525.Az

Avropa Parlamenti nümayəndələri Qarabağ danışıqların barədə məlumatlandırılıb


 

Avropa Parlamenti nümayəndələri Qarabağ danışıqların barədə məlumatlandırılıb<b style="color:red"></b>

Fevralın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister və Azərbaycan üzrə daimi məruzəçi, Avropa Xalq Partiyasının Xorvatiyadan olan deputatı xanım Jelena Zovko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, o cümlədən ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edəcək yeni Saziş üzrə davam etdirilən danışıqlar barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunulub.
Azərbaycan ilə Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, habelə Cənub Qaz Dəhlizi layihəsi, onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri və enerji təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, o cümlədən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən açıq müzakirələr haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Parlamentinin müvafiq qətnamələrinin tələblərinə uyğun həllinin, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən danışıblar. Nazir bu seçkilərin ölkəmizdə aparılan siyasi və struktur islahatları kontekstində nəzərdən keçirilməli olduğunu bildirib, seçkilərin xalqın iradəsini ifadə etdidiyini vurğulayıb. Qarşı tərəfin diqqətinə çatdırılıb ki, seçkilərlə bağlı qeydə alınmış hər bir şikayət ciddi şəkildə araşdırılır və hazırda 4 seçki dairəsində nəticələr ləğv olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





18.02.2020    çap et  çap et