525.Az

"Şuşa mənim həsrətimdir" - Günay İmamverdiyeva ilə müsahibə


 

"Şuşa mənim həsrətimdir" - <b style="color:red">Günay İmamverdiyeva ilə müsahibə </b>

Müsahibimiz gənc xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Günay İmamverdiyevadır. Onunla muğamdan, müasir musiqidən, pedaqoji fəaliyyətindən və Şuşadan danışdıq. 

"Şuşada elə gözəl səslər eşitmişik ki..."

“Ta uşaqlığımdan bu sənətə həvəsim var idi. Kiçik yaşlarımda televizora baxanda görürdüm ki, Zeynəb xanım fərqli, gözəl paltarlarda ifa edir. Mən də çalışırdım ki, bəzənib ona oxşayım, darağı mikrofon kimi tutub oxuyurdum. O vaxt düşünmürdüm ki, tanınıb məşhur olaram. Amma evdən oxumağımı istəmirdilər. Biz qarabağlı olduğumuz üçün deyirdilər, Şuşada elə gözəl səslər eşitmişik ki, onların yanında sənin səsin yox kimidir.

Sonralar bu həvəsi və sevgini içimdə boğa bilmədim. Bunu görən bibim məni Aybəniz Haşımovanın "Bülbüllər" qrupuna apardı. 2-3 il orada təhsil aldım. Bildiyiniz kimi, Aybəniz xanım daha çox vokal, bəstəkar mahnılarıyla məşğul olur. Mənim həvəsim mahnıdan çox muğama idi. Ona görə evdən məsləhət bildilər ki, muğama yönəlməliyəm. 2005-ci ildə Xalq artisti Mənsum İbrahimovun yanına getdim. Mənsum müəllim Bakı Humanitar Kollecində (əvvəlki Bakı Mədəni Maarif Kolleci) çalışırdı. Mən də orda təhsil almağa başladım. Kollecdə oxuya-oxuya 2008-ci ildə eşitdim ki, "Xalq ulduzu" adlı yarışma var. Böyük həvəslə oraya getdim və seçildim. Beləcə professional səhnəyə ilk dəfə ATV kanalının həmin  müsabiqəsindən addım atdım. Orada üçüncü yerə çıxdım. Sonra başladım sənətimlə ardıcıl məşğul olmağa. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Burda da müəllimim Mənsum İbrahimov idi. Mən onun vasitəsilə muğamı və müəllimliyi sevmişəm. 2011-ci ildə Muğam Müsabiqəsində iştirak etdim. 2013-cü ildə Konservatoriyada magistraturaya qəbul oldum. Ondan sonra da elə gətirdi ki, kafedrada müşayiətçi-konsertmeystr müəllim olaraq qaldım. Müəllim kimi daha çox musiqi məktəbində şagirdlərlə işləyirəm. Mənsum müəllim həqiqətən də gözəl insandır və əsl ustaddır. İndinin özündə də səhnədə ifa edərkən o, tamaşaçı kimi zaldadırsa, üzünə baxıram, razı qalıb-qalmadığını üzündən oxumağa çalışıram. O da simasında göstərir bunu. Bunu da deyim ki, eyni zamanda Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıram.

Uşaqlıqdan bəri bir çox müsabiqələrdə iştirak etmişəm. Əsas olan dediyim ikisidir. Müsabiqələr bizim kimi gənclərin həyatında çox mühüm rola malikdir. Məncə, müsabiqələr olmasaydı indi biz sizinlə bu cür söhbət etməzdik (gülürük).

Muğam müsabiqəsi vaxtında Əlibaba müəllim, Ağaxan müəllim, Arif müəllim, Səkinə xanım var idi ki, bunların hər birini özümüzə ustad bilirdik. Mənsum müəllim həmişə deyir ki, professional xanəndə olmaq üçün tək bir insanla kifayətlənmək mümkün deyil, çoxlarını dinləməlisən. Hazırda özümə yaxın bildiyim, sevdiyim, dinlədiyim Xalq artisti Aygün Bayramovadır. Eləcə də Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Almaz Orucova və başqalarını dinləyib, bəhrələnirəm. Yaxşı xanəndə olmaq üçün çox yaxşı səs diapazonu, ürək və təhsil olmalıdır. Təhsil çox böyük önəm daşıyır. Hətta təhsilsiz olmaz. Çünki bu, elə bir sahədir ki, əsrlərdən bəri ustadlar tərəfindən belə gəlib. Və sən bilməlisən ki, nəylə başlayıb, nəylə bitirəcəksən. Bunu isə təhsilsiz bilmək olmaz.

"Musiqi mənimçün ruhumun təcəssümüdür"

Həm özümü sınamaq, həm də tələbata görə başqa janrlara da müraciət edirəm, bəstəkar mahnıları da ifa edirəm. Mahnı seçimində daha çox sevdiyim musiqiyə və səviyyəli sözlərə üstünlük verirəm. Həm də belə bir şey var ki, sevmədiyim mahnını ifa edə bilmirəm. Bəzən olur kiminsə yaradıcılıq gecəsində, ya da hansısa tədbirdə deyirlər filan mahnını oxumalısan, oxuyuram, amma görürəm ki, istədiyim kimi alınmır. Bir mahnını ifaçı sevmirsə, onu yaşaya bilmir.

Özümün bəstəkar mahnıları yazdırdığım olur, amma təəssüf ki, indi uğurlu mahnı görmürəm. Baxırsan ki, mahnının əvvəliylə sonu yoxdur. Deyirlər e, 2-3 notdan ibarət mahnı, onları bəlkə kimsə oxumağı bacarır, amma mən bacarmıram. İnsanlar da niyəsə məhz o cür mahnılara meyil edirlər. İstəmişəm ki, nəyinsə xatirinə mən də oxuyum, amma görmüşəm alınmır. Alınsaydı reklamım daha yaxşı olardı, daha çox tanınardım yəqin (gülür).

Sözə çox önəm verirəm. Söz məni tutdusa, ifa edirəm. Biz daha çox qəzəllərə müraciət edirik. Tələbə vaxtı Vahidin, Füzulinin, Seyid Əzmin qəzəllərinə müraciət edirdik. İndi isə çalışıram ki, daha çox şeirlərdən oxuyum. Çünki qəzəli hər kəs anlaya bilmir, şeir isə aydındır. Buna görə Nüsrət Kəsəmənlinin, Bəxtiyarın və başqalarının şeirlərinə müraciət edirəm.

Toylara, el şənliklərinə də müəyyən qisim var ki, onlar dəvət edirlər, iştirak edirəm. Çünki öz repertuarımdan kənara çıxmıram. Tələbat az olsa da var, qane edir.

Musiqi mənimçün ruhumun təcəssümüdür, ürəyimi açıb göstərməkdir, hisslərim, duyğularımdır. Ruhumun rahatlığı, dincliyim üçün daha çox fortepianoda olan musiqiləri, Şopenin, Motsartın, Vaqif Mustafazadənin bəstələrini dinləyirəm. Həyatımız musiqinin içərisində keçdiyindən beynimizin təzələnməyi üçün bu musiqilərə də ehtiyacımız olur.

"Şuşa haqqında danışanda həmişə kövrəlirəm"

Şuşalı olaraq mənə muğam daha doğma gəlir. Səsimin imkanları da məncə, muğama daha uyğundur.

Şuşadan bir yaşımda çıxmışam. Mənə elə gəlir ki, bu səsin, musiqi, xüsusən muğam sevgisinin elə birbaşa Şuşayla əlaqəsi var. Səs gendən, havadan, sudan gələn bir şeydir. Təəssüf ki, mən oraların havasını, suyunu çox görmədiyim, udmadığım üçün demək ki, bu, mənə gendən gəlib. Atamın, əmilərimin çox gözəl səsi var. Hətta vaxtilə Şuşadakı mədəniyyət evlərinə də gedib, öz üzərlərində çalışıblar. Amma o vaxtı indiki kimi dövlət qayğısı yox idi, şərait yaradılmamışdı. Ona görə də onlar qazanc əldə etmək üçün məcburən başqa sahəylə məşğul olmalı olublar. Səsləri isə həqiqətən çox gözəldir.

Şuşa haqqında danışanda həmişə kövrəlirəm. O, mənim həsrətimdir. Əlbəttə, oradan bir yaşımda çıxdığım üçün nə baş verdiyini dərk etmirdim. Ordakı evimizi xatırlamıram. İndi isə Şuşa mənim üçün atamın, anamın göz yaşlarıdır, həsrətində olduğu məkandır, qovuşmağı hər şeydən çox arzuladığım yerdir. Şuşanı görməsəm də o həsrət məni o qədər yandırır, o qədər incidir ki, tez-tez yuxularımda görürəm. İnsan da olmadığı, görmədiyi bir yeri yuxuda görərmi? Mən görürəm. Şuşa olduğunu isə atamın, anamın dediklərindən bilirəm. Görürəm deyirlər ki, biz Şuşadayıq, filan yerə gedirik və sair. Şuşa mənim üçün ən böyük arzudur (gözləri dolur).

Şuşayla bağlı dinlədiyim o qədər xatirələr var ki, özümü oralarda olmuş, orada yaşamış kimi hiss edirəm. Az müddət sonra Şuşanın işğalının 30 ili olacaq. Amma 30 ildir ki, ailəm, qohumlarım usanmadan, bezmədən Şuşadan danışırlar. 30 il öncə orada yaşadıqları həyatın hər gününü, hər dəqiqəsini xatırlayırlar. Hərdən özüm də təəccüb edirəm ki, axı, düz 30 ildir ki, siz oraya getmirsiz, oranı görmürsüz, necə bu qədər dəqiqliklə hər şeyi xatırlayırsız? Bizim evimizdə Şuşanın adının çəkilmədiyi, ordakı hansısa xatirənin danışılmadığı gün yoxdur.

Mənim üçün isə Şuşa və bu işğal daha acı bir olayla yaddaşıma həkk olub. Bilirik ki, uşaqlar dil açanda daha çox ana, ata deyir. Mən isə dil açanda ilk kəlməm "atdılar, düşdü" olub. O dövrdə vəziyyət o qədər pis idi ki, atışma, bomba səsləri insanların adi yaşantısına çevrilmişdi. Mənim də hələ körpə vaxtımda ən çox eşitdiyim sözlər bunlar olub: "atdılar, düşdü". Ona görə də dil açanda məhz bu sözləri demişəm. Bu faktın özü mənim üçün çox ağırdır.

Bilirsiniz ki, Şuşa musiqi məktəbi hər zaman öndə olub. Məncə, keçmiş sənətkarların əsas fərqi o idi ki, onların səsinin indi də bənzəri yoxdur. İfaçılar çox, xanəndələr də kifayət qədərdir. Amma Allahın onlara verdiyi səsdən indi yoxdur.

Çox zaman özüm haqqında eşidirəm ki, Şuşanın nəfəsini ifamda hiss etdirə bilirəm. Deyirlər ki, səsindəki yanğı Şuşadan, Şuşanın həsrətindən gəlir. Bu cür sözləri çox eşidirəm, nə qədər belədir, deyə bilmərəm. Amma əgər belədirsə, mən bununla fəxr edirəm. Çünki o həsrət, o nisgil o qədər çoxdur ki, onu ifamda hiss etdirməyim bir növ təsəllimdir. Deyə bilmərəm ki, yalnız vətənpərvərlik, Qarabağ barəsində mahnılarda bu hiss olunur. O, elə bir şeydir ki, hər mahnıda özünü göstərəcək. Amma əlbəttə, öz yaralı yerin haqqında ifa edirsənsə, mütləq ki, daha çox özünü büruzə verəcək.

Qarabağlılar daha çox "Segah"ı sevir və ifa edirlər. Mən də düşünürəm ki, ruhuma daha çox yaxın olan "Segah" və "Bayatı-Şiraz"dır. "Bayatı-Şiraz"da ürəyimdən gələn bütün xalları ifa edə bilirəm, bütün hisslərimi göstərirəm. "Bayatı-Şiraz"ı muğamlarımızın gəlini adlandırırlar. Çox zərifdir, incədir. Muğamda da belə bir xarakter var. "Çahargah" müharibə, döyüş hisslərini özündə əks etdirir. "Bayatı-Şiraz" isə insanın ən incə hisslərinə toxunur. Beləcə, qarabağlı, şuşalı olaraq "Segah"ı və "Bayatı-Şiraz"ı sevirəm.

Nə yazıq ki, insanlar indi bayağılığı daha xoş qarşılayırlar. Əvvəl yenə bayağı musiqini sevənlər gizlədərdi, dilə gətirməzdi, bundan utanardı. İndi isə sanki hamı bir-birinin bəhsinə bu musiqiləri təbliğ edir, sanki bunları dinləməkdən qürur duyurlar. Bunun da əsas səbəbini televiziyalarda görürəm. Cəmi 2-3 veriliş var ki, oraya sevinə-sevinə, qorxmadan gedirəm. Çünki bilirəm ki, bizdən sənət göstərmək istənir. Başqa verilişlərdə isə tərəddüd edirəm. Çünki orda məni nə gözlədiyini bilmirəm. Fikirləşirəm ki, bu illərdə zəhmətlə yığdığım az-çox hörmətim var, orda elə situasiyaya salarlar ki, bir anda onu da itirərəm.

"Dövlətimizi təmsil etmək qürurvericidir"

Muğam Müsabiqəsindən sonra Heydər Əliyev Fondunun, Dövlət Televiziyasının və Mədəniyyət Nazirliyinin bir çox layihələri olur ki, istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda xüsusən əlamətdar günlərdə dəvət olunur. Mən də bir çox ölkələrdə dövlətimizi təmsil etmişəm. Həm dünya azərbaycanlılarının, həm xarici ölkə vətəndaşlarının olduğu bir çox konsertlərdə çıxış etmişəm. Yaddaqalan səfərlərdən deyə bilərəm. 2015-ci ildə İtaliyanın Milan şəhərində Expo Center-in açılışında 60 ölkənin pavilyonu vardı. Eləcə də bizim ölkənin. Bir ay davam elədi. Dövlət başçısı və xanımı da gəlmişdi açılışa. O, çox maraqlı idi.

2013-cü ildə Fransada bir küçəyə Azərbaycan şəhərciyi adı verildi. Onda da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyimizin xətti ilə 10 gün orda iştirak elədik. Hər gün Azərbaycanın ən tanınmış xanəndələri, müğənniləri çıxış edirdi ki, belə bir tədbirdə yer almaq həqiqətən böyük şərəfdi.

Görürəm ki, xarici ölkələrdə muğamımız çox sevilir, böyük həvəslə dinlənilir. Hətta insanlar gözlərini yumub böyük zövqlə dinləyirlər. Bu, təkcə bizim işimiz deyil. Dövlət təbliğatı böyük rol oynayır. Dünyəvi musiqidir muğam. Ona görə də hər zaman seviləcək”.

Şahanə MÜŞFİQ

 





17.02.2020    çap et  çap et