525.Az

AzTV: Azərbaycan teleməkanının 64 yaşlı avanqardı


 

AzTV: <b style="color:red">Azərbaycan teleməkanının 64 yaşlı avanqardı</b>

1956-cı il, 14 fevral, aktrisa Nəcibə Məlikovanın gülümsər siması ilə söylədiyi "Göstərir Bakı" sözləri ilə Azərbaycanda televiziya fəaliyyətə başladı.

İlk dəfə "Bəxtiyar" filmi geniş auditoriyaya nümayiş olundu. Ölkənin həyatında baş verən bu mədəni inqilab möcüzə kimi qarşılandı. Bakının ən hündür yerində yerli inşaatçıların leninqradlı həmkarları ilə birgə inşa etdikləri telemərkəzin işə düşməsi ilə televiziya insanların ayrılmaz parçasına, ailə dostuna çevrildi...

64 il uzaq bir tarix hesab edilməsə də, elmi-texniki tərəqqinin sürətli inkişafı  nəticəsində milli televiziyamız ötən dövr ərzində geniş təşəkkül tapıb, böyük salnamə yaradıb. Tədqiqatçılar Azərbaycan Televiziyasının fəaliyyətini iki mərhələyə bölür. Müstəqilliyə qədərki və sonrakı dövrlər.

Tarixinə qısa nəzər salaq. 1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı. 70-ci illərdən etibarən gündəlik veriliş və proqramların yayım həcmi 10 saat, 80-ci illərdə 18 saat oldu. 2005-ci ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi...

Sovet dövründə televiziyamız xalqın maariflənməsində, ictimai-siyasi fikrin dərinləşməsində, ədəbi mühitin genişlənməsində, yaradıcı simaların yaxından tanıdılmasında, mədəniyyətin, incəsənətin təbliğində böyük rol oynadı. 15 xalqın bir bayraq altında birləşən vaxtında böyük bir imperiyanın təbliğatçısı rolunda çıxış etdi. Sovet Azərbaycanında televiziya ölkə həyatında baş verən bütün yeniliklərin aydın təcəssümünə çevrildi. Bu gün o illəri  aydınlatmaq istəyənlər, tədqiqatçılar üçün Ana Televiziyanın zəngin filmotekasında qiymətli görüntülər, tarixi sənədli çəkilişlər saxlanılır...

Müstəqillik dövründə isə televiziya sırf ölkəmizin maraqlarına uyğun nizamlandı,  dövlətimizin uğurlarına kökləndi, milli siyasətin, maddi və mənəvi dəyərlərin təbliğində üzərinə düşən böyük missiyanı ləyaqətlə daşımağa çalışdı...

Müasir dövrdə Ana Televiziyamızın texniki imkanları daha da genişləndirildi, rəqəmsal dünyada bütün üstünlükləri ilə öndə gedən, teleməkanlar arasında analoqu olmayan  böyük bir quruma çevrildi. Ana Televiziyanın inkişafında, professional kadrlarla təmin olunmasında, onun maddi texniki bazasının möhkəmlənməsində dövlət başçısı tərəfindən imzalanan sənədlərin, fərman və sərəncamların böyük əhəmiyyəti var. Teleradio siyasətinin gerçəkləşdirilməsi, milyonlarla ayrılan vəsait hesabına televiziyamız öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa müvəffəq oldu.

Bu gün Azərbaycan Televiziyasında (AzTV) həyat qaynayır. Son dövr redaksiyalarda müşahidə olunan canlanma yaradıcılıq mühitinə yeni abu-hava gətirib. Sanki əməkdaşlar yeni ideyalar, özəl layihələr uğrunda yarışa giriblər, əllərinə düşən fürsətdən yararlanmaq istəyi ilə ən baxımlı proqramların müəllifi olmaq uğrunda mübarizə aparırlar.

Milli Televiziyanın yeni loqosu da ictimaiyyətdə maraqla qarşılandı.   Azərbaycan Televiziya  və Radio verilişləri QSC-nin sədri Rövşən Məmmədov üçbucaq şəklində olan loqonun izahını verdi. 

1-ci bucaq: Azərbaycan Televiziyası 64 illik zəngin tarixi keçmişə və özünəməxsus ənənələrə, inkişaf yoluna malikdir. Zaman dəyişsə, yeni zövqlər və tələblər meydana gəlsə də, biz tariximizə bağlıyıq və atdığımız hər bir addım məhz həmin ənənələrə, kökə söykənməlidir.

2-ci bucaq: Auditoriya uğrunda sözün əsl mənasında gərgin mübarizənin getdiyi müasir günümüzdə biz zamanla ayaqlaşmalı və tamaşaçı zövqünə cavab verməliyik. Deməli, tarixiliklə yanaşı, müasir tələblər də əsas götürülməli, müasirliklə ayaqlaşmalı, hətta bəzi prinsiplər dəyişməlidir.

3-cü bucaq: Biz gələcəyə baxırıq və əsas hədəfimiz doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında, regionda və bir qədər də qabağa gedərək dünyada aparıcı informasiya vasitələrindən birinə çevirməkdir. Bu yolda dəstəyimiz - müstəqil Azərbaycan dövləti və yorulmadan çalışan böyük yaradıcı kollektivimizdir. Beləliklə, yeni loqo özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir. Vətənimiz, millətimiz üçün xeyirli olsun...

Yeni fikirlərin təlqini ilə televiziyada dərin islahatlar başlandı. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi və "Sabah" studiyasının fəaliyyəti bərpa olundu. 17 yeni studiya tikildi, daha 3 studiya üzərində işlər sürətləndi. Televiziyada canlı yayımlara üstünlük verildi. 

Tamaşaçı ilə birbaşa əlaqə yaratmaq, verilişlərin reytinqini öyrənmək, baxımlı olması haqqında geniş informasiya əldə etmək məqsədi ilə sosial şəbəkələrdə AZTV səhifəsi yaradıldı. Proqramlar haqqında məlumatlar, canlı verilişlər barədə qabaqcadan verilən anonslar birbaşa efirlərdə tamaşçıların da suallarına meydan açdı.

Ekranda nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin səviyyəsini yüksəltmək,  proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzinə diqqət yetirmək, tərtibatla bağlı məsələləri həll etmək məqsədi ilə bir il əvvəl, fevralın 6-da "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin iştirakı ilə "Bədii Şura" yaradıldı. Ayda iki dəfə toplaşan şura üzvlərinə televiziya sənətkarlığının inkişafı istiqamətində mühüm tapşırıqlar verildi. Yeni telelayihələrin efir məkanına buraxılmasına məsuliyyət kollegial şəkildə bir qrup insana həvalə olundu. Nümayiş olunan müxtəlif mövzulu proqramların keyfiyyəti ilə bağlı "Bədii Şura"nın toplantılarında fikir mübadiləsi aparılır, təklif və iradlar bildirilir, görüləcək işlərdən, perspektivdə duran məsələlərdən söhbət gedir.

Peşəkar yaradıcı heyətin çalışdığı Ana Televiziyada müxtəlif mövzuda zəngin proqramlar hazırlanır.

AzTV-nin "Xəbərlər" informasiya proqramında tamaşaçının dolğun informasiya əldə etməsi üçün Şimali Amerika, Şimali Afrika və Ərəb ölkələri, Türkiyənin Ankara və İstanbul şəhərləri, həmçinin, Rusiya, Ukrayna, Gürcüstan, Çin və Şərqi Asiya, Qərbi Avropa ölkələri üzrə müxbir məntəqələri fəaliyyət göstərir.

Bu gün Azərbaycan Televiziyasında ölkənin ictimai siyasi həyatında baş verən ən mühüm yeniliklər barədə müxtəlif diskussiyalı verilişlər gedir. "Günün nəbzi", "Həftə", "Planet", "Rakurs", "Parlament vaxtı" informasiya-analitik proqramları, "Əsas məsələ" ictimai-siyasi tok-şousu və "Milli istehsal" proqramı "İctimai-siyasi proqramlar və xarici xəbərlər" studiyası tərəfindən yayımlanır. Bu proqramlarda  siyasi sferada müşahidə olunan son hadisələrə münasibət ifadə olunur. Vətəndaşların sosal rifahının yaxşılaşdıırlması istiqamətində dövlət tərəfindən atılan addımlardan, verilən fərman və sərəncamlardan, günün aktual mövzularından geniş söhbət açılır və aydın dillə izahı verilir.

Həftə içi hər səhər saat 07.00-dan 10:00-a kimi canlı yayımlanan "Telesəhər" musiqi-informasiya proqramında isə hal-hazırda "Paralel xəbər", "Qalstuk", "Əks-təsir", "SMG" (sosial media gündəmi), "Avto-info", "Telesportzal", "Vitamin", "Təlimat", "Təqvim" kimi rəngarəng rubrikalar işlənir.

Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin müxtəlif sahələrə həsr olunmuş "Gün başladı", "Kitab evi", "Gün-ellə səyahət", "Ağ-qara", "Sözüm var", "45 dəqiqə bizimlə", "Tarixin izi ilə", "Balacam", "Turan", "Ziyalı", "Təbiətlə üz-üzə", "Texno-xəbər", "Gənclik stansiyası", "Kulis", "Tele-afişa", "Zəmanə" kimi verilişlərinin də xüsusi auditoriyası var.

"Maarifçilik" redaksiyasında  cəmiyyətimizdə bilik, savad və mədəniyyəti sistemli şəkildə təbliğ edən, estetik, etik, ictimai və bədii ideyaları formalaşdıran verilişlər hazırlanır. "Bağçılıq" kütləvi proqramında 30 dəqiqə ərzində mövsümi bağçılığın vacib problemləri barədə maraqlı məlumatlar verilir, ayrı-ayrı bağ və bostan bitkilərinin becərilməsi öyrədilir, istixanaların işlədilmə texnologiyası aydınlaşdırılır. "Azərbaycan tarixi" verilişində tamaşaçılara Azərbaycanın tarixinə aid müxtəlif bilgilər verilir.

"Rənglərin nəğməsi"ndə rassamların emalatxanalarından süjetlər, "Sərbəst söhbət"də görkəmli sənət adamları ilə görüşlər təşkil olunur. "Kinosalnamə"də filmlərimizin yaranma tarixi barədə məlumat verilir, sənətkarlıq xüsusiyyətləri barədə danışılır. "Təhsil üçbucağı" tok-şousunda təhsillə bağlı başlıca problemlər, əldə edilən nailiyyətlər və perspektivlər müzakirəyə çıxarılır. "Təmas nöqtəsi"ndə gənclərin cəmiyyətdəki yeri və rolu haqqında söhbət açılır, onların müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirakı işıqlandırılır.

"Nəsillərin debatı" tok-şousu, "Müasir Azərbaycan gənci" gənclər üçün əyləncəli, publisistik proqram, "Mən azərbaycanlıyam" gənclərin intellektual yarışması, "Sənət ocağı" verilişi, uşaqlar üçün nəzərdə tutulan "Uğur düsturu", "Yay tapşırığı", "Şirin yuxular" "Uşaq və gənclik proqramları" baş redaksiyasının məhsullarıdır. 

"Döyüşçü" proqramı və "Vətənə xidmət" tok-şousu isə televiziyamızın "Hərbi vətənpərvərlik" baş redaksiyasından ekrana vəsiqə alır.

"Məclisi-üns", "Yada düşər xatirələr", "Musiqi xəzinəsi", "Musiqili ekran", "İrfan səması", "Bakı gecələri" adlı verilişlərlə yanaşı, "Azərbaycan, yurdum mənim", "Azərbaycan Muğamı", "Musiqi dəqiqələri", "İnstrumental musiqi" adlı konsert proqramları "Musiqi və əyləncəli proqramlar" baş redaksiyası tərəfindən təşkil olunur. İctimaiyyət arasında böyük nüfuz qazanmış muğam müsabiqələri ölkə teleməkanında ən uğurlu layihə hesab edilir.

Ədəbiyyatın, incəsənətin, klassik və müasir yazarlarımızın ədəbi irsinin təbliğinə xidmət edən "Yaddaş", "Sənət cərəyanları", "Sənətkar ömrü", "Yada düşər xatirələr", "Sivilizasiya pillələri" kimi daimi verilişlər "Ədəbi-dram verilişləri" baş redaksiyasında çalışan əməkdaşlara məxsusdur. "Hamlet tənhalığı", "Qədim yurdun baharı", "Əbədi zirvə" "Danışır və göstərir Bakı!", "Tarixin yollarında", "Mətbuat fədaisi", "Ağ işığın möcüzəsi", "Doymadım bu dünyadan", "Bir ömrün xatirəsi" sənədli filmləri, "Əbədiyyət silsiləsindən" "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", M.C.Paşayevə həsr olunmuş "Böyük fikrin karvanları" verilişləri,  "Ədəbi düşüncələr" telepritçasının M.Kazımbəy, S.Ə.Şirvani, Ş.İ.Xətai, M.Ş.Vazeh, X.B.Natəvan, Q.B.Zakir, Heyran xanım, N.Hikmət, A.İldırım, Ə.Kərim və digər görkəmli şəxsiyyətlərə həsr olunan xüsusi buraxılışları isə gərgin əməyin nəticəsi, özəl yaradıcılıq nümunələridir.

"Məmləkətim", "Kinoklub", "Film haqqında film", "Sənət haqqında düşüncələr", "Dünya kino ulduzları", "Oskar"a gedən yol", "Retro" və digər layihələr "Kinoproqramlar və dublyaj" redaksiyasından təqdim olunur. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində isə sənədli filmlər istehsal olunur. Burada 2019-cu ilə kimi 1500 saat həcmindən çox sənədli televiziya filmləri işlənib. Müxtəlif janrlarda olan bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilmiş, qalan hissəsi isə videolentə alınıb.

Azərbaycan Televiziyasının beynəlxalq əlaqələri də genişlənir. EBU və digər nüfuzlu yayım təşkilatlarının üzvü olmaq və CNN, “Euronews”, “Eurosport”, “Al Jazira” və digər bir çox nüfuzlu teleyayım institutları ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində əhəmiyətli addımlar atılır.

Ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsi məqsədi ilə yaradılan  Televiziya və Radio Akademiyasında  gənclərə sənətin sirləri, televiziya sənətkarlığı geniş tədris edilir.

İstehsal olunan bütün audiovizual məhsulların arxivləşdirilməsi, çeşidlənərək saxlanması və fondlaşdırılması isə proqram direktorluğunun üzərinə düşür. Direktorluğun videotekasında ölkənin ictimai, siyasi, mədəni və sosial həyatını əhatə edən 40 min saatdan artıq material var.  Dördnövbəli iş rejimində işləyən mütəxəssislərin hesabına Proqram Direktorluğu televiziyanın 24 saatlıq efirini verilişlərlə təmin edir. . Azərbaycan Televiziyasının proqram şəbəkəsində 80-dən artıq müxtəlif janrlı orijinal proqramlar mövcuddur. Bu isə həftə ərzində təxminən 50 saata yaxın yeni veriliş deməkdir.

Azərbaycan Televiziyası xalqın döyünən ürəyi, görən gözü, düşünən beynidir. Televiziya əməkdaşları milli əqidənin formalaşmasında, müstəqil dövlətçilik ideyalarının genişlənməsində öz üzərinə düşən missiyanı bundan sonra da uğurla yerinə yetirmək, xalqa şərəflə xidmət etmək niyyətindədir. Ana Televiziyamız ölkədə fəaliyyət göstərən digər telekanallara fərqli yaradıcılıq ampulası ilə örnəkdir. Düzgün danışığına, elit səviyyəsinə və professional peşə vərdişlərinə və əsl sənətkarlıq xüsusiyyətlərinə görə xüsusi seçilən televiziyadır.

Bayramınız mübarək əziz həmkarlarım, televiziya məkanlarında çalışan yaxın dostlarım! Əqidəmizin saflaşması naminə elə əsərlər yaradın ki, sonda milli mənəvi dəyərlərin təbliği ilə millətimiz qazansın, mənəviyyatımız qorunsun!..

Şəlalə MƏHYƏDDİNQIZI

 





14.02.2020    çap et  çap et