525.Az

"Leyli tək canan üçün Məcnundan yaman ağlaram..." - Qəzənfər Nəcəfovun şeirləri


 

"Leyli tək canan üçün Məcnundan yaman ağlaram..." - <b style="color:red">Qəzənfər Nəcəfovun şeirləri </b>

Ali pedaqoji təhsilli Qəzənfər Nəcəfov ixtisasca coğrafiya müəllimidir. Bir vaxt dərs dediyi sinif otaqlarında xəritə, qlobus vasitəsilə dünyanı qarşısındakı şagirdlərə tanıtmağa çalışıb.

Sonralar Qəzənfər müəllim rəhbər vəzifələrə irəli çəkilib, Şabran və Siyəzənin RİH-də dövlət məmuru kimi fəaliyyət göstərib.

70 yaşının tamamında Qəzənfər Nəcəfov "Belə ömür sürdüm, belə yaşadım..." adlı şeirlər kitabı ilə oxucularına daha geniş bir dünyanı - könlünün duyğular aləmini tanıtmaq istəyib.

Onun bir neçə şeirini oxuculara təqdim edirik.

Qəzənfər NƏCƏFOV

QOCALIRAM

Düşünürəm hərdən-hərdən,
Ömür keçdi niyə birdən?!
Bilməsəm də hansı dərddən...
Bax, beləcə qocalıram.

Xoş günlərim harda qaldı,
Qocalıq kəməndə saldı.
Soruşurlar, bu nə haldı?
Bax, beləcə qocalıram.

Cavanlıqda, mən-mən idim,
İgid idim, ərən idim,
Gələcəyi görən idim,
Bax, beləcə qocalıram.

Keçib-getdi illər belə,
Qara saçlar getdi yelə.
Bənzəyirdim coşan selə,
Bax, beləcə qocalıram.

Artıq xeyli yaşım vardır,
Saçımda dən sanki qardır.
Sirdaşım var, o da yardır.
Bax beləcə qocalıram.

Qamətim yaman bükülür,
İnci tək dişim tökülür,
Qəmdən ürəyim sökülür,
Bax, beləcə qocalırdım.

Nur daha gəlmir gözümə,
Bəxtim də gülmür üzümə,
Ayaqlar baxmır sözümə,
Bax, beləcə qocalırdım.

Lap azalıb dost-tanışım,
Ağır gəlir indi "daşım",
Qalmaqala düşüb başım,
Bax, beləcə qocalırdım.

Qocalıq çox yaman işmiş,
Qocaldan da zaman imiş,
Həyat çürük saman imiş,
Bax, beləcə qocalıram.

BAYATILAR

Qarabağım, Qarabağ,
Çəkibdir sinəmə dağ.
Biz dönərik o yurda,
Vallah, yaxındır o çağ.

Yaz gələr, çaylar daşar,
Kükrəyər, dağlar aşar.
Qəhrəmanlar ölsə də,
Adları daim yaşar.

Can qurban dost-tanışa,
Dost dərdini danışa,
Dinlədikcə sözünü
Qəlbin odu alışa.

Var-dövlətdə vəfa yox,
Gözün olsun gərək tox.
Min yeyənin olsa da,
Deyənin olmasın çox.

Sənə vardır sözüm, qız,
Düşüb sənə gözüm, qız,
Ayırır bizi əğyar,
Buna necə dözüm, qız.

Xala bax, qara xala,
Yaraşır gül camala,
Öpəndə al yanağın,
Nə olar, yeri qala.

Ay gözümün qarası,
Ürəyimin parası,
Səndən başqa dünyada,
Yox dərdimin çarası.

QƏZƏL AHƏNGİNDƏ

Bülbüləm mən gül üçün, canımda var can, ağlaram,
Yetməsəm muradıma, qəlbim olar qan, ağlaram.

Deyirlər, o, bir huridir, həsrət qalır aşiq ona,
Əgər o, huridirsə, mən də bir qılman, ağlaram.

Sevdiyim cananımın bənzəri vardır Leyliyə,
Leyli tək canan üçün Məcnundan yaman ağlaram.

Gəl, gülüm, sən eşqimi bir sözlə qaldır göylərə,
Yazaram sadiqliyin haqqında dastan, ağlaram.

Gəl gülüm, lütf et mənə, sən könlümü şad eylə gəl,
Sən mənim mehmanım ol, mən sənə qurban, ağlaram.

Nalələr etdin, yetər bunca, Qəzənfər, ağladın,
Yetməsən vəslə əgər, demə, hər zaman ağlaram.

***

Ey gül, bilirəm, sən təki canan ola bilməz,
Eşq atəşinə mən kimi yanan ola bilməz.

Ürkək baxışınla, gözəlim, qəlbimi yaxdın,
Bu yarəmə bil, sən təki dərman ola bilməz.

Bülbül oxuyar nəğməsini gül həvəsiylə,
Bülbül gülə, gül bülbülə yaman ola bilməz.

Eşq atəşi bir çoxlarını Məcnun edibdir,
Leylanı sevən eşqdə peşman ola bilməz.

Eşq əhli olan kəslərə gəl, sən qınaq etmə,
Ol yarına mehman, belə dövran ola bilməz.

Qurban eləsən yarına sən canı, Qəzənfər,
Dünyada, yəqindir, belə qurban ola bilməz.

 





13.02.2020    çap et  çap et