525.Az

Lalə Əliyeva Humboldt Universitetində mühazirə oxuyub


 

Lalə Əliyeva Humboldt Universitetində mühazirə oxuyub<b style="color:red"></b>

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və doktorantları üçün iki həftə ərzində Azərbaycan tarixi üzrə mühazirələr oxuyub və seminarlar keçirib.

AZƏRTAC xəbər verir ki, mühazirə və seminarlar tariximizin müxtəlif dövrlərini və mövzularını əhatə edib. Bunların sırasında “Orta əsrlər dövründə Azərbaycanda islam dini, miqrasiya və etnik identifikasiyanın transferi”, “Müstəmləkə və müstəqillik dövrlərində Azərbaycanda din, təhsil və milli özünüdərk məsələləri. Azərbaycanda milli özünüdərkin formalaşması və inkişafının başlıca mərhələləri”, “Azərbaycanda qadın–kişi bərabərliyi, gender məsələsi və din: tarixi retrospektivlik və müasirlik”, “Milli özünüidentifikasiya - Azərbaycanlılar üçün ən vacib olan nədir: din, etnik mənsubiyyət, yoxsa yurda bağlılıq hissi?” mövzuları əsas yer tutub.

Diqqəti xüsusilə cəlb edən cəhət burası oldu ki, tədqiqatçı problemləri təqdim edərkən yalnız tarixi aspektə deyil, eyni zamanda, islamşünaslıq, sosial antropologiya, gender tədqiqatları və qlobal tədqiqatlar kimi sahələr də daxil olmaqla fənlərarası yanaşmaya əsaslanıb.

Azərbaycanlı alimin müasir dünya elmi nəzəriyyə və metodologiyalarına söykənən, mövzuları kompleks halda təqdim edən mühazirələri Humboldt Universitetinin auditoriyalarında böyük marağa səbəb olub. Universitetin dosenti Rasim Mirzəyev bu barədə fikrini AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib ki, Lalə Əliyevanın çıxışlarını Azərbaycan elminin son illərdə xaricdəki mühüm uğurlarından saymaq olar.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası tərəfindən Berlinə dəvət olunub.

 





17.02.2020    çap et  çap et