525.Az

Tokiodakı Yunus Əmrə Mərkəzindən Azərbaycanla bağlı layihələrə dəstək


 

Tokiodakı Yunus Əmrə Mərkəzindən Azərbaycanla bağlı layihələrə dəstək<b style="color:red"></b>

Tokioda fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə birlikdə bu ölkədə Azərbaycanla bağlı layihələri dəstəkləməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin Yaponiya paytaxtında yerləşən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin direktoru Hüseyn Tuna ilə görüşündə əldə edilib. Görüşdə qədim və zəngin ümumtürk mədəniyyətinin təbliği məqsədilə birgə fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi tərəfindən cari ildə bir sıra layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edən mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, Azərbaycan və Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətləri Yaponiyada yaşayan həmvətənlərimiz üçün də örnəkdir.

X.Kələntər qeyd edib ki, son illər türkdilli dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsi, doğma vətənlərindən kənarda yaşayan türk xalqları arasında da dostluq və əməkdaşlığın güclənməsi üçün əlverişli zəmin yaradır. Vahid dilə, mədəniyyətə malik olan türk xalqları bu tarixi məqamı layiqincə qiymətləndirməli, qarşılıqlı tərəfdaşlığı dərinləşdirməyə çalışmalıdırlar. Vurğulanıb ki, iki dost və qardaş dövlət barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin daha da genişləndirilməsi hər iki tərəf üçün müsbət nəticələr verə bilər.

 





15.02.2020    çap et  çap et