525.Az

Bəxtiyar Vahabzadə haqqında xüsusi nəşrin təqdimatı oldu - Fotolar


 

TÜRKİYƏDƏ ÇIXAN "TEMRİN" DƏRGİSİNİN BİR SAYI BÜTÖVLÜKDƏ AZƏRBAYCANIN XALQ ŞAİRİNƏ HƏSR EDİLİB

Bəxtiyar Vahabzadə haqqında xüsusi nəşrin təqdimatı oldu - <b style="color:red">Fotolar</b>

Fevralın 12-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Türkiyədə nəşr edilən "Temrin" dərgisinin Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sayının təqdimatı keçirildi.

Tədbirdə tanınmış ədəbiyyat və elm adamları, ictimai xadimlər, media nümayəndələri iştirak edirdilər. AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu tədbiri giriş sözüylə açaraq, "Temrin" dərgisinin Bəxtiyar Vahabzadənin anım günü ərəfəsində işıq üzü görən xüsusi sayından, Xalq şairinin yaradıcılığından və ona Türkiyədə də bəslənən yüksək münasibətdən danışdı. O, təqdim olunan xüsusi sayın məzmunundan, hazırlanması prosesindən söz açdı. Nəşrdə Azərbaycanın, Türkiyənin, ümumilikdə Türk dünyasının bir sıra görkəmli ədiblərinin, ictimai-siyasi xadimlərinin Bəxtiyar Vahabzadə haqqında yazılarına, fikirlərinə, eləcə də şairin şeirlərinə və maraqlı fotolara yer verildiyini bildirdi.

Mərkəz sədri dərginin hazırlanmasında əməyi olan insanlara təşəkkürünü bildirdi. S.Babullaoğlu bu nəşrə dair təşəbbüsü bəyənən və  xüsusi sayın ərsəyə gəlməsinə yaxından dəstək verən millət vəkili Cavanşir Feyziyevə minnətdarlığını ifadə etdi: "Diqqətinizə çatdırım ki, "Temrin"in Azərbaycan ədəbiyyatının böyük nümayəndələri olan Rəsul Rza, Mikayıl Müşfiq və Mirzə Fətəli Axundova aid sayları da hazırlanacaq". 

AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyli Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbiyyatında, millətin istiqlaliyyəti və müstəqilliyin möhkəmləndirilməsi yolunda böyük xidmətləri olan şair kimi qiymətləndirdi: "Mən deyərdim ki, o, XX əsrin ən böyük şairlərindən biri olmağa layiqdir. Bəxtiyar Vahabzadənin sərhədləri aşaraq təkcə ölkə daxilində yox, dünyada da tanındı. Xüsusən də, qardaş ölkə Türkiyədə onun əsərlərini yüksək qiymətləndirirlər. "Temrin" jurnalının ona həsr olunan xüsusi nömrəsi bunu bir daha sübut edir. Bu, həm də Türkiyə ilə ədəbi əlaqələrimizin daha da güclənməsinə təkan verir. Dərginin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Burada çap olunmuş şeirlər çox dəqiq seçilib. Çünki bu şeirlər Bəxtiyar Vahabzadə poeziyasında son dərəcə əhəmiyyətli yerə malik nümunələrdir".

Xalq şairi, Yazıçılar Birliyinin I katibi Fikrət Qoca B.Vahabzadənin yaradıcılığı barədə yüksək fikirlər söyləyərək, bu nəşrin hazırlanmasını mühüm və sevindirici hadisə kimi dəyərləndirdi. Onun fikrincə, bu cür nəşrlər klassik irsin təbliği, oxuculara yenidən xatırladılması və xüsusən gənc nəslə çatdırılması baxımından çox əhəmiyyətlidir: “Anarın bu jurnalda yer alan "Bəxtiyarlıq" yazısı şairin poeziyasını qiymətləndirmək üçün əhəmiyyətli vasitədir".

Millət vəkili Cavanşir Feyziyev B.Vahabzadənin Azərbaycanın və dünyanın ən qüdrətli şairləri sırasında layiqli yer tutduğunu bildirdi. Xalq şairi ilə olan ünsiyyətini ömrünün çox əziz məqamları kimi xatırladığını deyən C.Feyziyev onunla hər bir söhbətdə yeni nələrsə öyrəndiyini vurğuladı: "Bəxtiyar müəllim həyata, insanlara, xalqına münasibətdə əsl müdriklik təcəssümü idi. O, öz taleyini xalqının taleyindən ayırmayan həssas, duyğulu, vətənsevər bir şəxsiyyət kimi tariximizdə əbədi yer tutub".

Akademik Nizami Cəfərov vaxtilə ona dərs demiş Xalq şairini unudulmaz müəllim kimi bir daha ehtiramla anaraq, B.Vahabzadənin ədəbiyyatımızdakı müstəsna mövqeyi barədə düşüncələrini bölüşdü. Türkiyədə B.Vahabzadə şəxsiyyətinə və irsinə olduqca böyük məhəbbət bəsləndiyini qeyd edən akademik, bunun heç də təsadüfi olmadığını, şairin Azərbaycanla bərabər, Türk dünyasının da dərdlərini daima özünəməxsus istedad və cəsarətlə qələmə aldığını diqqətə çatdırdı.

AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Bəxtiyar Vahabzadəni şəxsən tanıdığı üçün xoşbəxtlik duyduğunu önə çəkdi: "Mən onun çətinliklərə baxmayaraq, öz mövqeyini dəyişməməsini xüsusən yüksək qiymətləndirirəm. Bəxtiyar Vahabzadə həmişə xalqına, vətəninə sıx bağlı, millətinin azadlığına çalışmış bir şair olub".

Türkiyə Səfirliyinin Mədəniyyət müşaviri  İrfan Çiftçi B.Vahabzadəni türk dünyasının böyük şairi adlandıraraq, onun örnək sənətkar və şəxsiyyət olduğunu qeyd etdi. O, bir müddət öncə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Bəxtiyar Vahabzadə adına Beynəlxalq Mükafata layiq görülməsini qürurla vurğuladı. İki qardaş ölkənin düşüncədə, bədii söz zəminində daha da yaxınlaşmasında Bəxtiyar Vahabzadənin müstəsna rolundan da söz açan müşavir, bunun ümumən türk dünyasına mühüm xidmət olduğunu bildirdi.

Milli Kitabxananın direktoru Kərim Tahirov, AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Ol, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, professor Cahangir Məmmədli təqdim olunan nəşrin önəmini qeyd edərək, Bəxtiyar Vahabzadənin yaradıcılığı və şəxsiyyəti barədə düşüncələrini, onunla bağlı xatirələrini dilə gətirdilər.

Tədbirin yekununda çıxış edən AYB sədri, Xalq yazıçısı Anar Azərbaycanda və Türkiyədə Bəxtiyar Vahabzadəyə olan böyük sevgidən söz açdı, onun yaradıcılığının həm xalq, həm də dövlət tərəfindən daima yüksək qiymətləndirildiyini vurğuladı. Təxminən əlli il əvvəl Türkiyədə Azərbaycan ədəbiyyatına, demək olar, diqqət göstərilmədiyinə şəxsən şahid olduğunu təəssüflə qeyd edən AYB sədri son dövrdə bu yöndə ciddi irəliləyiş baş verdiyini bildirdi. "Temrin" dərgisinin Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi saylarının əhəmiyyətini yüksək dəyərləndirən Xalq yazıçısı Anar bununla ədəbi-bədii irsimizin təkcə qardaş ölkəyə yox, dünyaya çıxması üçün də daha bir yol açıldığını məmnunluqla qeyd etdi.

Günel ABBAS

 





14.02.2020    çap et  çap et