525.Az

Dövlət ali məktəblərinin Himayəçilər Şurasında əcnəbilər də təmsil oluna biləcək


 

Dövlət ali məktəblərinin Himayəçilər Şurasında əcnəbilər də təmsil oluna biləcək<b style="color:red"></b>

Təhsil Nazirliyinin Kollegiyası “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”ni təsdiqləyib.

APA-nın məlumatına görə, qərar fevralın 15-dən qüvvəyə minib.

Bu Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şuralarının yaradılmasını, onların səlahiyyətlərini və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Himayəçilər Şurası strateji inkişaf məsələləri üzrə ictimai əsaslarla fəaliyyət göstərən idarəetmə orqanıdır. Şuranın tərkibinə ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafında maraqlı olan dövlət orqanlarının (qurumlarının), özəl qurumların, elmi təşkilat və müəssisələrin, ictimai birlik və assosiasiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici ölkə vətəndaşları daxil edilə bilər.

Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

- ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi;

- ali təhsil müəssisəsinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verilməsi, elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi, yeni informasiya və tədris texnologiyalarının tətbiqinin təmin edilməsi;

- ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığına, beynəlxalq konfrans, seminar və digər tədbirlərin keçirilməsinə, onun brendinin formalaşdırılmasına və inkişafına köməklik göstərilməsi;

- ali təhsil müəssisəsinin elmi-pedaqoji potensialının inkişafına, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə və məzunların işlə təmin olunmasına dəstək göstərilməsi.

Şuranın vəzifələri aşağıdakılardır:

- ali təhsil müəssisəsinin strateji inkişaf proqramını təsdiq etmək və onun icrasına nəzarət etmək;

- ali təhsil müəssisəsinin illik büdcəsini və onun icrasının nəticələrini təsdiq etmək;

- ali təhsil müəssisəsinin elmi-metodiki, məzunlar və digər şuralarını yaratmaq;

- ali təhsil müəssisəsində daxili audit bölməsini yaratmaq, habelə onun üzvlərini təyin və azad etmək, fəaliyyətinə dair hesabatlar almaq;

- ali təhsil müəssisəsinin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

- ali təhsil müəssisəsində təhsilin keyfiyyətinin monitorinqini təşkil etmək;

- ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbərinin təşəbbüsü ilə strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatlarının yaradılması məsələlərinə baxmaq;

- ali təhsil müəssisəsinin brendinin yaradılmasında və inkişafında iştirak etmək;

- işəgötürənlərlə işgüzar əlaqələr qurmaq, təhsilalanların və təhsilverənlərin müəssisə, təşkilat və şirkətlərdə təcrübə və staj keçməsinə, məzunların işə düzəlməsinə və onların karyera inkişafına köməklik göstərmək;

- ali təhsil müəssisəsinin rektorunun Şura qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlarına baxmaq.

Şura onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

-ali təhsil müəssisəsinin inkişafına dair həyata keçiriləcək layihə və proqramları müəyyən etmək;

- ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məsələlərinə aid müvafiq orqan və təşkilatlara təkliflər, sorğular və müraciətlər göndərmək;

- Şuranın işinə müvafiq sahələr üzrə mütəxəssisləri cəlb etmək;

- daxili audit bölməsinin fəaliyyətinə dair hesabatlar və arayışlar almaq;

- Şuranın fəaliyyəti ilə bağlı zəruri olan məlumat və sənədləri ali təhsil müəssisəsinin rəhbərliyindən almaq.

Şura azı 3 nəfərdən ibarət olmaqla yaradılır. Şuranın tərkibi ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbəri tərəfindən 5 il müddətinə təsdiq olunur. Bir şəxs Şuraya ardıcıl olaraq 2 dəfədən artıq üzv təyin oluna bilməz. Şuranın iclası üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın növbəti iclasları ildə 2 dəfədən az olmayaraq, Şura sədrinin müəyyən etdiyi tarixdə keçirilir. Şuranın növbədənkənar iclasları ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbərinin, Şura üzvünün və ya ali təhsil müəssisəsinin rektorunun təşəbbüsü ilə çağırılır. Şuranın növbəti və növbədənkənar iclasının çağırılması barədə bildiriş, iclasın gündəliyi və iclasın gündəliyinə daxil edilmiş məsələlərə dair materiallar iclasa azı 10 gün qalmış Şuranın katibi tərəfindən Şura üzvlərinə göndərilir. Şuranın iclasında ali təhsil müəssisəsinin rektorunun iştirakı mütləqdir. Şuranın iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Səsvermə zamanı Şura üzvlərinin bitərəf qalmasına icazə verilmir. Şuranın qərarlarının icrası ali təhsil müəssisəsi və onun rəhbəri üçün məcburidir.

 





17.02.2020    çap et  çap et