525.Az

Agentlik: Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır


 

Agentlik: Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır<b style="color:red"></b>

"Hazırda  Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.

Ş.Eyvazov bildirib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb: "Artıq 23 rayon və şəhərdə ümumilikdə 2 milyondan çox Azərbaycan vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir".

Ş. Eyvazov qeyd edib ki, Agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB)  tabeliyinə 3000-dən çox tibb müəssisəsinin idarəedilməsi həvalə olunub: "Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var".

Agentlik rəsmisi deyib ki,  bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub: "Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub".

 





15.02.2020    çap et  çap et