525.Az

“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi davam edir


 

“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi davam edir<b style="color:red"></b>

2019-cu ilin noyabr ayında "Ədibin Evi”nin elan etdiyi Mir Cəlal adına ikinci hekayə müsabiqəsinə hekayələrin qəbulu aprel ayının 1-dək planlaşdırılsa da, mövcud qlobal pandemiya vəziyyəti ilə əlaqədar müsabiqənin müddəti uzadılıb.

Belə ki, müsabiqədə iştirak etmək istəyənlər mayın 1-dək hekayələrini təqdim edə bilərlər.

Artıq müsabiqəyə 7 dildə 450-dən artıq hekayə qəbul edilib. Müsabiqə iştirakçıları arasında məktəblilər, müəllimlər, əcnəbilər, həvəskar və peşəkar yazıçılar da var. Eyni zamanda, son bir ay ərzində qəbul edilmiş hekayələrin bir çoxunda koronavirus problemi, Azərbaycan həkimlərinin belə çətin dövrdəki fəaliyyəti öz əksini tapıb.

Qeyd edək ki, müsabiqənin qayda və şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə [email protected]  və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 2020-ci il aprelin 1-dək göndərilməlidir.

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2020-ci ilin may ayında mükafatlandırılacaqlar.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayələr ustası adını qazanıb. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilib. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılıblar.

 





26.04.2020    çap et  çap et