525.Az

Bu il Prezident mükafatçısı olan gənclər: onları yaxından tanıyaq


 

Bu il Prezident mükafatçısı olan gənclər: <b style="color:red">onları yaxından tanıyaq</b>

Gənclik cəmiyyətin əsas qüvvəsidir. Bir cəmiyyətin, xalqın gələcəyi onun gəncliyindən asılıdır. Sağlam gənclik sağlam nəsil, sağlam gələcək deməkdir.

Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu zamanlarda cəmiyyətdə müəyyən mövqe, söz, fikir sahibi olmaq, müəyyən vəzifələrdə yer tutmaq üçün təyin olunmuş yaş həddinə çatmaq lazım idi. Dövlət müstəqilliyi əldə olunandan sonra isə gənclik qarşısında yeni üfüqlər açıldı. Ümummilli Lider Heydər Əliyev gənclərin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi yetişməsi və ölkə daxilində, xaricində dövləti layiqli təmsil etməsi üçün bir sıra islahatlar həyata keçirməyə başladı.

1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmanla 2 fevral ölkədə Gənclər Günü oldu.

Son illərdə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin daha da inkişaf edib dünyada layiqincə tanınması üçün gənclərin gücünə, yaradıcı imkanlarına və potensialına güvəndiyini, müxtəlif sahələrdə çalışan uğurlu gənclərin öz potensiallarını üzə çıxarmaq üçün ölkədə münbit şərait yaradılmasını, bu istiqamətdə müxtəlif dövlət proqramları qəbul olunduğunu qətiyyətlə bəyan edib.

Ölkə başçısının gənclərə ən yüksək dəyər və dəstəyinin bir parlaq nümunəsi də "Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanıdır. Həmin ildən etibarən hər il müxtəlif sahələrdə fərqlənən, uğurlu gənclər Prezident mükafatı ilə təltif edilirlər.

Hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə fərqlənən gənclərə Prezident Mükafatı təyin etdi. Bu günlərdə Prezident 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2020-ci ilin Gənclər üçün Prezident mükafatları verilib.

Hər il olduğu kimi, bu il də Prezident mükafatçıları arasında geniş ictimaiyyətin tanıdıqları da vardı, tanımadıqları da. Bu yazıda öz sahələrində həmin uğurlu gənclər haqqında məlumat verəcəyik.

***

Mədəniyyət sahəsi üzrə Prezident Mükafatına layiq görülmüş Ağayev Ziya Səbuhi oğlu (Ziya Ağa) aktyordur. O, 1991-ci ildə Ağdamın Muradbəyli kəndində anadan olub. 2009-2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" fakültəsinin IV kurs tələbəsidir. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısametrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenarisi üzrə hazırlanan "Qurbağa" adlı qısametrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb. "Arzuların ardınca" adlı tammetrajlı bədii filmdə əsas obraza çəkilib. Ziya Ağa aktyor fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib.Daha sonra bir müddət "Yuğ" Dövlət Teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Əməkdar artist Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib. 2017-ci ildə yaranmış müstəqil "Human" Teatrında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və orada bir neçə tamaşada rol alıb. O indi tələbə olaraq iki teatrın aktyorudur. "British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə keçirilən "Bir günəş altında" layihəsinin iştirakçısı olub.

2019-cu ilin mart ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tərkibində qatıldığı Moskva şəhərində keçirilən "QİTİS-Master klass" adlı festivalda V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış "Otello əfsanəsi" tamaşası ilə çıxış edib. Tamaşada Otello ifa edən Ziya Ağa ən yaxşı aktyor nominasiyası üzrə birinci yerə layiq görülüb. 

Həmin ilin 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu ÜDKİ (VQİK) Beynəlxalq Tələbə Festivalında həmin tamaşa və həmin rolla "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə mükafata layiq görülüb.

Ağazadə Murad Firdovsi oğlu riyaziyyatçıdır. O, riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında 5 qızıl və Beynəlxalq fənn olimpiadalarında 5 gümüş və 6 bürünc medal olmaqla 16 medal qazanıb. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.

Əsgərzadə Elmar Etibar oğlu innovasiya və sahibkarlıq kateqoriyasında mükafatlandırılıb.  Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi üzrə məzunu olub, indi bu məktəbin "ThermoNorth" startapının həmtəsisçilərindəndir.

Hacıyeva Sərvinaz Faiq qızı əczaçıdır. 2011-2015 -ci illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində təhsil alıb. "Farmqrup MMC"-də əczaçı vəzifəsində işləyib. 2015-ci ilin sentyabrından indiyə qədər isə Nanoaraşdırmalar Mərkəzində böyük laborant vəzifəsindədir.

Müxtəlif seminar və iclaslarda iştirak edib. 31 Dekabr 2013 -cü ildə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin Konfransında 1-ci yerə layiq görülüb.

Elmi tədqiqat sahəsi nanotexnologiyalar, əczaçılıq kimyası, nanotexnologiyanın tibbdə və əczaçılıqda tətbiqi, yeni dərman maddələrin sintezi, mikrobiologiya (əsasən nanodərmanların bakteriyalara qarşı effektivliyi və bakteriyaların antibiotiklara qarşı rezistentliyinin aradan qaldırılması), əczaçılıq biotexnologiyasıdır.

O, iki dəfə Erasmus+ layihəsi çərçivəsində təhsil və elmi-tədqiqat məqsədli tələbə mübadilə qrantlarının qalibi olub. 7 məqaləsi "Web of Science" bazasına daxil olub. 2019-cu ildə keçirilən "İdeya var!" startap müsabiqəsində 3-cü yeri tutub.

Hüseynli Məhərrəm Rüfət oğlu vokalçıdır. O, Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində təhsil alıb. 2011-ci ildə Ukraynanın Odessa şəhərində ənənəvi olaraq keçirilən 9-cu Beynəlxalq "Sozvezdie - 2011" 13-16 yaş arası yeniyetmələrin musiqi müsabiqəsində qələbə qazanıb, qızıl medal və diplomla mükafatlandırılıb. 2012-ci ildə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

İbrahimov Kənan Qabil oğlu  Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktoru, "Böyük Yol" Gənclər İctimai Birliyinin sədridir. K.İbrahimov 2017-ci ildə Şəmkir rayonunda "İlin Gənci" seçilib.

Kazımzadə Günay Tofiq qızı 2008-ci ildən 2012-ci ilə qədər Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 2012-2014-cü ildə dövlətin xarici ölkədə təhsil siyasəti nəticəsində Almaniyada magistraturada oxuyub. 2018-ci ildən Almaniyanın Berlin Texniki Universitetinin Süni İntellekt üzrə doktorantı, Alman İnternet İntitutunun tədqiqatçısıdır. O, TEDx-də Süni İntellekt mövzusunda çıxış edən və "Google" şirkətinin təqaüdünü qazanan ilk azərbaycanlıdır. O, Diaspor Gənclərinin II Yay düşərgəsinin iştirakçısı olub. Günay Kazımzadə Azərbaycanda "TechCentrum" Sosial Platformasının yaradıcısıdır.

Quliyeva Mətanət Elşən qızı ictimai fəal və şairdir. 2014-cü ildən etibarən peşə-reabilitasiya mərkəzində öncə toxuculuq kursunu bitirib, sonra rəssamlığı öyrənib. Elə həmin ildən BOCCİA idman növü ilə məşğul olmağa başlayıb. Artıq altı ildir bu idmanla məşğuldur. Hər il keçirilən "SENİ CUP" turnirində iştirak edir. 2019-cu ildə keçirilən "V Seni Cup" turnirində birinci yeri qazanıb.

M.Quliyeva 2015-ci ildə çap olunan "Kəpənəyin saldığı yol" adlı şeirlər kitabının müəllifidir. 2016-2018-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən müxtəlif nominasiyalar üzrə müsabiqədə iki dəfə "İlin gənci" adına layiq görülüb. 2018-ci ilin dekabr ayında "Əngəlsiz Düşüncə" Sosial İnkişafa yardım ictimai birliyini yaradıb. 2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi"ndə iştirak edərək, "Bədii qiraət" nominasiyası üzrə I yerin mükafatçısı olub.

Məmmədov Faiq Rəşad oğlu 2013-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsində təhsil alaraq  "Fəxri Məzun" adına layiq görülüb, fərqlənmə ilə məzun olub. 2017-ci ildən "ADA"  Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə magistratura pilləsində təhsil alıb.

2013-cü ildən etibarən universitetin Tələbə Gənclər Təşkilatında (TGT) fakültə sədri, klub sədri, icraçı-müavin vəzifələrində çalışıb. 2014-cü il aprel ayında ADU TGT-nin sədri vəzifəsinə seçilib, 2017-ci ilə qədər həmin vəzifədə fəaliyyət göstərib.

2014 oktyabr - 2015 iyun tarixlərində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində protokol mütəxəssisi daha sonra protokol meneceri vəzifələrində çalışıb.

2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiyadasının Təşkilat Komitəsində Protokol xidmətinin əməkdaşı, 2017-ci il ərzində İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin Protokol Departamentinin mütəxəssisi, 2016-2017-ci illərdə ADU üzrə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olub.

2017-ci ilin iyulunda Avropa Gənclər Kartı Assosiasiyasının Serbiyada keçirilən Baş Assambleyasında 9 nəfərdən ibarət idarə heyətinin ilk azərbaycanlı və ən gənc üzvü seçilib.

2017-2018-ci illər ərzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı Direktoru vəzifəsini icra edib.

2018-ci ilin martından etibarən "EKSPO 2025 Bakı" Əməliyyat Komitəsində gənclərdən ibarət "Qrup 25"in rəhbəri vəzifəsində işləmişdir.

Bununla yanaşı 2017-ci ilin martından etibarən Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın üzvüdür.

Rüstəmov Sabir Elşad oğlu politoloqdur. O, tez-tez Azərbaycanı müxtəlif ölkələrdə təmsil edir. Sabir Rüstəmov Rusiyanın Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019" beynəlxalq gənclər forumundakı uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, erməni diplomatların da qatıldığı sözügedən forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov olub. O, forumun açılışının 9 avqustda baş tutduğunu və növbəti gün forum iştirakçılarının Rusiyanın ekologiya və təbii sərvətlər naziri ilə görüşü olduğunu bildirib.

Rüstəmov görüşdə müxtəlif ekoloji problemlərin müzakirə edildiyini və onun nazirə Xəzər dənizindəki problemlərlə bağlı sual verib. Məhz bu sual sonradan ən yaxşılardan biri seçilib və o, bunun qarşılığında mükafat alır.

Mükafata layiq görülən hər bir gənci təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

 





15.02.2020    çap et  çap et