525.Az

Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu - Bədirxan Əhmədli yazır


 

Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu - <b style="color:red">Bədirxan Əhmədli yazır </b>

Muhsin Kadıoğlunu yaxın zamanlardan - cəmi bir neçə il olar tanıyıram. Lakin bu tanışlıq çox-çox illər öncəsinin tanışlığı, tanışlıqdan da bir az irəli - dostluğu kimi gəlir mənə. Ona görə ki, tanışlıqdan sonrakı dönəm çox sürətlə elmi ilişgiyə, fikir, ideya birliyinə keçdi.

O zaman dosent Bəsirə Əzizəli Muhsin Kadıoğlunun "Polonya'da Türk İzleri" - "Polşada türk izləri" adında avtoqraflı kitabını İstanbuldan gətirmişdi. Doğrusu, bu kitab Türkiyə türkçü aydınının mənə göndərdiyi bir kitab olmaqdan çıxaraq iki türk cəmiyyətinin elmi əlaqələrinin bir parçasına dönüşdü. Bu ilişgi getdikcə daha da artdı, yeni bir mərhələyə gəldi. Daha sonra onunla Bakıda görüşdüyümüzdə Türk Dünyası Araşdırmaları Vəqfinin yayımladığı "Türk-İslam Cihan Hakimiyeti Ülküsü Kızılelma" - "Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma" kitabını "Değerli Türkcü Hocam Prof.Dr. Bedirhan Ahmetliye uzun ve sağlıklı bir ömür başarılarının davamını diliyorum" sözlərini yazaraq təqdim etdi. Çox keçmədi, mən Azər-baycan İlahiyyat İnstitutu ilə İstanbul Universitetinin birgə keçirdiyi "Əhməd bəy Ağaoğlu" konfransına İstanbula getdiyimdə, necə deyərlər, borclu qalmadım - "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" (Bakı, Elm və Təhsil, 2019) kitabımı hədiyyə etdim. Zaman çox dar olsa da, on ilin dostu kimi məni İstanbulun görməli yerləri ilə tanış etdi. Cəmi bir neçə saat ərzində İstanbulun tarixi yerlərini gəzdik. Lakin məni təəccübləndirən Muhsin Kadıoğlunun İstanbulun hər daşının, torpağının tarixini bilməsi və onu son dərəcə sevgi ilə anlatması idi... Beləcə türkçülük sevgisi bizi bir-birimizə yaxınlaşdırdı. Bəsirə Əzizəlinin "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" kitabının elmi redaktorluq təklifini də bu səbəbdən həvəslə qəbul etdim. Yaxşı ki, etdim, monoqrafiyanı oxuduqca onu daha dərindən tanıdım, gördüyü işlərin məzmununun, miqyasının, həcminin böyüklüyü bir daha mənə aydın oldu.

B.Əzizəlinin monoqrafiyasında Muhsin Kadıoğlunun həyatı, yaradıcılığı, əsərləri, ədəbi, elmi fəaliyyəti bütün yönləriylə araşdırılır. Monoqrafiyanı oxuduqca tanıdığımız Muhsin Kadıoğlunun yaradıcılığının tanımadığımız tərəfləri ilə daha yaxından tanış oluruq. Muhsin Kadıoğlu polifonik, çoxyönlü, çoxtərəfli, zəngin bir yaradıcılıq yolu keçmişdir. Lakin elə bilirəm ki, onun fəaliyyətini və yaradıcılıq yolunu birləşdirən bir ümumi cəhət var ki, bu da onun türkçülüyüdür, vətənçiliyidir. Belə demək mümkünsə, Ziya Göyalpdan və Turan Yazqandan sonra son illərdə türkçülüklə intensiv şəkildə məşğul olan və onu yaradıcılığının ana xəttinə çevirən Muhsin Kadıoğlu olmuşdur.

Muhsin Kadıoğlu yazdığı əsərlərdə türklərin görünən və görünməyən izlərini axtarır və tapır. Bu izləri tapmaq üçün təkcə gerçək türkçü olmaq kifayət etmir, həm də gərək böyük sevgi və elmi erudisiya ilə bu işi görəsən. "Polşada türk izləri" kitabında Polşada türk izlərini axtaran yazar haralarda olmur? Muzeylərdə, sənət əsərlərində, bədii düşüncədə, elmi araşdırmalarda, izləri silinməkdə olan keçmişdə, nəhayət, türklərin xeyirxah münasibətlərində. Müəllif türklərlə polyakların tarixən davam edən dostluq münasibətlərini və polyakların ən çətin zamanlarında belə türklərin xeyirxahlığı ilə qarşılaşdıqlarını faktlarla, mənbələrlə təqdim edir. M.Kadıoğlunun araşdırmalarında türklər mərddir, xeyirxahdır, hər za-man Polşanın (Lehistan) müstəqilliyinin tərəfində durur. Türklərlə polyaklar arasındakı mədəni əlaqə və bağlılıq bir səyyahın eşitdikləri deyil, tarixi faktlarla, elmi mənbələrlə bəlirlənir. Polşa türklərinin (Avropa hunları, avarlar, kuman-qıpçaklar, tatarlar və b.) qədimdən bəri bu ölkənin varlığını qoruyub-saxlamaqda vətənpərvər duyğularla yaşadıqlarını göstərir. Tatar türklərinin Polşa tarixində, onun quruculuğunda, mədəni, iqtisadi inkişafında rolu aydınlaşdırılır.

M.Kadıoğlu hər bir əsərinə türklüyün keçmişini, bugünü və gələcəyini əks etdirən problem tapır və onu bütün tərəfləri ilə təsvir edir. Bu cəhətdən "Nar Ülkesi. Endülüs'ün Son Yılları" - "Nar ölkəsi. Əndəlüsün son illəri" tarixi romanı olduqca maraqlıdır. Roman türklərlə bağlı tarixi hadisələrin bədii düşüncədə indiyədək öz əksini tapmayan hadisələrini işıqlandırır. Bu, olduqca əhəmiyyətlidir, çünki hər keçən gün biz həmin tarixdən uzaqlaşır, uzaqlaşdıqca yadlaşırıq. Müəllif məhz bizə məlum olmayan hadisələrin üzərində dayanaraq onu tarixləşdirir, necə deyərlər, türklərin yaşamış və yaşatmış olduqları tarixə yenidən vətəndaşlıq hüququ qazandırır. Romanda 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin və müsəlmanların Osmanlı tərəfindən öz ölkəsinə qəbul edilməsi prosesləri təsvir edilir. Romanda Avropanın yəhudi və müsəlmanların başına müsibətlər gətirməsi və onların bu yoldakı cəsarət və qəhrəmanlıqları bəlgələr və bədii təxəyyül kontekstində aydın olur. Romanın struktur zənginliyi, müxtəlif bölümlərə ayrılması hadisələrin bütün detalları ilə göstərilməsinə imkan verir. Romanın ana xətti yəhudilərin İspaniyadan qovulması olsa da, ondan əvvəl və sonra Avropada baş verən tarixi hadisələrə də geniş yer verilir. Türkçü dostumun bu romanı mənə elə dərindən təsir etdi ki, Azərbaycan oxucularını da əsərlə tanış etmək üçün "Türklüyün keçmişinə işıq tutan roman" ("525-ci qəzet", 2018, 2 yanvar) məqaləsi ilə çıxış etdim.

M.Kadıoğlunun qələmində tarixi roman janrı özünün sərhədlərini xeyli dərəcədə genişləndirir. Buna tarixi roman janrının inkişafında yeni mərhələ də demək olar. Bu romanlar struktur baxımından da janrın imkanlarını genişləndirir və zənginləşdirir. Bu əsərlər sanki dünya xalqlarının türklərə, türklərin isə onlara münasibətinin xəritəsidir; burada adi insani münasibətlərdən tutmuş, ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni ilişgilərə qədər reallıqla əks olunur.

Azərbaycan ədəbiyyatında zəif də olsa, yer alan Qızıl Alma idealı M.Kadıoğlunun "Türk-İslam Cihan Hakimiyəti Ülküsü Kızılelma" - "Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma" kitabını yazmasına nədən olmuşdur. Deyim ki, bu mövzu türk mifoloji və yazılı düşüncəsində olduqca geniş işlənsə də, çox az araşdırılmışdır. Yazar Qızıl Alma idealının türk düşüncəsində tarixən keçdiyi yolu fərqli mərhələlərdə və mədəniyyətlərdə izləyir və elmi qənaətlərə gəlir. Türklərin gələcək birliyində Qızıl Alma idealının mühüm rol oynayacağını nəzərə almış olsaq, ideyanın gerçəyə çevrilməsində bu cür əsərlərin rolu şübhəsizdir. Böyük türkçü Ziya Göyalp Qızıl Alma ideyasının gənc nəslin formalaşmasındakı rolunu xüsusi qeyd edirdi. M.Kadıoğlu Qızıl Almanı bir simvol olaraq müxtəlif mədəniyyətlərdə və hakimiyyətlərdə (Roma, yunan, macar, alman, polyak, Osmanlı), eləcə də ayrı-ayrı yazarların (Ziya Göyalp, Ömər Seyfəddin, Çingiz Aytmatov və b.) əsərlərində araşdırır. Hər zaman da Qızıl Almanın birləşdirici simvol olmasını önə çəkir.

Muhsin Kadıoğlu dünyanın bir çox ölkələrini dolaşıb türk tarixinin izlərini aşkara çıxarır. Lakin bunu heç zaman açıq tendensiya ilə etmir. Heç yerdə pafosla türkün keçdiyi yolu öymür, tərifləmir, sadəcə göstərir. Mənə elə gəlir ki, bütün əsərlərini əhatə edən bu keyfiyyət yazıçının üstün üslubuna çevrilir. O, yalançı pafosdan uzaqdır, hay-küyçü türkçülüklə barışmazdır. Onun əvəzində türkçülüyün yeni modelini təklif edir. Bu, intellektual türkçülükdür və fikrimcə, türk dünyasının gələcəyi onun çağdaşlığında və intellektuallığındadır. Və mən inanıram ki, türkçülüyün (və türk dünyasının!) gələcəyi bu istiqamətdədir.

B.Əzizəlinin bu kitabını oxuduqca gerçək bir türkçünün intellektuallığı ilə üz-üzə gəldim. O zaman aydın başa düşdüm ki, türklüyün, türkçülüyün və türk dünyasının gələcəyi ilə bağlı pessimizmə qapılmaq lazım deyil. Muhsin Kadıoğlunun əsərlərini oxuduqca, onun türkçü fəaliyyəti ilə tanış olduqca bu əminlik bir qədər də artır. O, türkçülüyün keçmişini və-təndən və onun hüdudlarından kənarda nəzəri cəhətdən öyrənməklə qalmır, həm də onun gələcəyini bəlirləyən praktik işlər görür. Muhsin Kadıoğlunun araşdırmalarında mən türk dünyasına baxış miqyasının genişliyini, dünyagörüşünün elmiliyini, məntiqi ardıcıllığını gördüm.

Türkiyədə və Azərbaycanda bu gün türk adından danışan, türkçülüyü hər zaman yeri gəldi-gəlmədi bayraq edən insanlar və cəmiyyətlər var. Lakin elə türkçülərimiz də var ki, onlar danışmaqdan çox iş görür... Muhsin Kadıoğlu belə intellektual və gerçək türkçülərdəndir!

 





17.02.2020    çap et  çap et