525.Az

Qatı millətçilik fəlakət simvolu kimi - Telman Orucov yazır


 

Qatı millətçilik fəlakət simvolu kimi - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr 

(Əvvəli ötən şənbə saylarımızda)

Gürcüstan ona vurulan yaraları indiyə qədər sağalda bilmir, prezident Zviad Qamsaxurdiya tərəfindən 1990-cı illərin əvvəllərində başladılan qatı millətçilik meyillərinin aradan qaldırılması əvəzinə, prezident Mixail Saakaşvili tərəfindən XXI əsrin birinci onilliyində müəyyən cəhətlərdə davam etdirilməsi ölkəyə acı problemlər bəxş etdi və onların əzabını ehtiyac girdabına düşən gürcü xalqı çəkməkdə davam edir.

2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verdi, prezident Viktor Yanukoviç fiziki cəhətdən məhv edilmək təhlükəsi altında ölkədən qaçmağa məcbur oldu. Paytaxt Kiyevdə millətçilərin Maydan hərəkatı başlandı və dövlət təhlükəsizlik xidməti olan "Berkut"un işçilərindən snayper atəşi ilə öldürülənlər oldu. Odessada etiraz nümayişinə çıxanlar qatı millətçi futbol fanatlarının təzyiqi ilə üzləşdikdə, həmkarlar ittifaqının binasında gizləndilər və bu vaxt binaya od vuruldu və nəticədə 42 nəfər mülki şəxs öldü. Millətçilər hakimiyyətə gəldi və onların ilk tədbiri ölkədə rus dilindən istifadəni bütünlüklə məhdudlaşdırmaq, onun dövlət dili statusunu ləğv etmək oldu. Rus dili yalnız məişət səviyyəsində işlədilə bilərdi. Əsasən rusdilli əhalinin yaşadığı Krımda belə aparteid siyasətinə əhali dözmədi, etiraz nümayişləri getdi və muxtar vilayət özünü müstəqil elan etdi və referendumun verdikti ilə Rusiya Federasiyasının tərkibinə daxil olduğunu bildirdi. Rusiya prezidenti Vladimir Putin əhalinin əksəriyyətinin iradəsini nəzərə alaraq Krımın və ayrılıqda Sevastopolun Rusiya Federasiyasının tərkibinə daxil olması barədə fərmanı imzaladı.

Krım xanı 1783-cü ildə könüllü surətdə Rusiyaya qatılması barədə qərara gəldikdən sonra əsrlər boyu Rusiyanın ərazisi olmuşdu, yalnız 1954-cü ildə Nikita Xruşşov ukraynalılara xidmət göstərmək şəklində Krımın Rusiya Federasiyasının tərkibindən çıxarılıb, Ukrayna sovet respublikasına verilməsini SSRİ Ali Sovetinin qərarı ilə rəsmiləşdirmişdi. Bu həngamədə yeganə səbəb isə Krım ərazisinin Ukrayna ilə qonşuluqda olması idi.

Ukrayna müstəqillik qazandıqdan sonra da Krım əhalisi onun tərkibində qalmasına heç də loyal yanaşmırdı və rus dilinə qarşı iyrənc münasibətə dözməyib, çoxdankı arzusunu həyata keçirdi. Lakin Ukrayna yarımada əhalisinin əksəriyyətinin iradəsinin məhsulu olan öz dövlətinin tərkibindən çıxıb, Rusiyaya birləşməsinə heç cür dözmür, Krımın geri qaytarılmasını tələb edir. Həm orada yaşayan əhali, həm də Rusiya dövləti bu geri qayıtma hadisəsinin baş verməsini qeyri-mümkün hesab edir.

Yarımadada vaxtilə Krım tatarları yaşamış, Krım xanlığı Osmanlı imperiyasının prokteratı olmuşdu. Lakin imperatriçə II Yekaterina dövründə Rusiya hərbi cəhətdən gücləndikdə, Qara dənizdə və Aralıq dənizində Türkiyəyə rəqib kimi meydana çıxıb, ondan Qara dəniz ətrafındakı xeyli əraziləri aldıqca, Krım xanı təzyiqə dözməyib, Rusiya tərkibinə keçmək barədə qərar vermişdi. Sonralar burada ruslar məskunlaşmağa başlamış, 1944-cü ildə Krım tatarlarının işğalçı Hitler ordusuna loyal münasibət bəsləməsi bəhanəsi altında onlar kütləvi şəkildə Özbəkistana və Qazaxıstana deportasiya edilmişdi. Yalnız 1980-ci illərdə, Mixail Qorbaçovun dövründə Krım tatarları öz torpaqlarına qayıtmışdı. Lakin onlar Baxçasarayda və ətraf düzənliklərdə yaşayan etnik azlıq idi, yarımadanın əhalisinin böyük əksəriyyətini isə ruslar təşkil edirdi.

Sual oluna bilər ki, Dağlıq Qarabağla Krımdakı hadisələr bir-birinə bənzər deyilmi? Diqqətlə araşdırdıqda, burada, əslində, heç bir oxşarlıq yoxdur, bəlkə də, gözəçarpan əkslik vardır. Dağlıq Qarabağ Azərbaycan Sovet Respublikasının tərkibində heç bir ayrı-seçkiliyə məruz qalmamışdı, ermənilər hansısa məhdudiyyət olmadan öz doğma dillərindən bütün səviyyələrdə istifadə edirdilər. Erməni dilində geniş məktəblər şəbəkəsi təkcə kəndlərdə, rayon mərkəzlərində deyil, muxtar vilayətin paytaxtında da fəaliyyət göstərirdi. Orada erməni dilində təhsil verən ali məktəb mövcud idi. Logistikanı inkişaf etdirmək üçün Dağlıq Qarabağın paytaxtına dəmir yol çəkilmiş, təyyarə limanı fəaliyyət göstərirdi, vilayətin ərazisində sıx avtomobil yolları şəbəkəsi mövcud idi. Qatı millətçilərin səylərinə baxmayaraq, yerli ermənilər Azərbaycanın hökumət orqanlarından, hüquq-mühafizə xidmətlərindən hansısa bir narazılığı dillərinə gətirməmişdi, çünki real həyatda onların qanunsuz hərəkətləri barədə heç bir fakt yox idi. Çox sayda uydurulanlar isə qatı millətçilərin xəstə təxəyyülünün məhsulu idi. Ermənilər Azərbaycanın paytaxtında da mühüm vəzifələri tuturdular, onlardan çox sayda nazirlər, raykom katibləri, Ali Sovetin deputatları var idi. Bütün nazirliklərdə yüzlərlə erməni məmurlar azərbaycanlılarla birgə fəaliyyət göstərirdi və milli zəmində kiminsə sıxışdırılması və ya ləyaqətinə toxunulması halları baş verməmişdi. Erməni dilində respublika qəzetləri və jurnalları çıxır, radioda və televiziyada müntəzəm verilişlər gedirdi. Erməni ədəbiyyatının təkcə klassiklərinin deyil, digər nümayəndələrinin də əsərləri tərcümə edilib, Azərbaycan dilində nəşr edilirdi. İki millətə məxsus olanların nikahları da heç də nadir hal xarakteri daşımırdı.

Krımda isə rusdilli əhali sıxışdırılırdı, onların Ukrayna dilini bilməməsi qəbahət sayılmaqla, onları ikinci dərəcəli vətəndaşlara çevirirdi. Ukrayna hər cür cəhdlə yarımadanı ukraynalaşdırmağa çalışmaqla da buna nail ola bilmirdi. Azərbaycanda isə Dağlıq Qarabağ ərazisində azərbaycanlıların məskunlaşması hesabına vilayət əhalisinin milli tərkibinin dəyişilməsi üçün siyasətə aid olan heç bir tədbir keçirilmirdi. Demoqrafik göstəricilərdə baş verən milli nisbət dəyişikliyi isə yalnız azərbaycanlı ailələrdə uşaq doğumunun daha artıq olması hesabına meydana gəlirdi.

Krım əhalisi əvvəllər davam edən təzyiqlər, sıxışdırmalara etirazını müxtəlif yollarla bildirirdi, rus dilinin az qala qadağan olunması barədə isə Ukraynanın yeni rəhbərliyinin ağılsız qərarına dözə bilməyib, belə dövlətin tərkibində qalmağın mümkün olmadığı düşüncəsi ilə hərəkət etdi və ondan ayrıldı. Sonra rusdilli əhalinin çoxluq təşkil etdiyi Donbasda da eyni hadisələr baş verdi, rus dilinə qarşı sərt münasibətə dözməyən donbaslılar Donetsk və Luqansk vilayətlərinin müstəqil dövlət olduğunu elan etdilər.

Azərbaycan Dağlıq Qarabağın sosial-iqtisadi, mədəni inkişafı sahəsində mümkün olan bütün imkanlardan istifadə etmişdi, bunun hesabına muxtar vilayətin müvafiq göstəriciləri Azərbaycanın orta göstəricilərindən nəinki geri qalırdı, hətta onlardan üstün idi. Krımda isə Ukrayna dövləti əsrin dörddə birinə bərabər olan müddətdə yarımadanın iqtisadi inkişafı üçün elə bir sanballı iş görməmişdi. Krımın kurort şəbəkələri də öz imkanlarının xeyli hissəsini itirmişdi. Əvəzində mərkəzi hökumətin laqeydliyindən və ya himayəsindən istifadə edən ayrı-ayrı varlı adamlar, dəniz sahilini çəpərləyərək, orada özlərinə villalar tikdirmişdilər.

Krım getdikcə müflisləşirdi və əhalinin vəziyyəti də əsasən ağırlaşırdı. Rusiyanın tərkibinə keçdikdən sonra yarımadada nəqliyyat arteriyasının inkişafı sahəsində xeyli işlər görülmüş, Krımın kurortlarına istirahətə gələnlərin və turistlərin sayı xeyli artmışdır.

Krım, xüsusən Sevastopol rusların hərb meydanında göstərdikləri qəhrəmanlıqlarla doludur. 1853-1855-ci illərin Krım müharibəsində ruslar məğlub olsalar da, rus əsgərləri və dənizçiləri ingilislərə, fransızlara və türklərə qarşı fədakarlıqla vuruşmuşdular. Böyük Vətən müharibəsində isə Sevastopolun müdafiəçiləri məğlub olsalar da, özlərinə silinməyən şərəf qazandırmışdılar. Ona görə də Sovet hakimiyyəti illərində Sevastopola "qəhrəman şəhər" fəxri adı verilmişdi.

Ukraynada 2014-cü ildə hakimiyyətə gələnlərin, millətçilikdən qidalanan rus dilinə az qala düşməncəsinə münasibəti digər rus dilli əhalinin çoxluq təşkil etdiyi regionlarda da böyük narazılıq əmələ gətirmişdi. Xarkovda, Odessada narazılıqlar geniş miqyas aldı. Donbasın əhatə etdiyi Donetsk və Luqansk vilayətlərində isə bu səbəb əsas götürülərək, həmin ərazilərin müstəqil dövlətə çevrilməsi barədə qərar qəbul olundu. Ukrayna silahlı qüvvələri qatı millətçilərin təhriki ilə, onların silahlı dəstələrinin bilavasitə iştirakı ilə Donbasın dinc əhalisinə qarşı müharibəyə başladı, tüfəng atəşindən və top bombalarından 13 min nəfər donbaslı həlak oldu.

Beşinci ildir ki, Ukrayna ATO (antiterroristiçeskie operaüii - antiterror əməliyyatları) adı altında hər iki vilayətin əsasən dinc sakinlərinə qarşı müharibəni davam etdirir və donbaslıların haqlı tələblərini eşitmək belə istəmir. Rusların öz ana dilindən istifadəsinə göstərilən eybəcər münasibət Ukraynanın ərazi bütövlüyünün ləğvinə, xeyli torpaq itkisinə səbəb olmuşdur.

Öz ağılsız hərəkətlərinə, gec də olsa, düzgün qiymət vermək əvəzinə Ukraynanın keçmiş rəhbərliyi, xüsusən Pyotr Poroşenko hər şeydə Rusiyanı ittiham edir, Donbasda rus silahlı qüvvələrinin olması barədə sırf yalan məlumat yayırdı. Poroşenkonun özü sonrakı prezident seçkilərində biabırçı məğlubiyyətə uğradı, partiyası da seçkilərdə yeni prezident Vladimir Zelenskinin "Sluqa naroda" - "Xalqın nökəri" partiyasına uduzdu. Poroşenko da Ermənistanın rəhbərləri kimi qatı millətçilərin girovuna çevrilmişdi. Yeni prezident isə problemin həllinə yönələn ən kiçik addım atmaq istədikdə, qatı millətçilərin, Maydan fəallarının qəzəbli hədələri ilə üzləşir.  

Qatı millətçilik fəlakət simvolu kimi  

Heç də sirr deyil ki, qatı millətçilər düşmənçilik toxumu səpmək üçün bütün vasitələrdən istifadə edir, öz xalqını ona dost olan millətlərə qarşı müharibəyə qaldırmaqdan da çəkinmir, düşmən adlandırdığı xalqa qarşı silahlı mübarizəsinə özünün tarix qarşısındakı borcu, ona şərəf gətirən bir iş kimi baxır. Bu vuruşda xalqının verdiyi itkiləri, onların öz ağılsızlığının nəticəsi kimi qiymətləndirmək əvəzinə, bu bədbəxt qurbanları qəhrəmanlıq rəmzinə çevirir, xalqın iftixarı, vətənə sədaqətlə xidmət etmək səviyyəsinə qaldırırlar. Bu yolla həm də öz xəyanətkar, zərərli hərəkətlərinə haqq qazandırmaq istəyirlər. Erməni və ukraynalı millətçilərin qan axıtmaq yolu ilə öz iyrənc məqsədlərinə nail olmaq istəyi ruhi cəhətdən sağlam olmayan adamların sərsəm davranışını yada salır. Sadomazoxizm onlar üçün öz millətini səfil etmək, müharibə cığırına sürükləmək vasitəsinə çevrilir. Bu marginallar ordusu başqa xalqa xətər toxundursalar da, ən böyük zərbəni öz xalqına, məxsus olduğu millətə vurur. Çünki onlar sakit, sülhsevər, mehriban qonşu kimi daim özünü təsdiq etmiş bir xalqı nifrət obyekti kimi seçməklə, onu tarixi düşmən kimi qələmə verir, qəzəbdən xəbər verən daha sərsəm fikirlərə əsir olurlar. Bu yolla onlar öz xalqlarının deqradasiyaya uğraması, düşmənçilik uçurumuna yuvarlanmasından başqa heç bir şeyə nail olmurlar. Düşmən adlandırdıqları xalqlar isə gur inkişaf yolu ilə irəliləyir, böyük iqtisadi, hərbi qüdrətə yiyələnir, başqalarına münasibətdə öz sülhsevər imiclərinə xələl gətirməsələr də, təcavüzə layiqincə cavab vermək qabiliyyətinə yiyələnirlər. Qoy qatı millətçilər öz xalqlarını izolyasiyaya, anaxronizmə çəksinlər, nəticədə öz ideyalarının və əməllərinin xalqı necə bir fəlakətə qovuşdurduqlarının hökmən şahidi olacaqlar.

Heç də yanlış bir fikir yaranmasın ki, separatizm meyilləri yalnız SSRİ respublikalarında və postsovet məkanında öz dağıdıcı fəaliyyətini görür. Əsla belə deyildir, dünyanın bir sıra dövlətləri bu problemlərlə üzləşir və onların həlli üçün xeyli qüvvə və vasitələr sərf edir. Kanadanın fransız mənşəli əhalisinin çoxluq təşkil etdiyi Kvebekdə mərkəzi dövlətdən ayrılmaq istəyi güclü idi, lakin keçirilən referendumlar separatizmin nəyəsə nail olmasına ciddi bir sədd çəkdi. Referendum iştirakçıları ölkənin ərazi bütövlüyünü saxlamağın xeyrinə səs verdilər. İngiltərədə Şotlandiya da öz ərazilərinin XVIII əsrin əvvəlindən, daha dəqiq desək, 1707-ci ildən ümumi vətən sayılan Böyük Britaniyadan ayrılıb, müstəqil dövlətə çevrilməsinə imkan verməyən, məhz vahid ölkədə qalmaq qərarı verməklə, şotland millətçiləri üçün uğursuz olan referendum da xalqın əksəriyyətinin iradəsinin ifadəsi idi.

(Ardı var)

 





17.02.2020    çap et  çap et