525.Az

ABŞ radiosunda Azərbaycandakı dinlərarası harmoniyadan danışılıb


 

ABŞ radiosunda Azərbaycandakı dinlərarası harmoniyadan danışılıb<b style="color:red"></b>

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan, Los-Ancelesdə fəaliyyət göstərən KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (Bir Dünya, Bir İcma) proqramının qonağı olub. Baş konsul müsahibəsində Azərbaycanla bağlı geniş məlumat verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.

AZƏRTAC Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadla xəbər verir ki, müsahibədə N.Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışıb, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul ölkəmizdə müsəlmanlar ilə yanaşı, xristian, yəhudi, bəhai və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycanda neft sənayesinin tarixi inkişafı haqda danışan baş konsul Azərbaycan neftinin faşist Almaniyası üzərində qələbənin əldə olunmasında oynadığı mühüm rolu qeyd edib. Eyni zamanda, N.Ağayev İkinci Dünya müharibəsində Holokostdan qaçan minlərlə yəhudiyə Azərbaycanda sığınacaq verildiyini vurğulayıb.

Baş konsul daha sonra Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, əsrarəngiz təbiəti, turizm imkanları, Bakı şəhərinin görməli yerləri, həmçinin Baş Konsulluğun Los Ancelesdə keçirdiyi tədbirlər və digər mövzular barədə tamaşaçıları məlumatlandırıb. Müsahibə zamanı “Arşın Mal Alan” operettasından hissələr, eləcə də Azərbaycanın turizm imkanlarına dair fars dilində hazırlanmış çarx səsləndirilib.

Qeyd edək ki, Los-Ancelesdə və ümumilikdə Kaliforniya ştatının cənubunda sayı 500 mini keçən İran icması mövcuddur ki, bu da ABŞ-da ən çox iranlının yaşadığı bölgə hesab olunur.

 





19.02.2020    çap et  çap et