür ayrı-ayrı texnikalardan istifadə edilsə də, rejissor tamaşanı özünküləşdirə bilmişdi.

Son söz

Səhnə əsəri, müddəti az olmasına baxmayaraq, kifayət qədər çətin və mürəkkəb idi. Onu oynamaq da, elə anlamaq da insandan xeyli zəhmət tələb edirdi. Rejissorun simvollarla yüklədiyi əsərin əsas özəlliyi isə o idi ki, heyət heç bir fikri tamaşaçıya etalon kimi, reallıq kimi ötürməyə çalışmır. Hər səhnədə müəyyən boşluqlar, sanki nəfəsliklər vardı ki, tamaşaçı bunun vasitəsilə əsəri öz düşüncəsinə, hisslərinə uyğun qavraya, mənalandıra bilsin.

Tamaşada hərəkətlər, işıqlarla bərabər musiqinin rolunu da xüsusi qeyd etmək lazımdır. Hər səhnəyə, hər situasiyaya uyğun ustalıqla seçilmiş musiqilər insanın birbaşa hisslərini hədəf almışdı. Eyni zamanda, musiqilər aktyorların hərəkətləri ilə də bütövlük yarada bilirdi.

Aktyorların ifası təqdirəlayiqdir. Səhnədə başdan sona kimi bir kəlmə belə danışmadan yalnızca hərəkətlər vasitəsilə özünü ifadə edə bilmək bacarıqları bütün tamaşaçıları heyrətə gətirən ən mühüm məsələ idi. Bu mənada Ceyhun Dadaşovun zəhməti və ustalığı, aktyorların peşəkarlığı alqışa layiqdir.

Qeyd edək ki, tamaşa Mədəniyyət Nazirliyinin dəstəyilə nümayiş olunurdu. Nazirliyin müstəqil teatrlara dəstək proqramına görə, bu teatrlar ayda bir dəfə hər hansı dövlət proqramının səhnəsində tamaşalarını göstərə bilərlər. Müstəqil teatrlara, eləcə də "Rebus" teatrına yaradılan bu şəraitin ümumilikdə Azərbaycan teatrının inkişafına təkan verəcəyinə inanırıq.

 





13.02.2020    çap et  çap et