525.Az

Tanıyaq və tanıdaq: Əlirza Bəxşi, Ziba Kərbasi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Əlirza Bəxşi, Ziba Kərbasi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Əlirza BƏXŞİ

1975-ci ildə Ərdəbildə anadan olub. Əvvəlcə Ərdəbilin Panizdəhi-xurdad oxulunu bitirib. Orta təhsilini isə Əbuzər oxulunda və Əkabir mədrəsəsində alıb. Ancaq yoxsulluq, ailə çətinliyi və əyilməz, yavaşımaz, qızğın, duyğusal ruhu onu təhsildən və məktəbdən uzaq salıb. Əsgərlik xidmətinə yollanıb və hərbi paltarını 1995-ci ildə  soyunub.

1996-cı ildən ömrünün sonunadək qaynaqçılıq işiylə məşğul olub. 16 avqust 2006-cı ildə Əlirzanın həyatının ən qaranlıq, acınacaqlı anı olub. Sement zavodunun tikintisində qaynaq işi görərkən 15 metr hündürlükdən yerə düşüb. Beli iki yerdən, bir qolu dirsəkdən, bir qıçı isə buddan sınıb.

2010-cu ildən ciddi surətdə öz ana dilində - Azərbaycan türkcəsində şeir yazmağa başlayıb. Əlirzanı yaşamın şərtləri, acıları və ağrıları şair edib. 2015-ci il iyun 1-də 40 yaşına çatmamış ağciyərində damar tutulması və ürək çatışmazlığı nəticəsində əbədiyyətə qovuşub.  

Yazıçı olmaq

Yazıçı olmaq istəyirsən?
Düşünmə
Daşın!
Heç bir qələm,
ya kağız olmayacaq

Dinmə
Ancaq
Sözünü de!

Tək ağac

Silkələmə ağacı nə olar
Qızıl almaların
səndən qabaq çırpışdırıblar
Nə veribsən ala bilmirsən ondan?
Ya ona nə olub
Ondan savay ki adı ağacdır?
Hələ də
Başına gəldiyi
Düşündüyünə güləcək

Titrədiblər onu
Ondan alçaq dostluqlar.

Küləklər
Gediblər duman dalıycan
Və uşaq
Arzıların əkəndən
Zumar daşıyır ətcələrinə
Tərlən yuduğu dəsmalın arasında.

Boşla onu
O, tək qalmaq istəyir
Yalqızlığıylan
Axı
O, söz verib yaşıllığa
Pulsuz kölgə sərə
Ucuz yoldaşlıqlara.

Ziba KƏRBASİ

1974-cü ildə Təbrizdə anadan olub. İlk təhsilini orada alıb. Özü-özünü belə təqdim edir: "Uşaqlığımı başqa uşaqlardan fərqləndirən cəhətlərdən biri budur ki, şair Məhəmmədhüseyn Şəhriyarın bacısı mənim müəlliməm olub.

Onun vasitəsilə Şəhriyarın evinə get-gəl edir, şeirlərini, söhbətlərini dinləyir, ondan öyrənirdim. O zaman 10, 11 yaşında idim. İlk şeirlərimi Şəhriyarın yan-yörəsində yazmışam. 13 yaşım olanda İrandakı inqilabi vəziyyət səbəbindən ögey atam güllələndi, sonra anam hədələndiyi üçün iki bacımı və məni götürüb  İngiltərəyə qaçdı. Hazırda isə London "Exille İnk" dərgisinin redaktorlarından biriyəm. Şeir yazıram, fars, türk, ingilis dillərinə tərcümə edirəm, sevda və dəliliklə məşğulam..."

1998-ci ildən Sürgündə Yaşayan  İran Yazıçıları Birliyi və İran Qələm Birliyinin üzüdür. 2002-ci ildə İran Qələm Birliyinin nümayəndəsi kimi Dünya Pen Klubuna qatılır və 2004-cü ildə  Sürgündə Yaşayan  İran Yazıçıları Birliyinin başqanı seçilir.

Dünyanın 10 inqilabçı şairi sırasında onun da adı var.

Eşqimizin göyləri

Sevgimizin göyləri buludludur
qoy yağsın.
Eşqimizin göyləri yağmurludur
qoy ağlasın.
Sonra göy qurşağını
boynuma as.
Çünki yağdım bütün buludlarımızı.
Ağladım bütün yağmuru.
Bax...
Könlümün yaşıllığında qızılgül bitmiş.

Sənin qucağında

Sənin qucağında
yer titrəyir,
göy  titrəyir.
Mənim könlümdə,
yer titrəyir,
göy  titrəyir,
sənin baxışın, gövdən, könlün, əlin və ayağın da.
Qorxu quşları birdən içimdən uçmuşlar.
Sağaldıcı  əllər
korluq gözlərini aydınlığa tərəf çəkir.
Ulduz gülür,
ay gülür,
günəş də.
Göy mavidir,
sənin qucağın da.

Anbaan sevgi

Pərişanlıq yatağına,
öpüş-öpüş yağdığım zaman,
imtinanı zahidlərə burax.
Açıqca,
"səni sevirəm" dediyim zaman,
şübhəni siyasətçilərə burax.
Yalnız köksünün qaranlıqlarını mənə burax ki,
anbaan sevgi işığı ilə aydınladım.
Çocuqluq sevinci
Çocuqluq sevincim,
kağızdan düzəltdiyim son raket idi.
Buraxdım,
və haraya getdiyini bilməz oldum.

 





14.02.2020    çap et  çap et