525.Az

İlham Əliyevin dəmir məntiqi Paşinyanı çaşqın və gülünc vəziyyətə saldı


 

İlham Əliyevin dəmir məntiqi Paşinyanı çaşqın və gülünc vəziyyətə saldı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə olduğu kimi, bu dəfə də işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın cavabını verərək onu yerində oturtdu. Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistanın və onun təmsilçisi Paşinyanı Avropa və dünya ictimaiyyətinin gözü qarşısında darmadağın etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev panel müzakirəsində cəsarətli mövqe nümayiş etdirərək, arqumentlərlə və faktlarla çıxışı ilə Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu. Ölkə rəhbəri Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını bir daha diqqətə çatdırdı. Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını vurğulayaraq, heç bir ölkənin Dağlıq Qarabağı tanımadığını bildirdi.

“Prezident İlham Əliyev Azərbaycanın işğal faktı ilə barışmayacağını aydın şəkildə ifadə edərək münaqişənin mərhələli şəklində həllindən danışdı: “Ermənistanın bütün rəhbərləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Ermənistan nəinki, Dağlıq Qarabağı, hətta onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. İşğalçı ordu ərazilərdən geri çəkilməli və azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Amma bu, heç vaxt olmayacaq!

Dağlıq Qarabağın statusu yalnız bundan sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır. Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinə də səslənərək bildirib ki, qoy onlar Ermənistana izah etsinlər ki, Dağlıq Qarabağ Ermənistan deyil”, – deyə E.Ələsgərov vurğulayıb.

Politoloq deyib ki, Prezident İlham Əliyev Xocalı soyqırımı barədə danışanda Nikol Paşinyan bu hadisənin məhz o vaxtkı Azərbaycan rəhbəri Ayaz Mütəllibovun “Arqumentı i faktı” qəzetinə müsahibəsində guya ölkədəki qüvvələr tərəfindən törədildiyi barədə sərsəm fikirlərinə də tutarlı cavab verdi. Prezident bildirdi ki, Ayaz Mütəllibov bunu heç vaxt deyə bilməz və bu uydurma fikir həmin qəzetin erməni jurnalistinin həqiqətəuyğun olmayan düşüncəsindən başqa bir şey deyil. Dövlət başçısı panel müzakirədə iştirak edənlərə üzünü tutaraq, bu məsələnin internet vasitəsilə araşdırmağın mümkünlüyünü qeyd etdi.

E.Ələsgərovun sözlərinə görə, panel müzakirələrdə ən maraqlı məqam, başqa sözlə, Paşinyanın biabırçı vəziyyətə salındığı məqam onun guya Stalinin əmri ilə Qafqaz bürosu tərəfindən Qarabağın Azərbaycana verilməsi fikrinə İlham Əliyevin cavabı oldu. Bu, növbəti erməni yalanının ifşa olunması idi. Prezident onu başa saldı ki, həmin qərarda söhbət Qarabağın Azərbaycana verilməsindən deyil, məhz Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasından gedir. Paşinyan həqiqətdən uzaq olan sərsəm çıxışı ilə özünü gülünc vəziyyətə saldı. Dövlət başçısı işğalçı ölkənin baş nazirinə başa saldı ki, əgər bolşeviklər ermənilərı qarşı qərəzli mövqedə idilərsə, nə üçün Stalinin, bolşeviklərin dostu Stepan Şaumyanın adı əbədiləşdirilib və Dağlıq Qarabağdakı, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xankəndi şəhərinin adı dəyişdirilərək, onun şərəfinə Stepankert adlandırılıb.

“Ermənistanın baş naziri Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı erməni xalqının müqəddəratı məsələsini ortaya atanda Prezident İlham Əliyev dedi ki, erməni xalqı artıq Ermənistanda öz müqəddəratını müəyyənləşdirib və ikinci dəfə özlərinə dövlət yaratmaq istəyirlərsə, qoy bunu Azərbaycandan kənarda, başqa yerdə eləsinlər. Bu, cavab Paşinyanın darmadağın edilməsi demək idi.

Tarixdən başı çıxmayan, populist çıxışları ilə özünə gündəm qazanan Paşinyan panelin sonuna yaxın özünü daha bir gülünc vəziyyətə saldı. Onun dediklərinə görə, vaxtilə Qafqazda böyük Tiqranın zamanında cəmi iki xalq yaşayıb- ermənilər və gürcülər. Azərbaycan rəhbəri onun bu sözlərinə gülərək zaldakılara müraciət edib: “Bəlkə ermənilərlə ermənilər” – deyə E.Ələsgərov bildirib.

Politoloq bildirib ki, böyük Tiqran vaxtında nə millət, nə də xalq formalaşmayıb. O zaman millət anlayışı belə olmayıb. Bu, tarixi öz mənafeləri hesabına saxtalaşdıran ermənilərin strateji səhvləridir.

 





16.02.2020    çap et  çap et