525.Az

Səfəvişünaslığa böyük töhfə - Yeni nəşr


 

Səfəvişünaslığa böyük töhfə - <b style="color:red">Yeni nəşr </b>

Bu yaxınlarda Bakı Slavyan Universitetinin Xarici siyasət və diplomatiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədin müəllifi olduğu "Səfəvilərdə din və dini münasibətlər" adlı monoqrafiya (Bakı: "Mütərcim", 2019) ilə tanış oldum.

Kitab Azərbaycan xalqının həyatında mühüm rol oynamış Səfəvilərin hakimiyyəti illərində ölkədə gedən dini proseslərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Monoqrafiyada tarix elmi üçün aktual sayılan Səfəvilər dövründəki dini proseslərlə bağlı bir sıra məsələlər, o cümlədən, təsəvvüf və xalq islamı ilə şiəlik arasında olan münasibətlər, Səfəvi təriqətinin nədən siyasiləşməsi, Qızılbaşlıq doktrini, Səfəvilərin təriqət kimi sünni məzhəbdə ola-ola nədən şiəliyə doğru yönəlmələri, eləcə də şiəliyin Səfəvilər dövlətində rəsmi bir məzhəbə çevrilməsi məsələsi, onun legitimləşməsi, qulat şiəlik, Səfəvi dövlətinin dini siyasəti, ölkədəki başqa dinlərə münasibət, dini bayramlar, dini ritual və mərasimlər, Səfəvilərin ziyarətgah siyasəti, yeni ziyarətgah məkanları və s. tədqiqata cəlb olunmuşdur.

Monoqrafiya ilə tanış olarkən Əsgər Əhmədin dövrə aid müxtəlif xarakterli  mənbələrdən və mövzu ilə bağlı fərqli dillərdə dərc olunmuş tədqiqat əsərlərindən geniş miqyasda faydalandığının şahidi olursan. Əsəri fərqləndirən mühüm xüsusiyyətlərdən biri müəllifin bir sıra məsələlərə orijinal yanaşması ilə bağlıdır.

Monoqrafiyada müəllifin toxunduğu mühüm məsələlərdən biri Qızılbaşların hakimiyyətinə qədər Səfəviyyə təriqətinin ideyalar sistemində baş verən yeniliklər və dəyişikliklərlə əlaqədardır. Müəllif bu yenilik və dəyişiklikləri təriqətin siyasiləşməsi, onun şiəliyə doğru yönəlməsi və təriqətin sosial bazasındakı yerdəyişmələr şəklində qruplaşdırır. O, Səfəvilərin hakimiyyətə gəlməsində və şiəliyin bölgədə hakim məzhəbə çevrilməsində Səfəviyyə təriqətinin bir sufi təlimi olaraq siyasiləşməsinin çox böyük rol oynadığını vurğulayaraq bildirir ki, sufizm tarixində Səfəviyyə siyasiləşə bilən və bu sahədə böyük uğurlar qazanan azsaylı təriqətlərdən biridir.

Səfəvi təriqətinin tədricən siyasiləşməsi Ərdəbil və onun ətrafında şəriksiz idarəçiyə çevrilmiş Şeyx İbrahimdən etibarən başlayır. Müəllif qeyd edir ki, məhz həmin dövrdən başlayaraq təriqət şeyxlərinin dini və ruhani hakimiyyəti öz əlində cəmləşdirməsi və öz atalarının ənənəvi sufi-zahidlik həyatından fərqli olaraq, hökmdarlara xas zəngin yaşam tərzinə üstünlük vermələri getdikcə daha çox özünü hiss etdirir. Əlbəttə, dünyəvi olana meyil, siyasi nüfuz, siyasi çıxarlar naminə atılan bu cür addımlar təriqətin ənənəvi ideyalar sisteminə tərs mütənasib, yad xüsusiyyətlər idi. Ə.Əhməd Səfəvilərin hakimiyyətə gəlməsində siyasiləşmə faktorunun önəminə toxunaraq yazır: "Təriqətin siyasiləşməsi sayəsində Azərbaycan siyasi tarixi Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl kimi dövrün hadisələrinə öz damğasını vuran güclü siyasi xadimlər qazandı. Təriqətin siyasiləşməsi Azərbaycan xalqına onun həyatında bir çox cəhətləri ilə mühüm rol oynamış Azərbaycan Səfəvilər dövlətini qazandırdı. Təriqət İslam tarixində təsəvvüflə siyasəti birləşdirən və onun bəhrələrini görən ilk təriqətlərdən biri olmaqla da yadda qalmışdır".

Müəllifin araşdırmaya cəlb etdiyi çox mühüm məsələlərdən biri də Səfəvilərin müxalif durumda və azlıqda olan şiəliyə tərəf yön dəyişdirməsinə səbəb olan amillərlə bağlıdır. O, Səfəvilərin şiəliyə meyillənmələrinin başlıca səbəblərindən birini Şeyx Cüneydin dövründən etibarən təriqətin sosial bazasında olan dəyişikliklərlə əlaqələndirir. Müəllif  yazır: "Əvvəlki dövrlərdə təriqətə aid müridlər içərisində şəhər, qəsəbə və kənd yerlərində yaşayan oturaq əhali üstünlük təşkil edirdisə (onlar daha çox sabit və hakim zümrə tərəfindən dəstəklənən mədrəsə İslamının tərəfdarları idilər), indi artıq mürid kütləsi içərisində ağırlıq tədricən Azərbaycanda, Anadoluda, Suriyada və İraqda yaşayan, köçəri və yarımköçəri həyat tərzi sürən türkmanların tərəfinə dəyişməyə başlayır. Nəticədə mürid kütləsi ilə bağlı baş verən bu radikal dəyişikliklər, təriqətin inanc sisteminə, praktik fəaliyyətinə və təşkilat quruluşuna da öz təsirini göstərir. Köçəri və yarımköçəri türkmanlara məxsus və türkman dindarlığı kimi isimləndirdiyimiz inanc sisteminin Səfəvi sufiliyi ilə qovuşması nəticəsində şiə ağırlıqlı yeni bir doktrin formalaşdı".

Qeyd edək ki, Şeyx Cüneydin zamanından Şah İsmayılın hakimiyyətinə qədər olan dövrdə təriqət üzvlərinin tapındığı şiəlik də bu xarakterdə idi. Təriqətin şiəliyə doğru yönəlməsində Səfəvi şeyxlərinin öz soyköklərini müqəddəs imamlara (VII imam Museyi-Kazıma) bağlaması, onların qeyb olmuş imamın təmsilçisi olması iddiası ilə çıxış etməsi, Hz.Peyğəmbərin özünə xəlifə və ümmətə imam olaraq təyin etdiyi Hz.Əliyə və onun varislərinə aid hakimiyyətin qəsb edilməsi düşüncəsi, Əhli-beytə və şiə müqəddəslərinə qarşı edilən haqsızlıqlar və digər bir sıra amillər də önəmli rol oynamışdı.

Müəllif Səfəvi təriqətinin şiələşməsində təsəvvüf-şiə münasibətlərinin də çox böyük rol oynadığını vurğulayır. O, təsəvvüflə şiəlik arasında bir sıra məsələlərdə, o cümlədən, şiəlik-təsəvvüf münasibətində imamın məsum olması - vəlinin qorunulan (mahfuz) olması, qəbirlərə müqəddəslik vermə, hürufi və cifr (əbcəd) anlayışı, ayə və hədisləri təvil etmək, imamlara və şeyxlərə mütləq bağlılıq, imam-muntazar (gözlənilən), mehdi, ricalul-qayb anlayışı, qırxlar məclisi, silsilələr, fütüvvət təşkilatı, elmin mənbəyi məsələsi, Əhli-beytə hədsiz sevgi, imamət-vilayət və s. kimi məsələlərdə ortaq məqamların və tərəfdaşlığın mövcudluğunın bu işdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Müəllif batinilik, mistisizm kimi keyfiyyətlərin sufiliyi şiəliyə daha da yaxınlaşdırdığını da qeyd edir.

Ə.Əhməd haqlı olaraq bildirir ki, "Şiəliyin yenidən dirçəldilməsi, onun bölgənin və Səfəvi dövləti kimi Orta əsrlərin nüfuzlu bir dövlətin hakim ideologiyasına çevrilməsi Səfəvilərin xidmətidir" (Ə.Əhməd. Göstərilən əsər, s. 7). Müəllif hesab edir ki, Səfəvilərin hakimiyyətə yiyələnməsində və hakimiyyətlərinin möhkəmlənməsində onların bu seçimi mühüm rol oynamışdı.

Monoqrafiyada toxunulan vacib məqamlardan biri də Şah İsmayılın hakimiyyətə gəlməsi və on iki imam   şiəliyinin rəsmi olaraq hakim məzhəb kimi qəbul edilməsi, onun oturuşması və yayğınlaşması istiqamətində atılan addımlarla bağlıdır. Müəllif Səfəvi dövlətinin qurulmasında qızılbaş türkman tayfalarının böyük rol oynadığını vurğulayaraq, yeni yaradılan dövləti "bir türkman uğuru" kimi qiymətləndirir və etnik türk elementinin həlledici rol oynadığını qeyd edir, bu prosesdə mühüm mövqeyə malik olmuş müxtəlif xarakterli sosial zümrələr (əxilər, abdallar, qazilər və b.) haqqında ətraflı məlumat verir.

Əsərdə on iki imam şiəliyinin qəbul olunmasına qədər Qızılbaşlar arasında yayılan şiəliyin klassik şiə doktrinasından tamamilə fərqli bir şiəlik və Qızılbaş ideologiyasına uyğunlaşdırılmış bir şiəlik olduğu vurğulanır. Eyni zamanda, şiəliyin müxtəlif qolları arasından on iki imam şiəliyinin seçilib qəbul edilməsi məsələsi də ayrıca araşdırmaya cəlb olunaraq geniş şəkildə şərh edilir. Müəllif on iki imam   şiəliyinin ayrıca olaraq seçilib qəbul edilməsini on iki imam şiəliyinin Cəfərilik adlanan özünəməxsus fiqh (İslam hüquq sistemi) sisteminə malik olması (başqa şiə qolları belə bir hüquq sisteminə malik deyildi) faktı ilə izah edir. Çünki teokratik dövlətin fiqh və şəriət qaydaları ilə idarə olunması vacib idi.

Monoqrafiyada tədqiqata cəlb edilən mühüm məsələlərdən biri də Səfəvilərin total məzhəb dəyişdirmə siyasəti və onların özəllikləri ilə bağlıdır. Müəllif qeyd edir ki, Qızılbaşlar bu işin gerçəkləşdirilməsi üçün dövlətin bütün imkanlarını səfərbər etmiş və bundan faydalanmaqla İslam tarixində nümunəsi görülməmiş geniş məzhəbdəyişdirmə fəaliyyəti həyata keçirə bilmişdilər. Sünniliyin aradan qaldırılmasına qarşı yönəldilən fəaliyyətlər az və ya çox dərəcədə Səfəvi hakimiyyətinin bütün dövründə davam etmişdir. O, həmçinin bildirir ki, əhalisinin böyük əksəriyyətini sünnilər təşkil edən Səfəvi ölkəsində şiəliyin yayılması təkcə zorakı hərəkətlərlə deyil, eyni zamanda, onu asanlaşdıran bir çox digər faktorlarla da müşayiət olunmuşdur. Müəllif bu faktorlar sırasına ölkə əhalisinin sünni hakim elitasının təmsilçiləri olan Ağqoyunlu sülaləsi və onları müdafiə edən üləma sinfinin fəaliyyətindən narazılığını, köçəri və yarımköçəri, kəndlilər, şəhər əhalisinin bəzi kəsimləri, xüsusilə də sənətkar və tacirlər, qazilər və başqa zümrələr, eləcə də bir sıra sufi cərəyanları arasında Əhli-beyt sevgisinin çox güclü olmasını, Şah İsmayıl başda olmaqla bir sıra Səfəvi şahlarının xarizmatik keyfiyyətlərini, onlara bəslənən ümidləri və onların bacarıqlarını, həmçinin, mötədil şiəlik cərəyanı olan on iki imam şiəliyi ilə sünnilik arasında bir çox oxşarlıqların mövcudluğunu və s. təsvir edir.

Ölkə ərazisində yayılmış bir sıra sufi cərəyanları, xüsusilə də gəzərgi dərvişlərlə bağlı məsələlər də araşdırmaya cəlb edilib. Müəllif Səfəvilər dövründə təsəvvüfün öz populyarlığını itirməsini və nüfuzdan düşməsinin başlıca səbəblərindən birini hakim dini və siyasi elitanın ciddi təzyiqləri ilə bağlayır. Çünki bəzi sufi təlimlərinin bir sıra şəriət qaydalarından imtina etməsi (namaz qılmamaq, oruc tutmamaq və s.), nizamsız "vəcd"əgəlmə mərasimləri, "Vəhdəti-vücud" təlimi və s. kimi müddəaları rəsmi ilahiyyatın mövqeləri ilə üst-üstə düşmürdü. Bəzi təriqətlərin siyasi çıxarlar naminə sufiliyin fundamental prinsiplərindən imtina etməsi də bu işdə böyük rol oynadı. Müəllif bu barədə yazır: "Səfəvilər başda olmaqla bəzi təriqətlərin siyasiləşməsi, siyasi məqsədlər naminə addımlar atması, onları mənəvi və batini hərəkat olmaqdan uzaqlaşdırdı. İndi sufilərin başlıca məqsədi əxlaqi cəhətdən saf, Allaha qovuşa biləcək kamil insanın yetişdirilməsi deyil, ideallaşdırdıqları hansısa şəxs (real, yaxud virtual) uğrunda savaşlarda iştirak etmək və bunun üçün lazım gəldikdə çoxlu sayda insanı öldürməkdən belə çəkinməmək idi. İndi onlar siyasətin içinə girmiş və hakimiyyət intriqalarında tərəf idilər". Digər bir müddəa isə bəzi sufi cərəyanlarının, o cümlədən, qələndərilik və onun çətiri altında birləşən marginal gəzərgi dərviş qruplarının ifrat fəaliyyətləri və topluma zidd həyat tərzləri ilə bağlı idi. Ə.Əhməd bu barədə yazır: "Onlar toplumun qayda-qanunlarını, yaşam tərzlərini heçə sayaraq, qeyri-adi geyimləri, açıq-saçıq geyinmələri, bədənlərini əcaib formaya salmaları (bədən və üzlərindəki bütün tükləri qırxmaları və s.), məstlik verən maddələrdən istifadə etmələri, əmək fəaliyyəti ilə məşğul olmamaları, anarxist davranışları, dilənçilikləri və s. kimi bir çox hərəkətləri ilə rəsmi dairələr, ilahiyyatçılar da daxil olmaqla, cəmiyyətin böyük bir hissəsi tərəfindən qəbul edilmirdi".

Monoqrafiyada geniş yer ayrılan məsələlərdən biri də hakim siyasi və dini elitanın ifrat görüşlərə (gulüv və ya ğulat) qarşı apardıqları mübarizə ilə bağlı idi. Müəllif hesab edir ki, bu siyasətin yürüdülməsinin başlıca səbəbi, ifrat görüşlərin həm dövlətin əsaslarının möhkəmlənməsinə, həm də isnaəşəriyyə şiəliyinin oturuşmasına və yayılmasına ciddi surətdə mane olması faktı ilə bağlı idi. Xatırladaq ki, ifrat görüşlərin əsas daşıyıcıları öz əski inanclarının bir çox cəhətlərini qoruyub saxlamış Qızılbaş türkman (hakimiyyəti təsis edən) kütlələri idi. Bununla bağlı Ə.Əhməd yazır: "Güclü mərkəzləşdirilmiş dövlətin yaradılması Səfəvilərin dayaqlarından hesab edilən aşirət yapısına malik konar köçəri dediyimiz  Qızılbaş türkmənlərinin yaşam tərzlərinin və dini-mədəni özəlliklərinin dəyişilməsini tələb edirdi. Çünki dövlətçilik prinsipləri onun mövcudluğu üçün təhlükə yaradacaq görüşləri və onu təmsil edən gücü qəbul edə bilməzdi. Bu mənada Səfəvi iqtidarının və yeni yaranmış dini elitanın mənafeləri gulüvün aradan qaldırılmasını vacib edirdi. Qeyd edək ki, ifrat meyillərə qarşı mübarizədə I Şah Abbasın mərkəzləzdirilmiş dövlətin gücləndirilməsi ilə bağlı apardığı islahatların önəmli rolu olmuşdur. Əvvəlki Səfəvi şahlarından fərqli olaraq Şah Abbas Qızılbaşların hakimiyyət içərisindəki təşkilatlanmalarına ağır zərbələr vuraraq, tədricən onların mərkəzi hakimiyyətdəki üstün mövqelərinə son qoymuşdu". Öz baxışları ilə alternativlik təşkil edənlər sırasında təsəvvüf, xüsusilə də öz davranışları və geyimləri ilə etiraz doğuran gəzərgi dərviş qrupları, eləcə də nöqtəvilik kimi təlimlər var idi.

Monoqrafiya müəllifi hakim elitanın təsəvvüfə qarşı mənfi münasibətinin formalaşmasında sufiliyin təriqət ədəb-ərkanı, xüsusilə də mürşid-mürid bağlılığı, onların xalq arasındakı nüfuzu, təkkələrin nisbi müstəqillikləri, rəsmi dini ideologiyaya uyğun gəlməyən aşırı ideyaları və s. kimi halların mühüm rol oynadığını söyləyir. O, dövlət qurulduqdan sonra Səfəvi düzənində, yeni aktyorların (şiə üləma sinfi, "tacikiyyə" adlanan məmur zümrəsi, qeyri-dini və etnik qruplardan təşkil edilmiş qulam və qorçilər) ortaya çıxmasını da Qızılbaş sufilərin fəaliyyət dairəsinin daralmasına və hakimiyyətdən uzaqlaşmasına səbəb olan faktorlar kimi dəyərləndirir. Səfəvi hakimiyyətinin və üləma sinfinin ciddi təzyiqləri nəticəsində Kazeruniyyə, Xəlvətiyyə, Nəqşibəndiyyə, Mövləviyyə və s. kimi sünni təriqətlərin ciddi təzyiqlərə və repressiv hərəkətlərə məruz qalması, eləcə də Kübrəviyyə və onun qolları sayılan və sonradan şiələşmiş Nurbəxşiyyə və Zəhəbiyyə, şiə Neymətullahiyə təriqətləri, Qələndərilik və onun çətiri altında olan müxtəlif marginal dərviş qruplarının sıxışdırılması və fəaliyyətlərinin məhdudlaşdırılması kimi məsələlər əsərdə geniş şəkildə işıqlandırılır.

Kitabda müəllif Səfəvilərin İslam müqəddəsləri, nüfuzlu din xadimi, övliya, vəli və başqa şəxslərin məzarlarının yerləşdiyi məkanların ibadət və ziyarət yerlərinə çevirmələri ilə apardıqları siyasətə də geniş yer verir. O, şiə müqəddəslərinin məzarlarının ziyarətgahlara çevrilməsinin şiəliyin legitimləşməsi və populyarlaşmasında böyük rol oynadığına toxunaraq yazır: "Səfəvi elitası üçün çox vacib idi ki, şiələrin ayrıca müqəddəs ziyarətgah məkanları olsun. Onlar bu məqsədlə Məşhəd, Qum və İraq şəhərlərindəki Əhli-beyt türbələrini özününküləşdirməyə çalışırdılar. Səfəvilər Kərbəla və Məşhəd kimi ziyarətgahlara üstün status verməklə onları Kəbəyə edilən həcc ziyarətləri ilə eyniləşdirməyə və haradasa əvəzləməyə başladılar. İndi Kərbəla və Məşhəddəki imamların qəbirlərini ziyarət edən dindarlar "Kərbəlayi", "Məşədi" kimi dini (həcc) titullar daşıyırdılar". Əsər müəllifinin fikrincə, Səfəvilərin ziyarət dünyagörüşünün mühüm xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, onlar xalq dindarlığının ziyarət ənənələri ilə İslamın ziyarət ənənələrini sintez edərək fərqli bir ziyarət düşüncəsi ortaya qoya bildilər. Bu yeni düşüncə müxtəlif xarakterli (ocaq, pir, ziyarətgah və s.) çoxlu ziyarət məkanlarının yaranmasında və çoxalmasında (imamzadələrin timsalında) özünü göstərdi.

Kitabda toxunulan mühüm məqamlardan biri də qeyri-müsəlmanlara münasibət məsələsidir. Bir çox mənbələrin və tədqiqatçıların da təsdiqlədiyi kimi, Əsgər Əhməd də etnik və dini cəhətdən çox rəngarəng bir bölgədə meydana gələn və şiəliyi burada hakim məzhəbə çevirən Səfəvi dövlətinin qeyri müsəlmanlara münasibətini tolerant hesab edir. O qeyd edir ki, "Səfəvilərin dövründə başqa dinlərin nümayəndələri, dini icma olaraq nisbi müstəqilliklərini qoruyub saxlaya bilmiş və icma daxilində bir sıra məsələlərin həlli onların öz inhisarında olmuşdur. Onlar, xüsusilə də ermənilər, gürcülər və yəhudilər ölkənin ictimai-siyasi həyatına inteqrasiya olunaraq, iqtisadi və siyasi sahədə mühüm mövqe qazanmışdılar". Monoqrafiyada əksini tapmış maraqlı məqamlardan biri də Səfəvilərin zamanında xeyli miqdarda qeyri-müsəlmanın könüllü olaraq İslamı qəbul etməsi faktı ilə bağlıdır. Müəllif hesab edir ki, bu prosesdə Səfəvi hakimiyyətinin stimullaşdırıcı addımları ilə bərabər, qeyri-müsəlmanların güddüyü iqtisadi maraqlar, dolanışıq imkanları, mənsəb sahibi olmaq, ictimai-siyasi həyatda müəyyən mövqe tutmaq və s. kimi hallar da mühüm rol oynamışdır.

Bütün bunlarla bərabər, monoqrafiyada mühacir ülama idxalı və yeni şiə üləma zümrəsinin formalaşdırılması, ifrat dini meyillərin aradan qaldırılması ilə bağlı Səfəvi hakimiyyətinin atdığı addımlar, Səfəvilərin zamanınında mövcud olmuş gəzərgi dərviş qrupları (qələndərilər, abdallar, neymətullahilər, heydərilər) və bidətçi təlimlər (nöqtəvilər), Əxilik, dini bayramlar, Məhərrəmlik mərasimi və s. haqqında mövzular da geniş şəkildə tədqiqata cəlb olunmuşdur.

Beləliklə, əsərdə Səfəvilər dövrü ilə bağlı din və dini münasibətlər yeni müstəvidə araşdırmaya cəlb edilərək, bir sıra məsələlər, o cümlədən, bəzi mübahisəli məqamlar  dərindən təhlil olunur və oxucuya çatdırılır. Diqqəti çəkən məqamlardan biri də müəllifin məsələlərə orijinal yanaşma tərzi, maraqlı ümumiləşdirmələri və müqayisəli təhlilləridir. Əsərdə öz əksini tapan bir çox məsələlərin ətraflı təhlili və şərhi bu əsəri müasir dövr səfəvişünaslığının ciddi uğuru kimi qiymətləndirməyə imkan verir.

Şahin FƏRZƏLİYEV
Tarix üzrə elmlər doktoru, professor

 





17.02.2020    çap et  çap et